Rusiya və Türkiyə anlaşdı

Ərdoğan: “Münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək”
Putin: “Rusiya və Türkiyə qaz qiymətlərinə endirim barədə razılığa gəliblər”


İstanbulda Rusiya ilə Türkiyə arasında "Türk axını” üzrə saziş imzalanıb. Sənədi iki ölkənin Energetika nazirləri imzalayıb. İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.

"Türkiyə Moskva və Ankara arasında münasibətlərin normallaşması prosesinin tam sürətlə davam edəcəyinə əmindir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Türkiyə-Rusiya münasibətləri baxımından bu gün biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq. Əminəm ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək”, deyə Ərdoğan bildirib.

"Rusiya və Türkiyə "Türk axını” layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəliblər”. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu da Rusiya prezidenti Vladimir Putin bəyan edib. "Türk axını” layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik”, deyə Putin bildirib.

Türkiyə üçün qaz endirimi ilə bağlı dövlət başçısı tərəfindən "Qazprom” şirkətinə müvafiq tapşırıqlar verilib. Iqtisadi məsələlər ilə yanaşı, Ərdoğan və Putin Suriyadakı vəziyyəti də müzakirə ediblər.