"Rusiyanın SSRİ-ni bərpa edə biləcək iqtisadi gücü yoxdur"




"Rusiyanın SSRİ-ni yenidən bərpa etmək istəyi Qərbdə qorxu yaratmaq məqsədilə ortaya atılan informasiya müharibəsidir”.

Bunu Sherg.az-a Rusiya xarici işlər naziri Sergey Lavrovun SSRİ-nin bərpa edilməsi məsələsini yenidən gündəmə gətirməsinə münasibət bildirərkən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib. 

O bildirib ki, Rusiyanın SSRİ-ni bərpa edə biləcək iqtisadi gücü yoxdur:

"Digər tərəfdən Avropa və ABŞ NATO-nu genişləndirmək üçün bu qorxunu şişirdirlər. Avropada məlumdur ki, faşizmdən sonra Rusiyadan çəkinirlər, qorxurlar. Qərblilər Putin xofu yaradırlar ki, öz məqsədlərinə çatsınlar. Bir şeyi anlamırlar, bu xof bir mənada artıq gerçəkliyə çevrilir. SSRİ-nin bərpa olunmaq imkanı yoxdur. Amma Avropa xalqları, Avropada yaşayanlar artıq qorxmağa başlayıb. Rusiyanın gücünü süni şəkildə şişirtdikdə anlamırlar ki, sabah həmin vətəndaşlar öz rəhbərlərinə inanmayacaqlar. Rəsmi Moskva bəzən qəsdən həmin mövzunun yenidən gündəmə gəlməsi üçün çox ağıllı şəkildə informasiya müharibəsinə əl atır. İnformasiya müharibəsinin bir metodu da var ki, yalanı həqiqət şəklində təqdim etməkdir. 

Bunu artıq Rusiya bacarır və informasiya müharibəsində önə keçə bilib. Onlar həmin yalanları elə şəkildə təqdim edirlər ki, dünya da buna inanır. Həmişə zəif olanlar özünü güclü göstərməyə çalışır. Rusiya da hazırda həmin statusla çıxış edir. Onlara sadəcə lazımdır deyə bunu gündəmə gətirib, cəmiyyəti qorxudurlar. Rusiyanın gününə oturub, ağlayan lazımdır. Çünki həm iqtisadi, həm digər sahələrdə Rusiya pis günə düşüb”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın SSRİ-ni yenidən qurmaq planları və hər hansı imperiya ambisiyaları olmadığını söyləyib. Lavrovun qənaətinə görə, Rusiyanın imperiya ambisiyalarının olması və SSRİ-ni yenidən qurmaq planları barədə fikirlər fantastika janrına aiddir və ciddi qəbul edilməməlidir.

Ayyət Əhməd