Sarkisyan yenə Qarabağ masasında oturacaq

Ekspertlər hesab edir ki, Ermənistanda cərəyan edən prosesləri gözləmək lazımdır



Bir həftə əvvəl Azərbaycanda keçirilən demokratik və şəffaf prezident seçkilərindən sonra Ermənistandakı formal və saxta seçkilər də yekunlaşdı.

Dünən ölkənin parlamenti kütləvi etirazlar fonunda Serj Sarkisyanı baş nazir seçdi. Parlamentdə çıxış edən Sarkisyan Respublika və Daşnaksütyun partiyalarının proqramlarını icra edəcəyini açıqladı. Vurğuladı ki, İrəvanın Qarabağ problemi ilə bağlı mövqeyi dəyişməyib və onlar "sülhlə” həllin tərəfdarıdır. Sarkisyan erməni ordusunun gücləndirilməsi və modernləşdirilməsinin zəruri olduğunu da dedi. Xatırladaq ki, bir neçə ay öncə verilən proqnozlarda seçkilərdən sonra prezidentlərin görüşəcəyi iddia edilirdi. Bu baxımdan bəzi analitiklər yaxın müddətdə tərəflərin görüşünün baş tutacağını deyirlər. Təbii ki, seçkilərdən sonra reallaşacaq təması "prezidentlərin görüşü” adlandırmaq uyğun olmayacaq. Çünki Ermənistan tərəfini prezident Armen Sarkisyan yox, baş nazir Serj Sarkisyan təmsil edəcək.

Proqnozları "Şərq”ə şərh edən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, hər şey Ermənistandakı son hadisələrin hansı sonluqla nəticələnəcəyindən asılıdır: 

"Serj Sarkisyanın baş nazir seçilməsinə baxmayaraq, hələlik hər hansı təmasa ehtiyac yoxdur. Ermənistandakı etirazların nəticəsini gözləmək lazımdır. Təbii ki, format dəyişəcək, böyük ehtimalla Azərbaycan prezidenti Ermənistan prezidenti Armen Sarkisyanla yox, baş nazir Sarkisyanla görüşəcək. Amma görüş baş tutsa belə heç bir nəticəsi olmayacaq. Çünki Serj Sarkisyanın vəzifəsinin dəyişməsi onun xarakterinin və mövqeyinin dəyişməsi anlamına gəlmir. Sarkisyan eyni adamdır, işğalçı siyasəti davam etdirən və Xocalı faciəsini törədən cinayətkardır. O cür şəxslə hansısa irəliləyiş əldə etmək mümkün deyil. Bu baxımdan düşünürəm ki, görüş üçün nəyəsə iddia etmək çox erkəndir. Əvvəlcə proseslər nizamlanmalıdır”.

İsmayıl