Sanksiyalar aradan qaldırılır

Qərbdəki bütün pullar İrana qaytarılacaq



ABŞ və Avropa Birliyi (AB) İrana qarşı iqtisadi və maliyyə sanksiyalarını ləğv edib. Sözügedən birliyin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin bildirdiyinə görə, AB Lozannadakı danışıqların nəticəsinə görə, Tehrana qarşı sanksiyalara son qoymaq haqqında qərar qəbul edib. Onun sözlərinə görə, Avropa İttifaqı İrana qarşı nüvə məsələsində tətbiq etdiyi bütün maliyyə və iqtisadi sanksiyalarını aradan qaldıracaq.

Ali diplomat onu da əlavə edib ki, ABŞ da nüvə problemi ilə əlaqədar ikinci dərəcəli iqtisadi və maliyyə sanksiyalarının tətbiqini dayandıracaq. Məlumat üçün bildirək ki, Lozannada "altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) Tehranın nüvə proqramına dair İranla apardığı danışıqlarda razılıq əldə edilib. Yeri gəlmişkən qeyd edək ki, Amerika prezidenti Barak Obama İranla münasibətlərə dair tarixi açıqlama verib. Ağ Ev rəhbəri nüvə müzakirələrində rəsmi Tehranla anlaşmanı "tarixi” hadisə olaraq xarakterizə edib. O bildirib ki, məlum razılaşma İranın nüvə silahı çıxarmasına maneə törədir: "Razılaşma İrana məhdudlaşdırma gətirir. Bu sayədə nüvə silahından istifadə edə bilməyəcək. İran önümüzdəki illərdə razılaşmağı pozsa belə, məhdudlaşdırmalar olacağı üçün nüvə silahına çata bilməmiş olacaq. Beynəlxalq müşahidəçilər, nəzarətçilər, İranın nüvə təsislərinə çatıb, yoxlama təmin edəcək. Bu razılaşma sayəsində heç bir ölkədə olmadığı qədər İran nəzarətdən keçəcək. Şəffaf bir müddət haqqında danışıqlar olacaq və İranın əsla nüvə silahı inkişaf etdirməsinə icazə verilməyəcək. Bunun qarşılığında da İrana qarşı sanksiyalar yüngülləşəcək. Hələ işimiz bitmiş deyil. Müzakirəçilər bu çərçivə razılaşması üzərində işə davam edəcək. İranın bu nöqtədən sonra geri addım atmaması lazımdır. İran ilə aydın olsa təhlükəsizliyimiz təmin edilmiş olacaq. Bu razılaşmanın ABŞ-ın təhlükəsizliyinə daha da qatqı edəcəyinə inanıram. Əvvəlcə bu razılaşma ilə doğru bir addım atıldığını düşünürəm. Çox böyük sanksiyalar tətbiqinə baxmayaraq keçmişdə, İran nüvə proqramından imtina etməmişdi”.

Anlaşmanı şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, sanksiyaların tamamilə dayandırılması rəsmi Tehranın götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsindən asılı olacaq. Ekspertin qənaətincə, rəsmi Vaşinqton iqtisadi təzyiqləri dərhal aradan qaldırmayacaq: "Bu, gələcək proseslərlə əlaqədar olaraq tədricən ləğv edilə bilər. Eyni zamanda məlumdur ki, cənub qonşumuzun xarici banklarda çox böyük miqdarda vəsaitləri var. Həmin vəsaitlər tamamilə dondurulub. O donun açılması isə İranın nüvə məsələsində şəffaf fəaliyyəti ilə bağlı olacaq. Razılaşdırılmış məsələyə görə, nüvə yanacaqlarının İrandan çıxarılıb, başqa ölkələrdə 20 dərəcəyədək zənginləşdirilməsi nəzərdə tutulur. İranın özündə 20 dərəcədən artıq nüvə yanacağı istehsal etməsi birmənalı olaraq qadağan olunub”.

Ekspert hesab edir ki, bütün sanksiyalara birdən-birə son qoymaq düzgün olmaz: "Çünki ABŞ-dan başqa bu prosesi istəməyən başqa ölkələr də mövcuddur. Onu da nəzərə almaq lazımdır. Məsələn, yaxın Şərqdə Amerikanın müttəfiqi olan İsrail bunu istəmir. Əksinə, İsrail iddia edir ki, Qərb-İran anlaşması gələcəkdə rəsmi Tehranı nüvə bombasına daha da yaxınlaşdıracaq. Onlar İranın bu prosesi dayandıracağına inanmırlar. Düşünürlər ki, rəsmi Tehran məxfi olaraq öz işini görəcək. İran tədricən nüvə silahına yaxınlaşacaq. Rəsmi Təl-Əviv bütün dünyanı bu iddialarına inanmağa çağırır. İsrailin özünün dövlət marağıdır. Ancaq Ağ Evin özünün qlobal təhlükəsizliyə dair məsuliyyəti var. Zənnimcə, bütün hallarda anlaşma müsbətdir. İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəksə, sanksiyalar ortadan qalxacaq”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə deyib ki, İran Yaxın Şərqdə yaranan gərginlikdən məharətlə istifadə edir. Ekspert vurğulayıb ki, dünyanın başı Yəmənə qarışdığı bir vaxtda İran məsələsi artıq yavaş-yavaş gündəmdən çıxır: "Cənub qonşumuza qarşı iqtisadi sanksiyalar ortadan qaldırılır, Qərb banklarındakı maliyyəsi geri qaytarılacaq. Az qala, 10 ildir davam edən gərgin müzakirələrə son qoyulur. Beynəlxalq aləm İranın nüvə silahı yaratmayacağına dair Tehrandan tutarlı təminat alıb. Bu gedişat bölgədəki duruma da təsir edəcək. Vaxt var idi, Qərb və İsrail mətbuatı İrana qarşı hava zərbələrində Azərbaycanın da adını çəkirdi. Bundan çıxış edən İran mətbuatı və generalları bizi hədəf seçmişdilər. Halbuki, açıq-aşkar dezinformasiya idi, Azərbaycan mümkün hərbi qarşıdurmada neytral qalacaqdı. İndi bu söz-söhbətlər arxada qaldı. ABŞ və Avropa Birliyinin İŞİD, Suriya, İraq və indi də Yəmənlə başı ağrıyarkən, İran məsələsi gündəmdən çıxdı. Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi. Demək, yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər. Bu, bizim xeyrimizədir. Ən azı İran əvvəlki kimi bütün məsələlərdə Rusiyanın ortağı olmayacaq”.

Ayyət Əhməd