Rusiyada sosial partlayışlar gözlənilir

“Rus mujiki” oyansa, onu sakitləşdirmək mümkün olmayacaq"
"Cəmiyyətin varlı təbəqəsi və azğınlaşmış məmurlar başdan-başa korrupsiyaya qurşanıb"

Rusiyada Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının təşkilatçılığı ilə korrupsiya əleyhinə mitinqlər başlayıb. Aksiyalar bir neçə şəhəri əhatə edib. Xüsusilə Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada aktivlik hiss edilib. Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb. 

Mitinq iştirakçılarını dağıtmaq üçün şəhərlərə xüsusi təyinatlılar yeridilib. Aksiyaya qatılan aktivistlər kazaklar tərəfindən vəhşicəsinə döyülüb, yüzlərlə adam həbs olunub. Saxlanılanlar arasında müxalifətçi A.Navalnı və deputat Maksim Reznik də var. Navalnı hakimiyyətin təklif etdiyi yerdə mitinq keçirməkdən imtina etdiyi üçün evinin blokunda həbs edilib. 

Ona 30 sutka həbs cəzası verilib. Şimal qonşumuzda yaşanan gərginliklə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiyada inqilabi proseslər start götürüb. Onun sözlərinə görə, etirazların əsas səbəbi maddi güzəranın həddindən artıq pisləşməsi və cəmiyyətdə ürək bulandıran atmosferin formalaşmasıdır: 

"Bu ilin payız ayları Rusiya üçün çox çətin keçəcək. Rus cəmiyyətində qütbləşmə çox dərindir. Bir qütbdə iri maliyyə qruplaşmaları, oliqarxlar və onların milyardlarla sərvəti dayanırsa, digər qütbdə çörək almağa pulu olmayan kasıblar yer alır. Toplum parçalanıb, antoqonist xarakterli siniflər formalaşıb. Rusiya hakimiyyət orqanları mövcud problemlərin aradan qaldırılması istiqamətində təsirli tədbirlər görə bilmirlər. Rusiyada hələ çarizm dövründən icma ənənələri, yəni var-dövlətin insanlar arasında bərabər paylanması prinsipi hökmranlıq edir. Ölkədə tarix boyu insanların ən yoxsul təbəqələri belə ac-susuz qalmayıblar. Lakin indi durum çox fərqlidir. Həddindən artıq kasıbçılıq içində olanların sayı 40 faizi ötüb. Belə şəraitdə iki sinfin toqquşacağı, etirazların baş qaldıracağı gözlənilən idi”.

Ekspert bildirib ki, narazıların əsas tələbi cəmiyyətdə sosial ədalətin bərpa edilməsidir: 

"Cəmiyyətin varlı təbəqəsi və azğınlaşmış məmurlar başdan-başa korrupsiyaya qurşanıb. Siyasi elita xalqın rifahını yox, şəxsi mənafeyini düşünür.
Rusiyada etirazçı kütlənin formalaşdığını demək mümkündür. Sadəcə olaraq həmin kütləyə yön verə biləcək siyasi avanqardın lazımi səviyyədə olduğunu söyləmək çətindir. Navalnı və ona bənzər bir neçə siyasətçi ilə Rusiya kimi nəhəng bir ölkədə inqilabi çıxışları fasiləsiz etmək asan deyil. Hakimiyyətdə olan adamlar idarəetmə metodlarını dəyişdirib, ictimaiyyəti sosial və ədalətli cəmiyyətə çevirmək üçün səy göstərilməlidir. Sözün açığı, bunu mümkünsüz hesab edirəm. Gedişat yaxşı deyil, sosial partlayışın olacağı şübhəsizdir. "Rus mujiki” oyansa, onu sakitləşdirmək mümkün olmayacaq”.

İsmayıl