Bütün hallarda ordu birləşməsi Azərbaycana qarşı yönəldilmişsiyasi-hərbi taktikadır
Ermənistanla Rusiya arasında vahid ordu yaradılması ilə bağlı məsələ Azərbaycanda ciddi
müzakirə mövzusudur. Söhbət ilk növbədə belə bir hərbi qruplaşmanın hansı zərurətdən
doğmasından, regiona və Dağlıq Qarabağ məsələsinə nə vəd eləməsindən gedir. Məsələ ilə bağlı
şərh və rəylər müxtəlifdir.
ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, sabiq səfir Metyu Brayza da bildirib ki, Rusiyanın
Ermənistanla birləşmiş ordu qruplaşması yaratması anlaşılan deyil: "Putin Dağlıq Qarabağ
münaqişəsinin həllində Rusiyanın əsas iştirakçı olduğunu sübut etmək istəyirsə, belə addımlar
atmamalıdır. Azərbaycan və Ermənistan danışıqlar masası arxasına qayıdıb, müzakirələr
aparmalıdır”. Ekspertlərə görə, Rusiya və Ermənistanın vahid ordu birləşməsi xeyli müddətdir
aparılan danışıqların nəticəsidir və Azərbaycan üçün ciddi təhdiddir.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, bütün hallarda ordu birləşməsi Azərbaycana qarşı yönəldilmiş siyasi-hərbi taktikadır:
"Vahid orduya rusların rəhbərlik edəcəyinin bizim üçün fərqi yoxdur. Hamı çox yaxşı bilir ki, torpaqlarımızı işğal edənlərin arasında ermənilərlə yanaşı ruslar da var. Düşmən tərəf rusların dəstəyi ilə ərazilərimizin 20 faizini zəbt edib. Buna hüquqi don geyindirmək vəziyyəti dəyişmir. İstənilən
halda zərbə Azərbaycana dəyir”.
Ekspertin fikrincə, Putinin sərəncamı Rusiyanın uzaq strateji planıdır:
"Hələlik müqavilənin şərtləri bizə məlum deyil. Lakin bütün hallarda ATƏT-in həmsədr dövləti, Azərbaycanla strateji əməkdaşlığı olan bir ölkənin ərazimizi işğal edən düşmənlə birgə ordu yaratması, Azərbaycan və Türkiyəyə qarşı tələdir. Burada əsas məqsəd ölkəmizi Avrasiya Birliyinə, Gömrük İttifaqına girməyə məcbur etməkdir. Bütün bunlar isə Azərbaycanın yenidən tam şəkildə Rusiyanın
nəzarətinə keçməsinə şərait yaradan amillərdir. Bunu görməmək mümkün deyil. Rusiya əvvəllər
Ermənistana adi silahlar gətirirdisə, artıq uzaq mənzilli raketləri də düşmən ölkənin ərazisinə
yerləşdirəcək. Moskva çox rahatlıqla, Xəzər dənizi vasitəsi ilə İran üzərindən Ermənistana silah
daşıya bilər. Ölkə mediası bu məsələni gündəmdə saxlayır. Hesab edirəm ki, Milli Məclis də
bunu gündəminə daşımalı, ciddi müzakirə etməlidir. Həmçinin, Xarici İşlər Nazirliyi Rusiyanın
Azərbaycandakı səfirliyinə nota verməlidir”.
İsmayıl