Sabiq XİN başçısı: "Sülh danışıqları heç bir nəticə vermir" - Müharibə aktualdır






"Müdafiə nazirinin Azərbaycan ordusunun döyüş əməliyyatlarına hazır olması barədə bəyanatı xalqımız üçün çox vacibdir”.

Bunu "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. 

O diqqətə çatdırıb ki, ordumuzun inkişafını əks etdirən açıqlamalar xalqın böyük qismini ruhlandırır:

"Azərbaycan Silahlı qüvvələrinin döyüşə hər zaman hazır olması sevindirici haldır. Cəmiyyətin çox az hissəsi isə belə bəyanatlardan panikaya düşə, müharibə başlayacağı ilə bağlı narahatlıq keçirə bilər. Buna ehtiyac yoxdur. Azərbaycan müharibə şəraitində yaşayır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin iki yolla həlli mümkündür: danışıqlar və ya müharibə. Əsas məqsəd işğal olunmuş torpaqların mütləq qaytarılmasıdır. Hazırda görünən odur ki, sülh danışıqları heç bir nəticə vermir. Belə olan halda, təbii olaraq, müharibə mövzusu aktualdır”.

Qeyd edək ki, mayın 12-də Z.Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazirin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Aysel Aslan