“Saakaşvilinin arxasında xarici qüvvələr dayanır” - Fikrət Sadıqov




Ukrayna hökuməti Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin təqibini "yumşaltmağa” qərar verib. Ukraynanın ədliyyə naziri Denis Çernışev deyib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ekstradisiyası üçün əsas yoxdur. Nazir bildirib ki, Gürcüstanda eks prezident barəsində ittiham hökmü çıxarılmayıb.

Ukraynada isə onun sərhədi keçməsindən başqa heç nə baş verməyib. Kiyev hökumətinin tərəddüdlü addımlarından ruhlanan Saakaşvili Ukraynanı gəzib-dolaşmaq qərarı verib. Eks qubernator bildirib ki, müxtəlif şəhərləri gəzdikdən və əhalinin problemlərini öyrəndikdən sonra paytaxt Kiyevə daxil olacaq. Ötən gün Çernovtsı şəhərində mitinq keçirən Saakaşvilinin digər bölgələrdə aksiyalar təşkil edəcəyi də deyilir. 

Keçmiş prezident ətrafında cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Ukraynada çox qarışıq və ziddiyyətli vəziyyətin yarandığını deyib. 

Onun sözlərinə görə, Saakaşvilinin ölkəyə qanunsuz girməsi sadəcə hüquqi deyil, eyni zamanda siyasi problemdir:

"Saakaşvili açıq şəkildə prezident Poroşenkoya qarşı çıxış edir və öz tərəfdarlarını ətrafına toplayır. Ukraynada prezidenti sevməyən qüvvələrin sayı kifayət qədər çoxdur. Xanım Timoşenkonun partiyası daxil olmaqla, parlamentdə və digər sahələrdə Poroşenkonun siyasətini dəstəkləməyən qruplar var. Saakaşvili bu amillərdən yola çıxaraq hakimiyyəti dəyişmək fikrindədir. Lakin bu, asan məsələ deyil. Ukraynada Maydan hərəkatı olub, bir neçə inqilablar yaşanıb. 

Yeni inqilab üçün Saakaşviliyə xeyli tərəfdar və Poroşenkoya qarşı istifadə edə biləcəyi güclü arqumentlər lazımdır”. 

Politoloqa görə, Saakaşvilinin arxasında müəyyən xarici qüvvələr dayanır:

"Qərbdə eks qubernatoru dəstəkləyənlər çoxdur. Onun pasportsuz Avropada rahat gəzməsi və Ukraynaya gəlib çıxması da göstərir ki, sabiq prezidentin dəstəyi çox güclüdür. Ukraynada yenidən qalmaqallı hadisələrin şahidi ola bilərik”.

İsmayıl