Rusiya Qərbi Qarabağ münaqişəsindən uzaq tutmağa çalışır
Putinin bu siyasəti Qərbin Cənubi Qafqazdakı maraqlarının sıxışdırılmasına hesablanıb
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ilə Ermənsitanla Azərbaycan arasındakı müvəqqəti atəşkəs, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı son açıqlamaları, işğal altındakı 5 rayonumuzun qaytarılması və beynəlxalq təşkilatların münaqişəyə yanaşması məsələləri ətrafında müzakirələr apardıq. Ekspert "Şərq”ə bildirdi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəsin uzun müddət davam edəcəyini söyləmək çətindir.
Çünki Rusiya işğal faktına son qoymağa hazır deyil: "Azərbaycan və Ermənistan prezidentlərinin nə vaxt və hansı ölkənin vasitəçiliyi ilə görüşəcəyi məlum deyil. Böyük ehtimalla bu görüş yenə Rusiya ərazisində keçiriləcək. Ancaq Moskva hələ ki, gözləmə mövqeyindədir”.
V.Putinin "Rusiya vasitəçi olaraq Azərbaycanla Ermənistanı barışdırmağa yaxın idi. Ancaq alınmadı” iddiasına diqqət çəkən ekspert qeyd edib ki, böyük ehtimalla Putin 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən prezidentlərin görüşünü nəzərdə tutub: "Həmin görüşün yekunu olaraq "Kazan prinsipləri” hazırlandı. Bu prinsiplər "Madrid planı”na yaxın idi. Yəni ilkin mərhələdə işğal altındakı 5 rayon boşaldılmalı, bir neçə il sonra isə Kəlbəcər və Laçın rayonları azad olunmalı idi, qaçqınlar geri qaytarılmalı idi. Ancaq "Kazan prinsipləri”nin ən təhlükəli maddəsi Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı idi”.
Rusiya Prezidentinin "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün hər şey edəcək” fikrinə gəlincə, politoloq deyib ki, Putinin bu sözlərindən çıxan nəticə odur ki, Kreml münaqişənin həlli məqsədilə təkbaşına vasitəçiliyini davam etdirəcək: "Ancaq Moskvanın hələ konkret təklifləri yoxdur. Kreml üçün bu gün başlıca vəzifə müharibənin başlamasına imkan verməməkdir. Bütün hallarda Rusiya Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasında və müharibə yoluyla işğal altındakı torpaqları azad etməsində maraqlı deyil. Rəsmi Bakı isə Kremlin münaqişənin həlliylə bağlı təkliflərini yerinə yetirməyəcək. Kremlin iki təklifi var: Birinci təklif odur ki, 5 rayonun azad olunmasıyla paralel olaraq Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. İkinci təklif isə odur ki, Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirilməlidir. Yenə qeyd edirəm ki, Bakı bu təklifləri yerinə yetirməyəcək. Bu isə o deməkdir ki, bölgədə toqquşmalar yenə davam edəcək. Rusiya hərbi toqquşmaların qarşısını ala bilməyəcək. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin itkisini artırmağa çalışacaq. Rəsmi Bakı bu yolla Ermənistan hakimiyyətinə təzyiqi artırmağı planlaşdırır. Eyni zamanda Ermənistan hakimiyyəti Bakıda iyun ayında keçiriləcək "Formula-1” yarışları ərəfəsində cəbhə bölgəsində təxribat yaratmağa çalışa bilər. Yəni iyun ayında cəbhə bölgəsində atəşkəsin pozulması intensiv hal ala bilər”.
Ekspertin qənaətincə, rəsmi Bakı elə diplomatik addımlar atmalıdır ki, Rusiya təkbaşına vasitəçi olmasın. Ancaq bu təkcə rəsmi Bakının istəyindən asılı deyil. ATƏT-in Minsk Qrupunun digər iki həmsədri - Fransa və ABŞ-ın münaqişənin həlli prosesində - danışıqlarda fəallaşmalarına ehtiyac var. Fransa Prezidenti 2-6 aprel tarixlərində cəbhə bölgəsindəki vəziyyətlə bağlı açıqlama verdi. ABŞ Prezidenti Barak Obama isə heç bir reaksiya vermədi. Vaşinqtonun bu passivliyi Moskvanın maraqlarına cavab verir. Kreml Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllindəki passivliyindən istifadə edərək Azərbaycandakı mövqelərini gücləndirməyə çalışır. Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllini amerikalı və ya avropalı rəsmilərlə deyil, telefonla Qazaxıstan Prezidenti ilə müzakirə etdi. Bu o deməkdir ki, Putin Qarabağ mövzusunu qərbli rəsmilərlə müzakirə etməyə ehtiyac görmür. Putinin bu siyasəti Qərbin Cənubi Qafqazdakı maraqlarının sıxışdırılmasına hesablanıb. Rusiyalı rəsmilər deyirlər ki, müharibə problemi həll etməyəcək, danışıqları davam etdirmək lazımdır. Ancaq Azərbaycan 22 ildir danışıqlar aparır, nəticə isə yoxdur. Azərbaycanı sakitliyə çağıran Putin 1990-cı illərin sonunda ikinci çeçen müharibəsində ordusuna hücum əmri vermişdi. Çeçenistanda döyüşlər zamanı kəndlər, evlər dağıdıldı. Rusiya Çeçenistan üzərindəki nəzarəti bərpa etmək və ərazi bütövlüyünü təmin etmək məqsədilə aylarla müharibə apardı. Qərb Putinə deyirdi ki, müharibə problemi həll etməyəcək, çeçen separatçıları ilə danışıqları davam etdirmək lazımdır. Putinin buna reaksiyası sərt olur, cavabında deyirdi ki, Rusiyanın daxili işlərinə qarışmayın. Eyni ilə Rusiya kimi Azərbaycan öz daxili problemini həll etmək istəyir”.
E.Şahinoğlu bildirib ki, beynəlxalq aləm işğalçı ilə işğala məruz qalan dövlətlə bərabərlik işarəsi qoymaq siyasətini davam etdirdikcə, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməyəcək: "Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa məcbur etmək lazımdır. Bunun başqa alternativi yoxdur. Ermənistan hakimiyyəti bunu anlamayana qədər bölgədə hərbi toqquşmalar da davam edəcək, hər iki tərəfin itkiləri də artacaq. Azərbaycan mümkün itkilərə psixoloji baxımdan hazırdır, Ermənistanın isə yeni itkilərə hazır olduğunu vurğulamaq çətindir. Bunu Ermənistan Prezidenti Serj Sarkisyan da anlayır. Təsadüfi deyil ki, o, qəfildən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla görüşdü. Doğrudur, bu görüşün nəticəsi olaraq Levon Ter-Petrosyan cəmiyyəti birliyə çağırdı. Ancaq bir müddət keçdikdən sonra Ermənistan müxalifətinin və cəmiyyətin Sarkisyana qarşı təzyiqləri artacaq”.
Ayyət Əhməd