"Rusiya Ukraynada yeni təxribatlar təşkil edir"- Politoloq




"Ukrayna separatçılarının əsas niyyəti nəzarətlərindəki ərazini daha da genişləndirməkdir”.

Bunu Sherg.az-a son günlər Ukraynanın Şərqində yaşanan gərginliyi şərh edərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, separatçılar bütöv Donbasa və daha çox əraziyə nəzarət etmək istəyir:

"Həmin ərazilərdə tez-tez oluram. Ukraynanın Mariupul kimi strateji, birbaşa dənizə çıxışı olan şəhəri var. Fəaliyyətə başlayandan bəri separatçıların ilk məqsədləri Marriupulu ələ keçirmək olub. Oradakı insanları da bu təxribata hazırlayırdılar. Lakin Ukrayna bunu əngəllədi. Luqansk və Donetskdə isə separatçıların qarşısını ala bilmədi. Halbuki həmin vaxt o ərazilərdə olanda da mən Ukraynanın səhvlərini gördüm ki, əslində bu təxribatın qarşısını almaq olardı. Heç olmasa separatçıların sonrakı əməllərinin yayılmasını önləmək mümkün olacaqdı. 

Separatçıların Rusiyadan canlı qüvvə və hərbi texnika almaqda məqsədi ərazilərini genişləndirib, irəliləməkdir. Ukrayna ordusunun da bu proseslərdə öz məqsədləri var. Üç il öncə ordu Rusiya kəşfiyyatının zərbələri nəticəsində dağılmışdı.öyüşəcək bir batalyon belə yox idi. Bu müddət ərzində Ukraynada ordu yenidən yaradıldı, indi isə peşəkarlaşıb, müasir silahlar da əldə ediblər. Buna görə istər-istəməz separatçılara təzyiq artırılıb. İndi tərəflərin atəşkəsə razılaşdırıldığı deyilsə də, bunun uzun çəkəcəyini düşünmürəm. 

Əksinə, Rusiya yeni təxribatlar təşkil edir. Ötən gün Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Donbas separatçılarının vətəndaşlara verdiyi pasportları tanınıb. Bu o deməkdir ki, artıq onlar rahat şəkildə Rusiyaya daxil olub, çıxacaqlar. Separatçılar hətta ölkədə iş yeri açıb, ev ala bilərlər. Son təxribatdan sonra növbəti addım Donbasın müstəqilliyinin rəsmən tanınmasıdır. Beləliklə, Rusiya orada qoşunlarını yerləşdirə bilər. Bütün bunları nəzərə aldıqda vəziyyətin daha da gərginləşəcəyini planlaşdıra bilərik”.

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Ukrayna Müdafiə Nazirliyinin hərbi əməliyyatlar üzrə nümayəndəsi Aleksandr Motuzyaik ötən sutka ərzində döyüşlərdə 9 hərbçinin yaralandığını bildirib.

Bundan əlavə Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar.

Aysel Aslan