Rusiyadan mədət ummaq yersizdir

Zərdüşt Əlizadə: "Moskva münaqişəyə dair mövcud vəziyyətin saxlanmasına çalışır"



Azərbaycanın müdafiə naziri Zakir Həsənovla  rusiyalı həmkarı Sergey Şoyqu arasında baş tutan görüşdə  Qarabağ məsələsi müzakirə olunmayacaq.

Bunu Sherg.az-a Rusiya və Azərbaycan müdafiə nazirlərinin görüşünün nəticələrin şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. 

Ekspertin fikrincə,  görüşdə iki ölkənin əməkdaşlığı ətrafında müzakirə aparılacaq  məsələlər çoxdur:

"Azərbaycan Rusiyadan silah alması kimi məsələlərin müzakirəsi daha ön planda göstərilir. Rusiya Azərbaycanın aldığı silahların ehtiyat hissələrində, texniki xidmətin təmin olunmasında, hərbçilərə istifadə qaydalarının öyrədilməsi təlimlərində köməklik göstərir. Hazırki iqtisadi çətinlikdə silah satışını artırmaq Rusiyanın mənafeyinə xidmət edir”.

S.Şoyqunun "Azərbaycan Xəzər regionunda təhlükəsizliyin forpostudur" fikrinə münasibət bildirən Z. Əlizadə buna ciddi yanaşmamaq lazım olduğunu vurğulayıb: 

"Çünki Xəzərdə böyük olan yeganə donanma Rusiyanın özünün donanmasıdır. Bu, Azərbaycanın Xəzərdəki donanmasından qat-qat çoxdur. Ona görə də,  Moskvanın Azərbaycanın hərbi dəniz qüvvəsinə ehtiyacı yoxdur".

Ekspert onu da əlavə edib ki, müdafiə nazirləri arasındakı danışıqlar Qarabağ məsələsinin müzakirəsinə istiqamətlənməyəcək:

 "Rusiya problemin həllinin dayandırılmasına, mövcud vəziyyətin saxlanmasına çalışır. Rusiyanın "yola vermə” siyasəti Azərbaycan üçün dözülməz olsa da, münasibətləri saxlamalıyıq.  Bu görüşdə əsas məqsəd Bakı vəMoskva arasındakı əməkdaşlığı gücləndirməkdir. Dağlıq Qarabağ məsələsinin həllinin müzakirə edilməsi gözlənilmir”.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

Ayyət Əhməd