Sarkisyan Gürcüstanda da ikiüzlü siyasətindən əl çəkmədi

Bu, onu göstərir ki, indiki İrəvan hakimiyyətinin siyasi xəttində Qarabağın həlli nəzərdə tutulmayıb





"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi görüşdə deyib. Sarkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub.

Marqvelaşvili də öz növbəsində bildirib ki, regionda bütün çətin məsələlər beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır. Əslində Ermənistanın işğalçı dövlət olduğu, Sarkisyanın təcavüzkar siyasət yeritdiyi və hər fürsətdə sülhdən qaçdığı hamıya bəllidir. 

Bəs, erməni rəhbərin bu cür uydurma açıqlamaları, xüsusən, xarici səfərlərdə verdiyi "sülhsevər” bəyanatlar nəyə hesablanıb, onun məqsədi nədir?

Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstan səfərində Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları növbəti dəfə bu ölkə rəhbərinin imitasiya siyasətinin bariz nümunəsidir. 

Ekspertin sözlərinə görə, Sarkisyanın konfliktin sülh və danışıqlar yolu ilə həll olunması istiqamətində dedikləri sözlər, münaqişənin real həllinə yox, status-kvonun saxlanmasına hesablanıb: 

"Sarkisyanın bu kimi açıqlamaları birinci dəfə deyil. Mütəmadi olaraq sülh və kompromisdən danışması onun ikiüzlü siyasətindən irəli gəlir. 20 ildən artıqdır davam edən danışıqlar prosesində hər hansı irəliləyişin əldə olunmaması, məhz İrəvan-Moskva tandemindən qaynaqlanır. 1994-cü ildən ATƏT-in Minsk formatı çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması prosesində aparılan danışıqlarda müəyyən illərdə yaxınlaşma olub. Ancaq təəssüf ki, məhz Robert Koçaryanın və Serj Sarkisyanın İrəvanda hakimiyyəti ələ almasından sonra danışıqlar dalana dirənib. Sarkisyanın Qarabağ klanına məxsus olması və bu kartdan istifadə edərək hakimiyyətdə qalması onun istənilən kompromisdən uzaq olduğuna dəlalət edir. Çünki Sarkisyanın güzəştsiz mövqeyi, onun hakimiyyətdə qalmasına zəmin yaradır. Fikir versək, görərik ki, Sarkisyanın hakimiyyəti dövründə cəbhədə gərginliklər daha da artıb və danışıqlar prosesi bir neçə dəfə fiaskoya uğrayıb. Bu, onu göstərir ki, indiki İrəvan hakimiyyətinin siyasi xəttində Qarabağın həlli nəzərdə tutulmayıb”.

Politoloqun fikrincə, aprel eskalasiyası göstərdi ki, bu rejimlə yalnız güc dili ilə danışmaq lazımdır:

"Məhz Sarkisyan ATƏT-in Minsk Qrupunun irəli sürdüyü yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Buna baxmayaraq, sənədə öz razılığını bildirib. Əməldə sabotaj, diplomatik danışıqlarda isə "sülh və kompromisdən” danışan Sarkisyanın mahiyyəti erməni xislətindən irəli gəlir. Onun Prezident İlham Əliyevlə 10-dan artıq geniş və təkbətək görüşü olub. Bu görüşlərdən sonra Sarkisyan danışıqların mahiyyətinə zidd açıqlamalar verib. Oktyabrın 16-da Cenevrədə aparılan danışıqlarda Sarkisyanın görüşdən sonra ermənilər qarşısında verdiyi ifadələr bir daha göstərdi ki, adi danışıqlarda razılığı pozan bir siyasətçi, heç vaxt işğal olunmuş əraziləri sülh yolu ilə geri qaytarmaz. Sentyabr ayından başlayan növbəti danışıqlar raundu hələki davam edir. Burada əsas niyyət atəşkəsin qorunması və etimad mühitinin formalaşdırılmasıdır. Həmçinin, Vyana və Sankt-Peterburq görüşündə əldə olunan razılaşmaları qüvvədə saxlamaqdır”.

M.Əsədullazadə bəyan edib ki, Ermənistan rəhbərliyinin danışıqlarda məqsədi əsasən özünü bir daha beynəlxalq aləmə danışıqlar niyyətində olduğunu göstərməkdir: 

"Əslində əldə olunmuş razılığa əsasən Madrid prinsiplərinə söykənərək, konflikt həllini tapmalı idi. Hesab edirəm ki, Serj Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalması Qarabağ danışıqlarında itirilmiş il olacaq. Bu rejimlə danışıqlar aparmaq səmərəli və perspektivli deyil. Ermənistanın müstəqilliyini Qarabağa görə Rusiyaya güzəştə gedən erməni dövlət başçısı işğal olunmuş ərazilərin qaytarılmasında maraqlı olmayacaq. 

Çünki İrəvan ilkin şərt kimi Qarabağın müstəqilliyini irəli sürür. Bu şərt tamamilə aparılan danışıqların formatına ziddir. Qeyd edim ki, gələn il danışıqlar aparılsa da, müsbət irəliləyişlər olmayacaq. Hər iki ölkədə seçki ili olduğu üçün real müharibə ehtimalı 2019-cu ildə baş verə bilər. Buna baxmayaraq yay aylarında hərbi əməliyyatların olacağı istisna deyil”.

İsmayıl