Mahmud Hacıyev: "Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəlikləri vətəndaşlarımıza lazımi səviyyədə qayğı göstərə bilmir "
"Son illərdə xarici ölkələrdə, xüsusilə Rusiya və Ukraynada tez-tez azərbaycanlılar qətlə yetirilir”.
Bunu "Sherg.a”a Rusiyada azərbaycanlı iş adamının öz dükanında yandırılaraq qətlə yetirilməsinin pərdəarxası məqamlarını şərh edərkən keçmiş polis rəisi Mahmud Hacıyev deyib.
O bildirib ki, bu cür qətllər vaxtı Azərbaycanın Rusiyadakı səfirliyi, böyük şəhərlərdəki konsulluqları işə qarışmalı, güclü nəzarət etməlidir:
"Belə hallarda hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq lazımdır. Xaricdə yaşayan həmvətənlilərə ilk qayğını o ölkədə olan səfirlik və konsulluqlar göstərir. Vətəndaş hiss etməlidir ki, onun qayğısını çəkir, təhlükəsizliyinin keşiyində dururlar.
Açıq deməliyik, başqa ölkələrdən fərqli olaraq Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəlikləri vətəndaşlarımıza lazımi səviyyədə qayğı göstərə bilmir. Rusiyada azərbaycanlılara qarşı törədilən cinayət işlərinin açılmasına hüquq-mühafizə orqanları maraqlı olmur. Müəyyən əməliyyat-istintaq axtarışı edirlər, amma sonradan işi buraxırlar. Son 20 ildə Rusiyada qətlə yetirilən Azərbaycan vətəndaşlarının bağlı qalmış cinayət işlərinə baxsaq, hamısı arxivlərdə, "ölü vəziyyətində” qalan işlərdir”.
M.Hacıyevin sözlərinə görə, Rusiyada qətlə yetirilən azərbaycanlıların yaxınları varsa, maraqlanır, işin üzərinə gedirlər. Amma qətlə yetirilən şəxsin yaxınları Azərbaycandadırsa, heç bir təsir edə bilmirlər:
"Bu zaman yük səfirliklərin, konsulluqların üzərinə düşür. Onlar isə bu məsələləri yaxşı koordinasiya edə bilmir.
Azərbaycanda hər hansı türk və ya digər ölkələrin vətəndaşlarına qarşı cinayət əməli törədildikdə səfirliklər o dəqiqə aləmi bir-birinə qatır. Məsələn, son hadisələrdə, Türkiyənin iki vətəndaşı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi avtomobil qəza törətdiyinə görə, bədən xəsarəti aldı. Türkiyə səfirliyi bu məsələyə görə, ciddi tədbirlər gördü, tələblərini irəli sürdü. Bu hadisədən də aydın oldu ki, vətəndaşlar səfirliyin qayğısını hiss etməlidir.
Rusiyadakı azərbaycanlılar Azərbaycan səfirliyinin, digər səlahiyyətli nümayəndəliklərin qayğısını hiss etmir. Rusiya hüquq-mühafizə orqanları səfirlik tələb etmədiyinə görə qətllərlə bağlı maraqlı olmur və cinayətlərin çoxu aydınlanmamış qalır”.
Qeyd edək ki, qətlə yetirilmiş azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlu Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində yaşayıb. İki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanan həmyerlimiz öz dükanında vəhşicəsinə yandırılıb. Qətlin səbəbləri isə hələlik məlum deyil.
Aysel Aslan