Rusiya Türkiyəyə, Türkiyə Rusiyaya möhtacdır

“Münasibətlərin bərpası istiqamətində qarşılıqlı planlar var”




"Mən başa düşə bilmirəm ki, Rusiya bizdən hansı birinci addımı gözləyir. Biz münasibətlərin pozulmasında günahlandırılan tərəf deyilik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Rusiya ilə münasibətlərdən danışan Prezident uzun müddət Putinlə dost olduqlarını bildirib: "Putinlə münasibətlərimiz çox fərqli bir səviyyədə idi. İki yaxın dost münasibətlərinin mövcudluğu şəraitində bir pilotun səhvinə görə, Türkiyə kimi bir dostun fəda edilməsi çox düşündürücüdür. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar”.

"Rusiya rəsmi Ankaradan üzrxahlıq, izahat və kompensasiya gözləyir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Ərdoğanın "Rusiya ilə əlaqələri normallaşdırmaq istəyirik, lakin Moskvanın bizdən hansı addımlar gözlədiyini bilmirik” fikirlərinə münasibət bildirib. Peskov iki ölkə arasında barışığın əldə olunması üçün irəli sürülən şərtlərin ölkə Prezidenti Vladimir Putin səviyyəsində səsləndiyini deyib: "Rusiya rəsmi Ankaradan üzrxahlıq, izahat, vurulmuş təyyarəyə və onun pilotunun ölümünə görə kompensasiyanın ödənilməsini gözləyir. Mən başqa dövlətin Prezidentinə məsləhət verə bilmərəm, bu düzgün olmaz, lakin Rusiya Prezidentinin məsələ ilə bağlı dəfələrlə söylədiklərini xatırlatmaq istəyirəm. Lakin indiyə kimi Türkiyə tərəfi bu istiqamətdə heç bir addım atmayıb”.

"Geosiyasi proseslərə iki ölkənin münasibəti fərqlidir”

Xeyli müddətdir davam edən Rusiya-Türkiyə gərginliyi ilə bağlı fikirlər birmənalı deyil. Bir sıra ekspertlər münasibətlərin yumşalacağını iddia etsələr də, əksəriyyət bunun əksini düşünür. Məsələn, politoloq Fikrət Sadıqov hesab edir ki, yaxın zamanda Türkiyə-Rusiya münasibətlərinin bərpası inandırıcı görünmür: "Münasibətlərin qısa zamanda normal hala düşəcəyinə inanmıram. Ortada ciddi məsələlər var. Tərəflər ilk növbədə Suriya məsələsində razılığa gəlməlidirlər. Bundan əlavə bir sıra geosiyasi proseslərə iki ölkənin münasibəti müxtəlifdir. Paradoksal olsa da, bu ölkələri birləşdirən yeganə məqam Avropa İttifaqına qarşı mənfi münasibətdir. Həm Ərdoğan, həm də Putin tərəfindən Aİ-yə qarşı çox sərt ifadələr işlədilir. Bu mövqe onları hansısa məqamda birləşdirə bilər. Fikrimcə, yeni Baş nazir Binəli Yıldırımın dönəmində əvvəlki münasibətlərə qayıdış baş verə bilər”.

"Münasibətlərin bərpası istiqamətində qarşılıqlı planlar var”

Slavyan-Türk Birliyi hərəkatının rəhbəri, politoloq Adıgözəl Məmmədov isə bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması istiqamətində psixoloji addımlar gözlənilir: "Rusiya və Türkiyə Yaxın Şərqin, Orta Asiyanın geopolitik gücə malik olan dövlətləridir. Türkiyə başa düşür ki, Rusiyasız Orta Asiyada, Cənubi Qafqazda, ümumiyyətlə, Avrasiya regionunda heç bir addım atmaq mümkün deyil. Çünki Avrasiya coğrafiyasında söz sahibi Rusiyadır. Yaxın Şərqdə isə söz sahibi Türkiyədir. Bildiyimə görə, Rusiya ilə Türkiyə münasibətlərinin bərpası istiqamətində qarşılıqlı planlar var. Sadəcə olaraq Rusiya siyasi hakimiyyətində müəyyən qüvvələr münasibətlərin yaxınlaşmasını istəmirlər. Onlar əlaqələrin kəskinləşməsini arzulayırlar. Həmin adamlar kürdlərə yardım edərək Türkiyəni parçalamağa çalışırlar. Əsas məqsəd isə Türkiyənin regional gücə çevrilməsinə qarşı çıxmaqdır”.

"Rusiyanın tərəfdaşı olacaq yeganə dövlət Türkiyədir”

Politoloqun sözlərinə görə, Çinin gözü Uzaq Şərqdə və Sibirdədir: "Çin məqam gözləyir ki, Sibiri ələ keçirsin. Bunu Rusiya çox gözəl bilir. Şərqi Avropa dövlətləri isə NATO-nun nəzarəti altındadır. Rusiyaya tərəfdaşlıq edə biləcək dövlət yoxdur. Yalnız slavyan və türkdilli xalqlar bu coğrafiyaya hakim ola bilərlər. Türkdilli xalqlara təsir etmək imkanları isə Türkiyənin əlindədir. Rusiya Türkiyədən nə qədər uzaqlaşacaqsa, Türkiyə birbaşa ABŞ siyasətini regiona yeritməyə başlayacaq. Ona görə də Rusiya Türkiyəyə, Türkiyə Rusiyaya möhtacdır.

İsmayıl