Rusiyalı politoloqlar Putinə yarınır

Əsəbi tonda hədələr Kremlə baha başa gələ bilər



Kremlin danışan dili tanınmış sosioloq və politoloq Aleksandr Duqin Azərbaycanı və Türkiyəni hədələyib. Öncə Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən ekspert qeyd edib ki, Rusiyanın əsas vəzifəsi Qarabağda konfliktin qızışmasına imkan verməməkdir:

"Əks halda, bu, hamı üçün pis olacaq. Heç kim situasiyadan birtərəfli qaydada faydalanıb özünün regiondakı strateji mövqeyini yaxşılaşdıra bilməyəcək. Bu konflikt heç kimə lazım deyil, ona görə ki, ondan yararlanıb da müsbət nəticələr əldə etmək mümkünsüzdür. Mən vəziyyətin mürəkkəbliyini və münaqişə tərəflərinin narazılığını başa düşürəm, ancaq Qarabağda status-kvonu dəyişməyə edilən istənilən hərbi cəhd regionda vəziyyəti yalnız daha da ağırlaşdıracaq və yeni qanunlara gətirəcək, özü də heç bir yekun nəticə olmadan”. Bundan başqa, Ankara ilə Moskva arasındakı gərginliyə toxunan politoloq söyləyib ki, bütün rus-türk müharibələrinin nəticəsində Osmanlı İmperiyasının ərazisi kiçilib, Rusiya İmperiyası isə böyüyüb: "Biz müharibə istəmirik, ancaq əgər buna məcbur edilsək, o zaman istisna deyil ki, dünyanın ən böyük şəhərlərindən birinin adı (İstanbulu nəzərdə tutur - S.S.) təzədən dəyişməli olacaq. Və heç bir sanksiya bizi dayandıra bilməyəcək”.

Duqinin təhdidini şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, bunun mayasında Rusiyada baş qaldıran şovinizm və xəstə təfəkkürlü Putinin dünyanı təhlükə qarşısında qoyması dayanır: "Duqinin aqressiv bəyanatlarla çıxış etməsinin də səbəbləri budur. Moskvanın iqtisadi imkanları zəiflədikcə, sosial problemləri artdıqca, daha da qəzəblənir. Ənənəvi qaydada yenə də Rusiya anlaya bilmir ki, bütün dünyanı hədələməklə hansısa bir formada irəliləyişə nail olmaq mümkün deyil. Bu baxımdan Duqinin bəyanatlarını qabaqlayıcı xəbərdarlıq kimi dəyərləndirirəm. Bundan sonra da Rusiyanın ayrı-ayrı ekspertləri, media quruluşları Putinin aqressiv bəyanatlarına dəstək kimi çıxış edəcəklər. Bu bəyanatların hansısa bir formada perspektivinin olacağını və nəticə etibarilə həyata keçəcəyini düşünmürəm. Ona görə ki, atılacaq hansısa qəzəbli addım Kremlə həddən artıq baha başa gələ bilər”.

Ayyət Əhməd