Sahib Alıyev: "Seçki əslində həm fərd, həm də xalq olaraq bizim yetkinlik dərəcəmizi üzə çıxarır"





Millət vəkili Sahib Alıyev sherg.az-a referendumla bağlı səsvermə prosesindən danışıb. 23 saylı məktəbdə səs verdiyini söyləyən deputat qeyd edib ki, sözügedən mətəqədə yetərincə seçici olub:

 "Səs vermək üçün 15 dəqiqə növbədə dayandım. Bu, bir daha onu göstərdi ki, referenduma böyük maraq var . Söhbət şəhərin mərkəzindəki məntəqələrin birindən gedir".
Səsvermə prosesinə gəlincə, deputat qeyd edib ki, nəzəri olaraq yetkinlik 18 yaşdan başlayır. Məhz ona görə bizə seçib-seçilmək haqqı yaşımız 18-ə çatanda verilir: " Ancaq yetkinlik sadəcə bəlli bir yaşa gəlib çatmaq deyil. Yetkinlik daşıdığın yaşın məsuliyyətini dərk etmək, artıq uşaq-muşaq olmadığını, ağı qaradan seçdiyini, ölkənin taleyini biganə qalmadığını, çiyninə yük götürə bildiyini əməldə göstərməkdir. Seçki əslində həm fərd, həm də xalq olaraq bizim yetkinlik dərəcəmizi üzə çıxarır. Yetkin olmayanları bəlli çevrələrin nə günə saldıqlarını Yaxın Şərqdə və bir sıra başqa ölkələrin timsalına görürük. Ona görə də, yetkinliklə gedib səs verməliyik, həm fərd, həm də xalq olaraq yetkinliyimizi sərgiləməliyik. Çünki referendum dövlətin müstəqil siyasət yeritməsi, milli maraqlardan çıxış etməsi, hansısa əcnəbi çevrələrin deyil, ilk növbədə öz vətəndaşının marağını nəzərə alması deməkdir. Dövlət isə bir halda müstəqil olur ki, onun güclü iqtisadiyyatıyla yanaşı, maraqlarını hər vəchlə qoruyan qətiyyətli rəhbərliyi və yetkin xalqı var. Biz müstəqil dövlətik və bu müstəqilliyə də haqqımız çatır. Haqqımızın çatdığını isə həm də bu gün verdiyimiz səsimizlə göz önünə sərməliyik. Gedib səs verməklə biz əslində bəlli çevrələrə "necə yaşamalı olduğumuzu siz yox, özümüz müəyyənləşdirmək qüdrətindəyik, Yaxın Şərqdə törətdikləriniz burada keçə bilməz, nə yolla olursa-olsun Qarabağı qaytaracağıq", deyirik. Bu mənada hələ səs verməyənləri səsverməyə çağırıram. Səsverənlərə isə ayağınıza, əlinizə və səsinizə sağlıq deyirəm".

Ayyət Əhməd