Rusiyalı iş adamı Qarabağda ekokənd tikmək istəyir

“Burada ancaq siyasi maraqlar var. Çox provakasion layihədir”
Rusiyalı biznesmen Sterliqovun Qarabağ sərgüzəştlərindən sonra daha bir erməni təxribatına imza atılıb. Belə ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokəndin salınacağı planlaşdırılır. Oktyabrın 11-də Xankəndində təqdimatı keçirilən layihəni Rusiyada yaşayan erməni biznesmeni Ruben Vardanyanın təsisçisi olduğu "İDEA” təşkilatı maliyyələşdirəcək. Bunun üçün biznesmen 20 milyon dollar vəsait də ayırıb.
Ekokəndin yaradılmasında İsveçrənin "Gutundgu” şirkəti əməkdaşları Kristian Müller və Rafael Enzler konsultant rolunda çıxış edəcəklər. İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın "Tim Flynn Architecs” memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək. Xatırladaq ki, ekokənd bir qrup insan üçün ekoloji baxımdan təmiz ərazidə yaşamaq imkanı verən yaşayış tipinə deyilir. Belə kəndlərdə müalicəvi-istirahət mərkəzləri, ekoloji təmiz məhsulların istehsalı üçün aqrar müəssisələr və s. olur.
Məsələni şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Qarabağda ekokənd tikmək istəyi siyasi məqsədlərə xidmət edir: "Ruslar ekokənd tikmək istəyirsə, getsinlər İvanovda tiksinlər. Ekokənd tikmək üçün Rusiyada o qədər sənayeləşmiş şəhərlər var ki. Dağlıq Qarabağda sənaye və işlək müəssisə yoxdur. Lazım olarsa, biz öz torpağımızda ekokənd salarıq. Burada ancaq siyasi maraqlar var. Çox provakasion layihədir. Qarabağ ruslar üçün xristian zona hesab edilir. Moskva Dağlıq Qarabağın de-yure statusunu möhkəmləndirmək məqsədi ilə ekokənd planını ortaya atıb”. Politoloq bu layihənin iki-üç adamın ideyası olduğuna inanmır: "Bu ideya yuxarı səviyyələrdə işlənib hazırlanıb. Azərbaycan buna çox sərt formada reaksiya verməli və məsələni BMT səviyyəsinə qaldırmalıdır. Çünki belə problemlərdə beynəlxalq rəyin əldə olunması çox müsbət rol oynayır”.
İsmayıl