Rusiyalı jurnalist Nalbandyanı çıxılmaz vəziyyətə saldı

Natiq Miri: “Nalbandyan kimilər hər zaman aciz durumda qalacaqlar”



Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İtaliyada mətbuat konfransında çıxılmaz vəziyyətə düşüb. Onu bu hala salan isə rusiyalı jurnalist olub. Jurnalistin "İşğal etdiyiniz Qarabağ torpaqlarından nə vaxt çıxacaqsınız” sualı onu əməlli-başlı özündən çıxarıb. Rus jurnalist Nalbandyanı pərt edib.

Gözlənilməz sual qarşısında hiddətlənən Nalbandyan, ona Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib. Rus jurnalistin sözlərindən sonra üz ifadəsi dəyişən erməni nazir deyib: "Sualı yazan şəxs üçün çox təəssüflənirəm. Yəqin bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”. Nalbandyan münaqişənin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun mövcud olduğunu deyərək, Azərbaycanın Minsk Qrupunun tələbləri ilə razılaşmaması kimi cəfəng fikirlərlə vəziyyətdən çıxmağa çalışıb. Erməni nazirin reallıq qarşısında həyasızlaşmasına münasibət bildirən politoloq Natiq Miri "Şərq”ə deyib ki, Nalbandyan çıxış yolu olmadığı üçün jurnalisti ittiham etməyə başlayıb: "Erməni nazir rus jurnalistin sualına obyektiv cavab verə bilməzdi. Çünki müxbirin sualı mütləq idi. Yəni cavabı özündə olan sual idi. Jurnalist "işğal olunmuş ərazidən nə vaxt çıxırsız” deyəndə avtomatik olaraq işğal faktını ortaya qoymuş olur. Əgər işğal faktı varsa, deməli, bu təcavüzə son qoymaq məsələsi də var. Dağlıq Qarabağ müstəqil subyekt olaraq heç bir ölkə tərəfindən tanınmayıb. Əgər tanınmayıbsa, deməli, Ermənistan işğalçı dövlət kimi qəbul olunur. Rus jurnalistin verdiyi sualın cavabı işğalçı dövlətdə yoxdur. Nazir suala iki cür cavab verə bilərdi. Ya işğal faktını təsdiq etməliydi, ya da acizliyini göstərərək, müxtəlif bəhanələrlə qarşı tərəfi ittiham etməli idi. Təbii olaraq Nalbandyan ikinci yolu seçdi. Əslində bu cür cəsarətli jurnalistlər olduğu təqdirdə Nalbandyan kimilər hər zaman aciz durumda qalacaqlar”.
İsmayıl