Ona görə Türkiyə Moskvadan silah-sursat almaqda maraqlıdır
Rusiya Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişləndirməklə, Türkiyədəki NATO bazasını zəiflətmək niyyətindədir
ABŞ Ankaranın Rusiyadan "S-400” zenit-raket kompleksləri almaq qərarından narazıdır. Pentaqonun rəsmi nümayəndəsi Conni Maykl bildirib ki, Vaşinqton məsələ ilə bağlı rəsmi Ankaraya narahatlığını ifadə edib:
"Məsələ ilə bağlı Türkiyə ilə açıq dialoq aparırıq. Hərbi texnikaların və silahların alınması zamanı NATO çərçivəsində operativ uyğunluğun saxlanılması vacibdir. Türkiyə NATO-nun əsas müttəfiqidir. Hərbi satınalmalar sahəsində ABŞ və Türkiyə arasında əməkdaşlıq yüksək səviyyədə qalmaqdadır. Türkiyə raketdən müdafiə sahəsindəki tələbatlarını ödəmək üçün ABŞ da daxil olmaqla, NATO üzrə müttəfiqlərinin istehsalı olan raket əleyhinə sistemlərə maraq göstərməkdə davam edir”.
Ağ Evin narahatlığını "Şərq”ə şərh edən siyasi ekspert Azər Rəşidoğlu deyib ki, Türkiyə Rusiyadan silah-sursat almaqla ABŞ-dan müdafiə sahəsindəki asılılığını azaltmaq niyyətindədir:
"Eyni zamanda, Türkiyə müdafiə sahəsində Amerika Birləşmiş Ştatları və Avropa ölkələrinin təsirinə düşmək və onların maraqlarına xidmət etmək istəmir. Vaşinqton Türkiyəyə silah satışı zamanı onun qarşısında müxtəlif şərtlər irəli sürür. Xüsusən də bu silahların Ermənistan və Yunanıstana qarşı istifadə olunmaması diqqətə çatdırılır. Rusiya isə raket komplekslərinin satılması məsələsində Türkiyənin qarşısında bu cür şərtlər qoymur”.
Politoloqun sözlərinə görə, Ankara Rusiyadan "S-400” raketlərini almaqla Qərbə təzyiqi artırmaq, Rusiya ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaq və regionda öz təsir gücünü genişləndirmək istəyir:
"Bu saziş Rusiya üçün də maraqlı hesab edilir. Çünki Rusiya Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişləndirməklə, Türkiyədəki NATO bazasını zəiflətmək niyyətindədir. Türkiyənin 2018-ci ildə Rusiyadan iki batareya "S-400” zenit-raket kompleksi əldə edəcəyi bildirilir. Daha sonra Türkiyədə əlavə iki batareyanın istehsalı nəzərdə tutulur.
Türkiyə bundan əvvəl bir neçə dəfə Rusiyadan zenit-raket komplekslərini əldə etməyə cəhd edib. Lakin NATO-nun mövqeyi bu planların reallaşdırılmasına mane olub. Türkiyə Vaşinqtonun təzyiqi səbəbindən Çindən də analoji sistemlərin tədarükündən imtina etməli olub. Lakin Ankaranın Rusiyadan silah alması Vaşinqtonu narahat edir və etirazların kökündə bu amil dayanır”.
İsmayıl