Rusiyanın təzyiqləri artır, ölkə uçuruma yuvarlanır

Paşinyanın hakimiyyəti dövründə Ermənistan həm siyasi, həm də iqtisadi cəhətdən çox ağır dövrünü yaşayacaq


Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini artırması düşmən ölkədə "soyuq duş” effekti yaradıb. Erməni mətbuatı Moskva tərəfindən atılmış bu addımı onsuz da bərbad durumda olan ölkə üçün əsl faciə adlandırıblar. Bir sıra yerli ekspertlər isə indiki məqamda qazın qiymətinin artırılmasını baş nazir Nikol Paşinyanın yarıtmaz siyasəti ilə əlaqələndiriblər.

Onların fikrincə, Paşinyanın Rusiyanın xəbərdarlıq mesajlarını anlamaması ermənilərin sosial vəziyyətini daha da pisləşdirir. O baxımdan hesab edilir ki, Paşinyanın hakimiyyəti dövründə Ermənistan həm siyasi, həm də iqtisadi cəhətdən çox ağır dövrünü yaşayacaq. Düşmən ölkənin getdikcə uçuruma yuvarlanan iqtisadi durumunu şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Ermənistana iqtisadi təzyiqlər edərək, mövcud hakimiyyətə qarşı xalqın etirazını təşkil etməyə çalışır. Ekspertin fikrincə, "Qazprom”un Ermənistana ixrac etdiyi qazın qiymətini qaldırması baş nazir Nikol Paşinyana qarşı iqtisadi təzyiq rıçağıdır: 

"Paşinyanın davam edən qərbpərəst siyasətinə qarşı Kremlin iqtisadi-siyasi təzyiqləri artmaqdadır. Rusiya Ermənistanın iqtisadi-siyasi və hərbi sahəsində ciddi üstünlüklərə malikdir. Paşinyan hökumətinin Moskvaya qarşı demarşları fonunda müdafiə naziri Tonoyanın Rusiya sərhəd qoşunlarının Ermənistandan çıxarılması barədə bəyanatı və Gümrü bazasının hüquqi məsələsi barədə dəyişikliklərə eyham vurması birbaşa anti-Rusiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Kremldən bu bəyanatlar diqqətlə izlənilir. Putinin Paşinyanla telefon danışığı İrəvanın mərkəzdən qaçma siyasətinə son vermək məqsədi daşıyır. Rusiya çalışacaq ki, qazın qiymətini qaldırmaqla ölkədə sosial partlayış yaratsın və nəticədə əks-inqilab edərək Paşinyanı hakimiyyətdən devirsin. Əgər Ermənistan qiymət artımına etiraz olaraq, Rusiya qazından imtina edərsə, alternativ olaraq İran qazına yönələ bilər.

Lakin İrana qarşı ABŞ sanksiyaları İrəvanın İrandan qaz almasını da əngəlləyə bilər. Qərbpərəst Paşinyan Qərbin sanksiyalarına rəğmən İrandan qaz alarsa, ABŞ-ın təzyiqləri ilə üzləşər. Göründüyü kimi, Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. 

Avropa Birliyinin Ermənistana ayırdığı milyonlarla vəsait Rusiyadan alınan qaza sərf edilə bilər. Ancaq bu zaman Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliyi olmayacaq. Nəticədə xalq yenidən ağır sosial tələblərlə etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahat vədləri heç bir real əsaslara malik deyil”. 

Politoloq vurğulayıb ki, Ermənistandakı siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalacaq: 

"Bu ölkədə əsaslı islahatlar mümkün deyil. Düşmən ölkə işğalçı siyasətinə görə blokada vəziyyətindədir. Rusiyanın forpostu Ermənistanın inkişafı onun işğalçılıq siyasətindən əl çəkməsindədir”.

İsmayıl