Rusiyanın Azərbaycana TƏZYİQLƏRİ...

Asim Mollazadə: "Bu təxribat da Rusiyanın istəyini yerinə yetirən ermənilərin növbəti siyasi mahiyyətli təxribatdır"

"Ermənistan Rusiyanın tərkibindədir, onun vassalıdır”.

Bu sözləri Sherg.az-a Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanmasına münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib. 

O bildirib ki, erməni təşkilatları bilavasitə Rusiyanın nəzarətində olan və Rusiyanın istəklərinə uyğun istənilən addım və təxribatlar törədə bilərlər:

"Ermənistan Rusiya tərəfindən özəlləşdirilib. Zənnimcə, planlaşdırılan bu təxribat da Rusiyanın istəyini yerinə yetirən ermənilərin növbəti siyasi mahiyyətli təxribatdır. Bu, Rusiyanın Azərbaycana təzyiqlərini müəyyənləşdirmək məqsədi daşıyır”.

Qeyd edək ki, Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə "Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və "bayram konserti” planlaşdırıblar.

Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.
Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev isə bildirib ki, azərbaycanlı gənclər məsələdən xəbərdardırlar və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi, eləcə də digər qurumlara müraciət hazırlayaraq ciddi etirazlarını bildirəcəklər.

Ayyət Əhməd