Rusiya-Türkiyə münasibətləri kritik fazaya keçdi

Fərhad Mehdiyev: “Hər tərəfdən iqtisadi və siyasi sanksiyalara məruz qalan Rusiya özünü daha çətin vəziyyətə salır”



Rusiyaya məxsus "Su-34” təyyarəsinin Türkiyənin hava sərhəddini pozması, Rusiya-Türkiyə münasibətlərini daha da kəskinləşdirib. Vəziyyətin gərginləşməsinin Rusiyanın Ankaradakı səfirinə çatdırılmasına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi guya hər hansı sərhəd pozuntusunun olmadığını sübut etməyə çalışır.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Mark Rayt da Rusiya təyyarəsinin Türkiyə sərhəddini pozmasını qınayıb və haqlı olaraq Rusiyanı bölgədəki sabitliyi pozmaqda günahlandırıb.

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, Rusiyaya məxsus "Su-34” təyyarəsinin Türkiyənin hava sərhəddini pozması, onsuz da gərgin olan Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirəcək: "İlk rus təyyarəsinin vurulması ilə əlaqədər başlanan ziddiyyət davam edir. Rusiyanın bu cür təxribatları nəticəsində isə hərəkətlilik daha da artır. Bu mənada vəziyyətin daha kritik fazaya keçməsi istisna deyil. Çünki ötən ilin noyabrında Türkiyə sərhəddini pozan Rusiya Silahlı Qüvvələrinə məxsus "Su-24” bombardmançı təyyarəsi Türkiyə qırıcıları tərəfindən vurulduqdan sonra düşünmək olardı ki, Rusiyanın siyasi-hərbi rəhbərliyi müəyyən nəticələr çıxaracaq. Lakin rəsmi Moskva vəziyyəti sakitləşdirmək əvəzinə, vəziyyəti bir az da gərginləşdirən addımlar atdılar.

Türkiyə hava məkanının yenidən Rusiyaya məxsus hərbi təyyarə tərəfindən pozulması o deməkdir ki, yaxın zamanlarda biz iki ölkə arasında daha gərgin bir mənzərənin şahidi ola biləcəyik. Bunun da səbəbkarı, məhz özündən razı və hikkəli Putin və ətrafı olacaq”.

Cerablusda Türkiyənin hərbi birləşmələr yerləşdirdiyini vurğulayan F.Mehdiyev deyib ki, Ankara bununla Rusiyanın Fərat çayının qərb sahilinə keçməsinin qarşısını almağa çalışır: "Rusiya isə öz qırıcılarını ora göndərməklə Türkiyə ilə balans yaratmağa çalışır. Tərəflərin bundan sonra atacağı addımlar isə zamandan və situasiyadan asılı olacaq”.

Baş verən gərginlik fonunda Rusiya ilə Türkiyə arasında müharibə ehtimalının yüksək olmadığını vurğulayan politoloq deyib ki, iki böyük dövlətin müharibəyə başlaması, artıq Dünya müharibəsinin başlanması deməkdir: "Rusiyanın öz iqtisadiyyatını nəzərə alaraq müharibədən yan keçəcəyini zənn edirəm. Təbii ki, gələcəkdə nə olacağını deyə bilmərik. Amma indiki

situasiyada hərbi əməliyyatlar aktual deyil. Çünki müharibə kifayət qədər bahalı və problemli bir proses olduğu üçün gözüyumulu şəkildə bu addımı atmaq real deyil”.

Politoloqun qəanətincə, Rusiyanın Türkiyə ilə münasibətləri məqsədli şəkildə gərginləşdirməsi, hər şeydən öncə Rusiyanın özünə yaxşı heç nə vəd etmir. "Mənə elə gəlir ki, çoxlu problem və qayğıları olan, hər tərəfdən iqtisadi və siyasi sanksiyalara məruz qalan Rusiya tərəfi belə addımları ilə özünü daha çətin vəziyyətə salır. Rusiya imperal dövlətdir. Bu cür dövlətlərin isə yeritdiyi siyasət özünü doğrultmayanda geriləməyə məruz qalırlar. Rusiya da bütün bunları bilir və bilərəkdən də Türkiyə ilə münasibətləri gərginləşdirir. Eyni şeyi Rusiyanın Krıma münasibətinə də aid etmək olar.

Hətta Rusiyanın indiki halda Suriyada hərbi aktivliyini artırması da eyni prosesin davamıdır. Bu hikkə və təkəbbür Rusiya rəhbərliyinin sonunu məncə yaxınlaşdırır. Bütün dünya onların hegemonluq, mənəm-mənəmlik iddialarının çox uğursuz nəticələr verdiyinin şahididir. Heç kim rusların şıltaqlıq və nazı ilə oynamaq fikrində deyil. Təkcə Ukraynaya görə çox ciddi səhvlərinin bədəli tam ödənilməmiş, ardınca Suriyadakı özbaşınalıqlar, indi də NATO üzvü olan Türkiyəyə qarşı belə kobud, yolverilməz davranış düşünürəm ki, rəsmi Moskva üçün acı sonluqla bitə bilər. Hər halda Rusiyanın indiki iqtisadi gücü uzun müddət bu "eskalator”la getməyə imkan verməyəcək. Gec ya tez Rusiya bu təxribatlarının təsirini görəcək”.

Şəymən