Ermənistan iqtidarı Rusiyanın hesabına iqtisadiyyatında dönüş yaratmaq istəyir
Rusiya Ermənistan ordusunu silahlandırmaq üçün düşmən ölkəyə 200 milyon dollar dəyərində maliyyə vəsaiti ayırıb. Dəfələrlə düşmən ölkəyə Rusiyanın vaxtaşırı bu cür yardımlarının şahidi olmuşuq. Maraqlıdır ki, yardımların əksəriyyəti kredit adı altında həyata keçirilib.
Bu cür hadisə ilk dəfə 1996-cı ildə yaşanıb. Rusiya hökumətinin Ermənistana uzaqvuran raketlər də daxil olmaqla, 1 milyard dollar dəyərində silah və sursat hədiyyə etdiyi ortaya çıxıb. Daha sonra 2008-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan ordusuna silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılıb. Həmin vaxt Azərbaycan XİN-i Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində hərbi texnika və sursat verməsi barədə məlumatlarla bağlı bəyanat yayıb. Məsələni şərh edən ekspertlər hesab edirlər ki, Sarkisyan hökuməti erməni xalqının narazılığını və bundan doğan təhlükələri Moskvaya göstərməklə Rusiyadan müəyyən güzəştlər almağa çalışır. Belə vəziyyətdə Moskva sadə dillə desək, Ermənistanın könlünü almağa məcburdur.
Millət vəkili, politoloq Rasim Musabəyovun sözlərinə görə, Rusiya indiki erməni hakimiyyətini ayaqda saxlamaqda qərarlıdır: "Moskva qatil Permyakovu Ermənistana verməyə, 200 milyon dollarlıq kredit açmağa və qazın qiymətini aşağı salmağa razılıq verib. Bu da səbəbsiz deyil. Kreml Ermənistandakı vəziyyəti qansız-qadasız nəzarətə almağa çalışır. Ancaq rejimə real təhlükə yarandığı halda onlar qan tökməkdən çəkinməyəcəklər”.
Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, Kremlin həm xarici, həm də daxili siyasəti yalan üzərində qurulub. Politoloq hesab edir ki, Rusiya Azərbaycanla Ermənistana fərqli münasibət sərgiləyir: "Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Qərbə inteqrasiya xəttini davam etdirməlidir. Çünki Ermənistanda baş verən son hadisələr və ruslar tərəfindən onlara edilən 200 milyon dollarlıq yardım göstərdi ki, Rusiya heç vəchlə öz alətini itirmək fikrində deyil. Bu da əslində təbiidir. Ermənistan Rusiya tərəfindən yaradılmış qondarma respublikadır. Bu gün Ermənistan Rusiyanın bir əyaləti olaraq fəaliyyət göstərir. Rusiya öz geosiyasi maraqları kontekstində siyasi alət olaraq, Ermənistandan istifadə edir. Eyni zamanda Ermənistan Türkiyə və Azərbaycan arasında əngəl olmaq üçün coğrafi bir məkan olaraq xüsusi seçilib. Buna görə də Rusiyanın bütün zamanlarda düşmən ölkəyə yardımı davam edəcək. Amma Azərbaycan tam fərqli ölkədir. Rusiyaya yaxınlaşmağa rəğmən, Azərbaycan dövlət maraqları naminə müstəqil qərarlar qəbul edir. Bu da təbii ki, Rusiyanın xoşuna gəlmir”.
Rusiya tərəfindən verilən kredit Ermənistan hərbi qüvvələrini yeni texnologiya və silahlarla təchiz etmək üçündür. Ancaq ən maraqlısı budur ki, Ermənistan bu silahları məhz Rusiyanın özündən almalıdır. Göründüyü kimi, Ermənistan hakimiyyəti ölkədəki son xalq etirazından istifadə edərək Rusiya hesabına iqtisadiyyatında dönüş yaratmaq niyyətindədir.
İsmayıl