"Şahbaz Quliyev məktub yazmaqdan imtina edib"- SƏBƏBİ İZAH OLUNMUR




Kəlbəcərdə öz doğmalarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva  girovlarımızla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) gətirdiyi son məktubdan danışıb. 

O, Sherg.az-a bildirib ki,Şahbazdan bizə məktub gəlməyib: 

"Şahbaz məktub yazmaqdan imtina edib. Sadəcə, BQXK girovlara baş çəkib. Amma Şahbaz məktub yazmayıb. Şifahi salam söyləyib. Şahbazın şəklini xeyli müddət bundan əvvəl göstərmişdilər. Onda şəklini tələb etmişdim. Ondan sonra qardaşımı görmürəm. Qardaşımın şəklini deyil, özünü istəyirəm. Mən ona məktub göndərmişdim, amma o bizə yazmayıb. 

Onun imtinası ilə bağlı BQXK nümayəndələri heç bir söz demədi. Soruşuram ki, səhhəti necədi? Deyirlər ki, narahat olmayın yaxşıdır. Şahbaz "vəziyyətim yaxşıdır, sağolun " cümləsindən başqa heç nə yazmırdı. Ona görə də, yəqin bu cümlələri yazmaqdan bezib. Əvvəllər məktubu özü yazırdı. Yazı xəttini uşaqlıqdan tanıyırdım. Bir də arada nəvələrini soruşurdu. Amma indi yazmır. Səhhətindən də xəbərim yoxdur. Düzdü, dövlət qurumları maraqlanır. Çalşırlar ki, onları azad etsinlər, amma hələ ki nəticə yoxdur".

Qeyd edək ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsindən azərbaycanlı girovlar -Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı onların ailələrinə məktub göndərildiyi bildirilib. 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.



Ayyət Əhməd