Sarkisyan erməni cəmiyyətini “İskəndər”lə təsəlli etmək istəyir

Amma düşmən ölkə rəhbərliyi də, ictimaiyyəti də anlayır ki, bu silah xilas deyil
“Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər imkanları var. S-300 ZRK-ları olan dövlətlər üçün “İskəndər” o qədər də qorxulu deyil”

Ermənistan Rusiyanın "İskəndər” raketlərini hərbi paradda nümayiş etdirməklə Azərbaycanı "qorxutmağa” çalışdı. Təbii ki, raket nümayişinin başqa səbəbləri də var idi. İrəvan hökuməti qorxuya düşmüş erməni xalqını təsəlli etmək və cəmiyyətdəki antirusiya əhvalını azaltmaq istəyir. Amma erməni ekspertlərin özləri də bu silahın Ermənistan üçün xilaskar rolu oynayacağına şübhə ilə yanaşırlar.

Ermənistanın "1in.am” saytında gedən siyasi təhlildə bildirilir ki, "İskəndər” İrəvan üçün "sehrli çubuq” hesab oluna bilməz: "Ermənistanda mövcud olan iqtisadi problemlər və tələblər çox ciddidir. Ona görə də "İskəndər” bizim xilasımız deyil”. Xatırladaq ki, Ermənistan ötən il də "müstəqillik” günündə hərbi parad düzənləyib. Lakin o zaman da gözlənilən təbliğat effektiv alınmayıb. Həmin vaxt ortaya çıxarılan hərbi texnikanın böyük bir hissəsi Ermənistan Silahlı Qüvvələrinə məxsus deyildi. Silahlar Rusiyadan müvəqqəti "icarəyə” götürülmüşdü. Üstəlik, paradda Rusiyanın bəzi hərbi birləşmələri öz bayraqları ilə iştirak etmişdi. Budəfəki parad da rus texnikaları ilə təşkil olunmuşdu. Üstəlik, paradın aprel məğlubiyyətindən sonraya təsadüf etməsi xüsusi diqqət çəkirdi. Ekspertlərə görə, Ermənistan rəhbərliyi Rusiyaya məxsus yeni döyüş sistemlərini nümayiş etdirməklə aprel rüsvayçılığının cəmiyyətdə, işğalçı orduda yaratdığı bədbin ovqatı zəiflətmək niyyətində olub. Prezidentlərin növbəti görüşünü hazırlamaq üçün vasitəçilərin hərəkətə keçdiyi bir vaxtda İrəvanın bu cür təxribatçı addımının daha bir hədəfi isə onsuz da ləng gedən danışıqlar prosesini pozmaq, əlavə vaxt qazanmaqdır. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Ermənistan "İskəndər”ə sahiblik etmək imkanında deyil. Onun sözlərinə görə, erməni oliqarxlarının aprel müharibəsindən sonra topladığı vəsaitin hesabına Rusiyadan alınmış "İskəndər” raketləri müəyyən ajiotaja səbəb olub. Ermənistan cəmiyyəti, o cümlədən rəsmiləri özlərini "ölümsüz” hesab edirlər: "Reallıqda Ermənistan "İskəndər”i idarə etmək, qorumaq, saxlamaq, başqa sözlə, ona sahiblik etmək imkanında deyil. ABŞ istənilən anda Ermənistandakı "İskəndər” raketlərinin sxemini öyrənə bilər. Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Amerikanın heç bir əmrindən çıxa bilməz. Sarkisyanın bütün var-dövləti ABŞ-ın ipoteka fondundadır. Kapitalına təhlükə yaranan kimi amerikalı mütəxəssisləri "İskəndər”in quruluşunu öyrənməyə başlayacaqlar. Yaxınlarda Rusiya vətəndaşı Ermənistanda heç bir əsas olmadan ABŞ-ın diktəsi ilə həbs olundu”. Ekspert deyib ki, "İskəndər”in yerləşdiyi ərazi hərbi provokasiya baxımından aktual olacaq: "Hamı çalışır ki, ən azı bir dəfə "İskəndər”in buraxılmasını yaxından izləsin. Xüsusən NATO bunda çox maraqlıdır. "İskəndər” hələlik yalnız Rusiyanın ərazisində yerləşə və yalnız Rusiya bu raketlərinin müdafiəsini təmin edə bilər. Rusiya Ermənistan ərazisində "İskəndər” yerləşdirirsə və Suriya məsələsində Ermənistan Rusiyaya əməkdaşlıq təklif edirsə, gələcəkdə Ermənistanın ərazisindən "İskəndər”in Suriyaya atılma ehtimalı yarana bilər. Bu da Ermənistanın ABŞ-la münasibətlərində gərginlik yaradacaq”. M.Əhmədoğlu vurğulayıb ki, "İskəndər”in Ermənistan ərazisində yerləşdirilməsi Dağlıq Qarabağ müharibəsini daha dağıdıcı edə bilər: "Müharibəyə əlavə qüvvələr cəlb oluna bilər. Əlavə dövlətlər cəlb olunacağı təqdirdə müharibə şəksiz Rusiyanın ərazisinə keçəcək. Rusiya isə zərrə qədər bunda maraqlı deyil. O cümlədən "İskəndər”in Ermənistanda yerləşdirilməsi təkcə Azərbaycan üçün təhlükə deyil. Türkiyə, İran və Gürcüstan tərəfindən də təhlükə kimi qəbul ediləcək. Bu isə Ermənistan üçün əlavə iqtisadi və kommunikativ xarakterli problemlər yaradacaq. Rusiyanın artıq "İskəndər”i Ermənistandan apardığı barədə sosial şəbəkədə yayılan xəbərə daha ciddi diqqət verməyin vaxtıdır. Nəzərə alınmalıdır ki, "İskəndər” güclü dağıdıcı silah deyil, dəqiq vuran silahdır.

Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər imkanları var. S-300 ZRK-ları olan dövlətlər üçün "İskəndər” o qədər də qorxulu deyil. S-300 ZRK "İskəndər”in mürəkkəb trayektoriyası bitdikdən sonra düz trayektoriya ilə hərəkət etdiyi vaxtda, yəni hədəfə 50 km qalana qədər onu müəyyən edir. Azərbaycan ən müasir hərbi texnologiyalara malik olan dövlətlərlə əməkdaşlığa üstünlük verməklə problemin həllinə nail ola bilər”.

İsmayıl