Zahid Məmmədov: “Türkiyəyə bələdəm, həm də Rusiyaya. Bələd olduğum üçün də deyə bilərəm ki, vəziyyət yaxın müddətdə diplomatik həllini tapacaq”
Rusların süfrəsi kasıb görünəcək
Türkiyədən gələn ucuz məhsulları Moskvanın qabağına heç bir dövlət gətirib qoymayacaq
Zahid Məmmədov: “Türkiyəyə bələdəm, həm də Rusiyaya. Bələd olduğum üçün də deyə bilərəm ki, vəziyyət yaxın müddətdə diplomatik həllini tapacaq”
Zahid Məmmədov: “Türkiyəyə bələdəm, həm də Rusiyaya. Bələd olduğum üçün də deyə bilərəm ki, vəziyyət yaxın müddətdə diplomatik həllini tapacaq”
Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalara başlayır. Baş nazir Dmitri Medvedev Türkiyə barəsində iqtisadi sanksiyaları təsdiqləyən qərar qəbul edib. "İnterfaks” Agentliyinin xəbərinə görə, sənədin mətni hökumətin saytında yerləşdirilib.
Qərarda 2016-cı il 1 yanvar tarixindən Türkiyədən idxalına qadağa qoyulan kənd təsərrüfatı məhsulları, xammal və ərzaqların siyahısı təsdiq edilib. Sanksiyalar altına düşən kənd təsərrüfatı məhsullarının siyahısı uzundur - soğan, pomidor, xiyar, rəngli kələm, brokoli, çiyələk...
Bundan başqa, Rusiya hökuməti Türkiyədən duz, balıq və toyuq məhsullarının idxalına da qadağa qoyur. Qətnamədə vurğulanır ki, məhdudiyyətlər aşağı həcmdə şəxsi istifadə üçün idxal edilən mallara aid edilmir.
Yuxarıda göstərilən məhdudiyyətlərdən başqa, yerli şirkətlər tərəfindən türklərin işə götürülməsinə icazə verilməyəcək, Rusiya ilə Türkiyə arasında çarter uçuşları qadağan olunacaq, Rusiyada Türkiyə avtomobil daşıyıcılarının fəaliyyəti üzərində nəzarət və liman nəzarəti gücləndiriləcək.
İqtisadçıların böyük əksəriyyəti isə bu fikirdədir ki, iqtisadi sanksiyalardan daha çox Rusiya zərər görəcək. Türkiyə isə sanksiyalardan daha az zərərlə çıxacaq.
Rusiyanın kilidləməyə başladığı qapılar müqabilində artıq Türkiyənin üzünə yeni qapı açanlar da var. Və burada ilk növbədə təbii ki, Azərbaycan dayanır. Məlumdur ki, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün nəticəsi olaraq Azərbaycan-Türkiyə maşın karvanının tranzit yolla - Xəzər dənizi üzərindən Orta Asiyaya daşınması qərara alındı. Türkiyə məhsullarını daşıyan TIR-lar artıq hərəkətə gəlib və təyinatı üzrə istiqamət alıb.
Azərbaycan gözlənildiyi kimi, qardaş Türkiyəyə hər cür dəstək verməyə hazır olduğunu bildirib və əməldə də bunu təsdiq edir.
Bununla belə türk iş adamlarının hər halda çətin vəziyyətlə üzləşə biləcəyi də istisna edilməməlidir. Rusiya ilə Türkiyə arasında geniş iqtisadi-ticari əlaqələr mövcud idi və hər iki ölkə bundan mənfəət əldə edirdi. Rusiya bazarlarında Türkiyə məhsullarının payı xüsusilə böyükdür. Türkiyə iqtisadiyyatının əhəmiyyətli hissəsini kənd təsərrüfatından əldə olunan gəlir təşkil edir. Dünyanın bir çox ölkəsi, o cümlədən Rusiya bazarları da türk pomidoru, xiyarı və Türkiyə istehsalı başqa qida, ərzaq məhsulları hesabına zənginləşir. Tətbiq ediləcək sanksiyalar isə rus bazarlarını da və müvafiq olaraq rus süfrəsini də bir xeyli kasadlaşdıracaq. Bütün hallarda sanksiyalardan Rusiyanın daha çox zərərli çıxacağı labüddür.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı-alim Zahid Məmmədov "Şərq”ə açıqlamasında mövcud vəziyyəti dəyərləndirdi:
- Mən həm Türkiyəyə bələdəm, həm də Rusiyaya. Bələd olduğum üçün də deyə bilərəm ki, vəziyyət yaxın müddətdə diplomatik həllini tapacaq. Ruslarla türklərin qurduğu müştərək ailələrin sayı 400 mindən artıqdır. Rusiya-Türkiyə ilişgiləri çox sıx və genişdir. Rusiya bazarlarında Türkiyə məhsullarının həcmi 60-70 faiz təşkil edir. Rusiya bunun yerini nəylə dolduracaq? Alternativ olaraq Krasnodarı nişan verirlər. Amma bilməliyik ki, Krasnodardakı parnikləri də türklər işlədir. Türk torpağı sevəndi və torpağı da becərir. Rusiya bazarlarına ucuz və keyfiyyətli məhsullar məhz Türkiyədən ixrac olunur. Azərbaycan məhsulları çox baha olduğundan Türkiyə məhsullarına alternativ ola bilməyəcək. Azərbaycanın almasını, pomidorunu, xiyarını sadə ruslar ala bilər?! Doğrudur, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınır, amma Türkiyənin tutduğu yeri tuta bilməz. Çünki bizim məhsulların qiyməti çox yüksəkdir. Hazırda dünyada iqtisadi sistem dəyişib. Ölkələr ucuz, amma keyfiyyətli məhsul tələb edir. Dünyada ərzaq məhsullarının qiyməti düşür. Rusiyanın özündə bu dəqiqə ucuzluqdur. Qərbin tətbiq etdiyi sanksiyalar əksinə, Rusiyanın xeyrinə işlədi. Rusiya sanksiyalar hesabına kef elədi. Daxili istehsal artdı, qiymətlər düşdü. Belə vəziyyətdə Rusiya Azərbaycandan məhsul idxalını artırmaz. Rusiya üçün alternativ idxalçı bir balaca İspaniya ola bilər, ya da Portuqaliya, Argentina. Amma qiymət baha olacaq. Yenə də Türkiyə öz məhsullarını dünya bazarına çıxara biləcək. Çünki hazırda dünya açıqdır, liberal iqtisadiyyatdır. Türkiyə şirkətləri gedib Avropada işini qurub, oradan Rusiyaya məhsul ixrac edə biləcək. Yaxud, heç Avropaya ehtiyac qalmaz, türk malı daxil olar Batuma, oradan Rusiyaya daşınar. Bu dəqiqə ticarət əlaqələrini istənilən ölkədə qurmaq asandır, təki məhsulun keyfiyyətli olsun və alınması da ucuz başa gəlsin. Türklər də bu işləri yaxşı bacarır. Ona görə də mən bu sıxıntıları müvəqqəti hesab edirəm və əminəm ki, məsələ yaxın zamanda həllini tapacaq.
Məlahət Rzayeva