“Sarkisyan yalan danışır”

Azərbaycan prezidenti: “Biz yox, Ermənistan döyüşlərin dayandırılmasını Rusiyadan xahiş edib”İlham Əliyev Dünya azərbaycanlılarının fəaliyyət istiqamətlərini göstərdi
"Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının rəhbərləri Azərbaycanda, Vətəndədirlər. Bütün azərbaycanlıları təbrik edirəm”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib. Dövlət başçısı bildirib ki, qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması baxımından çox önəmlidir: "İlk qurultay Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan indiyə qədər bizim imkanlarımız artıb. Həmişə xaricdəki azərbaycanlılarla maraqlanır, onların yaxşı yaşamasına çalışırıq. Eyni zamanda onların Azərbaycanla daim əlaqədə olmasına səy göstəririk”.
"Diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır”
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından danışan Prezident bildirib ki, qurum yaradılandan sonra diaspor təşkilatlarının yaranması sürətlənib, hazırda 462 diaspor təşkilatı var: "Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatlarımız böyük yol keçib, önəmli rol oynamaqdadır. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan vermədən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alırdı. Onun təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilib. Bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, Azərbaycan reallıqları ilə dünya ictimaiyyətini geniş tanış edə bilərik. Qurultayda səslənən fikirlər imkanlarımızı daha da genişləndirəcək”. Ölkə rəhbəri dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməsini istəmədiyini vurğulayıb: "Bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, dilimizi bilməlidir. Xaricdə 160-dan çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır”.
"Xaricdəki azərbaycanlı iş adamları ölkəyə sərmayə qoysunlar”
Prezident İlham Əliyev bəyan edib ki, son 20 ildə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub: "Biznes mühiti günü-gündən yaxşılaşır, bürokratik əngəllər aradan götürülür. Azərbaycanda şəffaflıq təmin edilir. Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var, bunun qarantı Azərbaycan xalqıdır. Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar”.
Dövlət başçısı deyib ki, xaricdə yaşayan hər bir azərbaycanlının ildə bir dəfə Azərbaycana gəlməsi lazımdır: "Azərbaycan həm vətənimizdir, həm də ölkəmizdə turizm, istirahət üçün geniş imkanlar yaradılıb. Bunun ölkə iqtisadiyyatına da xeyri olacaq. Hazırda turizm sektorunu inkişaf etdiririk. Vizalarla bağlı da islahatlar aparırıq, Azərbaycana gələn turistlərin sayı artır. Xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi ən azı ildə bir dəfə Azərbaycana gəlsə, yaxşı olar”. Xaricdə Azərbaycan səfirlikləri və konsulluqlarının sayının artdığını söyləyən Prezident, Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi olmadığını vurğulayıb: "Bizim zəif yerlərimizdən biri xarici ölkələrin icra və qanunvericilik orqanlarında yaxşı təmsil olunmamağımızdır”.
"Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir”
Dövlət başçısı bildirib ki, bəzi hallarda diaspor təşkilatları bir-biri ilə rəqabət aparır: "Bu rəqabət sağlam olmalıdır, bizim gücümüz birlikdədir. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq. Xarici ölkələrin cəmiyyətləri görsələr ki, diaspor təşkilatlarımız bir-biri ilə yola getmirlər, onlara münasibət yaxşı olmayacaq. Birlik əsas məsələdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdir və ölkəmizin güclənməsini istəyirlər”. Prezident deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır: "Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram. Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Çünki məqsədimiz Azərbaycanın daha da güclənməsidir. İstəyirik ki, xaricdəki azərbaycanlılar yüksək mövqedə olsunlar, yerli qanunverici orqanlarda azərbaycanlıların sayı çoxalsın. Əfsuslar ki, xaricdə azərbaycanlılar icra və qanunvericilik orqanlarında kifayət qədər təmsil olunmurlar. Azərbaycan dövləti bu işə müdaxilə edə bilməz, diaspor təşkilatlarımız bunu özləri etməlidirlər. Xarici ölkələrdə diaspor təşkilatları arasında koordinasiya, əlaqə varsa, bu məqsədə çatmaq üçün asan yollar müəyyən ediləcək”. Prezidentin sözlərinə görə, azərbaycanlılar xarici ölkələrdə böyük biznes imkanlarına malikdir: "Mən bunu alqışlayıram. Xaricdə yaşayan azərbaycanlılar öz həmvətənlərinə də kömək göstərirlər”.
"Bizim kiminsə yardımına ehtiyacımız yoxdur”
Prezident İlham Əliyev söyləyib ki, diasporumuzun xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb: "Xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Bu vəzifə də diasporumuzun üzərinə düşür, buna dövlət müdaxilə edə bilməz. Ermənilər həmin mətbu orqanlarla geniş əlaqələr qurublar. Xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir. Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq. Bu, Azərbaycan diaspor təşkilatları üçün birinci məsələ olmalıdır”. Prezident bildirib ki, ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışıblar: "Buna ermənilər müəyyən qədər nail ola biliblər. Belə olmasaydı, ABŞ Konqresi mənfur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal olunub, soyqırım törədilib, ancaq bu düzəlişi qəbul ediblər ki, guya, Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də bu düzəliş qüvvədədir. Əvvəllər bu düzəlişin qaldırılmasına çalışırdıq,
sonra qərara gəldik ki, buna ehtiyac yoxdur. Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda dururuq”.
"Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir”
Dövlət başçısı deyib ki, bir cümlədə dörd yalan danışan prezident görməyib: "Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı. Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirdilər”. Prezident bildirib ki, xaricdə hələ də çoxları Qarabağın Azərbaycan torpağı olduğunu bilmir: "Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, qəzetlər dərc etməlidirlər. İnformasiya əsrində yaşayırıq. Bunu erməni diasporu edir. Səfil Ermənistan dövləti bunu edə bilməz, çünki heç öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər. Yeri gəlmişkən, Ermənistan aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürməyə nə qədər çalışsa da, buna nail ola bilməyib. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələmə verməyə çalışdılar. Ancaq onlar da bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir”.
"800 hektar yox, 2000 hektardan çox ərazi düşməndən azad edilib”
Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır: "Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyətsiz ərazilərdir. Gülünc vəziyyətə düşüblər. Gülünclüyün son ifadəsi isə Ermənistan prezidenti Serj Sarkisyanın Avrasiya İttifaqının sammitində çıxışı zamanı oldu. Sarkisyan dedi ki, guya, Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib. Yalandır. Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. "Status-kvo”nu saxlamaq istəyir, təxribatlara əl atır. Ermənistan Qarabağda, o cümlədən Qazax istiqamətində təxribatlar törədib. Ermənistan 1 il əvvəl də təxribata əl atdı, buna görə bir vertolyotlarını itirdilər. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, onları yerinə oturtdu. İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib. Üçüncü yalan odur ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır. Dördüncü yalan odur ki, guya, Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. Bu, ağ yalandan başqa bir şey deyil. Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Ordumuz əks-həmlə ilə torpaqlarımızı azad edib, Ermənistan da itirilmiş torpaqları 2-3 gün ərzində qaytarmağa çalışıb. Sonra isə Ermənistan Rusiyaya xahişlə müraciət edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi”.
İsmayıl