Rüşvətlə azadlığa çıxmağa cəhd edənlər var

“Bəzən belə halların baş verməsində məmurlar və vəkillər rol oynayır”



"Kimdənsə məhbus qohumu ilə bağlı rüşvət istənilirsə, məsləhət görürəm ki, həmin adamlar Ədliyyə Nazirliyinə, İctimai Komitəyə müraciət etsinlər”

Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin keçmiş icra məmuru Şaiq Şadman oğlu Hüseynin dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilməsi məhbusların cəzalarının yüngülləşdirilməsi, vaxtından əvvəl həbsdən azad olunmalarında rüşvət hallarının mövcudluğunu ortaya çıxarıb. Doğrudur, Ş.Hüseyn məhbusun "işini yüngülləşdirəcəyi” adı altında onun yaxın qohumundan pul alsa da, "işi” başa çatdırmayıb.

İcra məmuruna rüşvət verən vətəndaş da pulunu geri ala bilmədiyindən çıxış yolunu şikayət etməkdə görüb. Nəticə bəllidir. Ş.Hüseynə məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrumetmə cəzası verilib. Belə söz-söhbətlər hər zaman dolaşır ki, məhbusların işini yüngülləşdirmək üçün qohumlarından pul istənilir, həmçinin cəzasının çəkilməmiş hissəsi az qalan məhbuslardan rüşvət qarşılığında adlarının azadlığa çıxanların siyahısına salınması istənilir. Deyilənləri sübut etmək çox çətindir. Çünki rüşvət verənlər yaxın adamlarının azadlığını üstün bilirlər. Sadəcə, bəzi hallarda zərərçəkənlər işin baş tutmasını görüb, şikayətçi olurlar.

Baş vermiş bu olay məhbusların cəzalarının çəkilməmiş hissəsindən azad edilmələri, işlərə yenidən baxılıb cəzalarının yüngülləşdirilməsi məsələlərində kimin - həbsxana rəisləri, yoxsa icra məmurlarının daha çox söz haqqına malik olması sualını yaradır. Rüşvət qarşılığında məhbusların azadlığa çıxmasına dair zaman-zaman səslənən ittihamlar nə dərəcədə əsaslıdır?

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi, D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bəzən belə halların baş verməsində məmurların və vəkillərin rol oynadığını dedi:

- Ola bilər, hansısa məmur bu işlə məşğul olsun. Gəncədə də oxşar hal baş vermişdi. Və orada bir icra məmurunun məhkəməsi keçirildi. Sizə deyim ki, bu işlərdə çox zaman təqsirləndirilən şəxslərin və ya məhbusların vəkilləri vasitəçi rolunda çıxış edirlər. Deyə bilmərəm, bu cür qanunsuz əməllərlə, nə qədər nəticəyə nail olunur. Amma dəqiq bilirəm ki, Ədliyyə Nazirliyində belə qanunsuz iş görmək mümkün deyil. Nazirlikdə xüsusi komissiya fəaliyyət göstərir. Cəzaçəkmə müəssisələrində nə qədər məhbusun olması, məhbuslar barədə bütün məlumatlar onlarda var. Həbsxana rəisləri də məlumatları mütəmadi verirlər. Amma komissiya üzvləri siyahını özləri tərtib edir. Hansı məhbusun cəzası nə qədərdir, azadlığa çıxmasına neçə il qalıb, cəzasının neçə ilini çəkib və s. komissiya bunları bilir. Amma məhbusların davranışları, islah olunub-olunmamaları barədə həbsxana rəisləri təqdimat yazırlar. Ədliyyə Nazirliyindəki komissiya çox şəffaf işləyir. Hansı məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunmasını, işinin yüngülləşdirilməsini komissiya özü təyin edir. Bəlkə də həbsxana rəisləri və ya icra məmurları bu işdə özlərinin rolu olduğunu məhbuslara, onların yaxınlarına təlqin etmək istəyirlər, guya ki, bunların əlində səlahiyyət var. Əslində isə belə deyil. Məsələləri komissiya həll edir.

N.Cəfəroğlu bildirdi ki, hüquq müdafiəçisi olaraq hər zaman çalışırlar ki, xəstə, yaşlı məhbusların vaxtından əvvəl azadlığa çıxmasına nail olsunlar:

- Məsələn, bizim tərtib etdiyimiz siyahılarda siyasi məhbus, vicdan məhbusu hesab edilənlərlə yanaşı, həmişə xəstə, yaşlı, himayəsində kiçikyaşlı uşaqları olan, cəzasının böyük hissəsini çəkmiş məhbusların adları yazılır. Ədliyyə orqanları, Penitensiar Xidmətin rəisi ilə keçirdiyimiz görüşlər zamanı da, biz bu məsələləri qaldırırıq. Amma bəzən hansısa məmurların bu cür əməlləri aparılan işlərə kölgə salır.

Beynəlxalq İnsan Hüquqları Komitəsinin Azərbaycan Milli Bölməsinin rəhbəri, həmçinin Ədliyyə naziri yanında Penitenisar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Səadət Bənənyarlı da "Şərq”ə açıqlamasında Məhkəmə Qərarlarının İcrasına Nəzarət İdarəsinin şəffaf işlədiyini bildirdi:

- Məhbusun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi, maddəsinin dəyişdirilməsi üçün həm məhbusların özləri, həm də yaxın qohumları, valideynləri müraciət edir. Onların işinə baxılması üçün məhbusun ərizəsi olmalıdır. Bu, hər müraciət edənin işinin yüngülləşəcəyi anlamına gəlməməlidir. Müddət də uyğun gəlməlidir. Ola bilər ki, əks tərəf - zərərçəkmişin şikayəti olmasın və ya onu bağışladıqlarını bildirsinlər. Yəni, məhkəmə qərarlarının icrasına nəzarət edən şöbə bütün məsələlərə kompleks yanaşır. Məhbusun cəzasının çəkilmiş və çəkilməmiş hissəsi, məhbusun davranışı, islaholunma dərəcəsi, başqa yüngülləşdirici hallar nəzərə alınır. Məhbusların valideynlərinin müraciəti də böyük əhəmiyyət daşıyır. Həbsxana rəisləri də məhbuslarla bağlı təqdimat yazır. Amma bu, əsas şərt deyil. Təqdimatlara diqqətlə yanaşılır, məhbusla bağlı araşdırma aparılır. Kimdənsə məhbus qohumu ilə bağlı rüşvət istənilirsə, məsləhət görürəm ki, həmin adamlar Ədliyyə Nazirliyinə, İctimai Komitəyə, eləcə də, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etsinlər.

Məlahət Rzayeva