Satira jurnalistikasına sosial sifariş yoxdur

Təəssüf ki, insanlarımız ucuz, qursaqdan aşağı yumora meyil edirlər. İnsanlar daha dərin şəkildə düşünmək istəmirlər, zövqlü, dərin satira ilə maraqlanmırlar



(...əvvəli ötən sayda)

Jurnalistikamızda janr qıtlığı yaşanır. Bəli, sürət – internet əsridir. Xəbərlər dəqiqə nədir, hətta anbaan dəyişir. Xəbərin ardınca düşməyin özü, artıq dəbdən düşüb. İndi xəbəri qabaqlamaq və xəbər yaratmaq zamanıdır. Amma jurnalistika nəinki təkcə, ümumiyyətlə, xəbərçilikdən ibarət deyil. Xəbərçilər, reportyorlardır. Hadisə yerinə tələsən, hadisə güdən, hadisədən xəbər verən. Jurnalistikanı yalnız xəbərlə məhdudlaşdırsaq, çox maraqsız, bir rəngli, bəsit bir mənzərə ilə üz-üzə qalmış olarıq. Əslində, jurnalistikamızın hazırkı mənzərəsi bundan az fərqlənmir. Hamı xəbərə «susayıb». Qısa, günlük xəbərlər, günün nəbzinə aid müsahibələr, siyasi yanaşmalar, analizəbənzər yazılar.

Halbuki, jurnalistika çox rəngarəng, hədsiz maraqlı bir sahədir. Onun marağının azalmasına səbəb isə jurnalistlər və jurnalistliklə məşğul olanlardır.

Bütün dünyada olduğu kimi, Azərbaycan mətbuatında satira janrı hər zaman aktual olub. Satirik mətbuat cəmiyyətin güzgüsü olmaq kimi məsul bir vəzifəni çiyinlərinə alıb. Şübhəsiz ki, satira mətbuatının ən nəhəng örnəyi "Molla Nəsrəddin”dir. "Molla Nəsrəddin”dən qaynaqlanan Azərbaycan satirik mətbuatı sonralar da varlığını qoruyub saxladı. "Kirpi”, "Mozalan” satirik jurnalları buna sübutdur.

Lakin jurnalistikanın mühüm qolunu təşkil edən satirik jurnalistikaya maraq əvvəlki illərlə müqayisədə xeyli azdı. Media ekspertlərinin də fikrincə, bu sahədə dərc olunan yazılar yox dərəcəsindədir.

"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, satirik publisistika janrına hər zaman ehtiyac olub və bundan sonra da olacaq:

 "İndiki şəraitdə "satirik jurnalistika” sözünə alternativ olaraq "satirik publisistika” ifadəsini işlətmək daha doğru olardı. Çünki satirik jurnalistika bizdən asılı olmayan səbəblərə görə və inkişafın nəticəsi olaraq təxminən 150-200 il əvvəlki dövrlərdə qaldı desək, yanılmarıq. Jurnalistikanın yeni yarandığı dövrlərdə mühitin müəyyən basqılarından, təzyiqlərindən yan keçmək üçün jurnalistikada satirik janr olduqca tutarlı idi. O dövrdə çıxan bəzi nəşlərdə dövrün bir çox reallıqları satirik janrdan istifadəni mümkün etmişdi. Amma sonradan azad söz, mətbuat azadlığı deyilən hüquqlar təminat altına alınmağa başlayanda, bu terminin də mahiyyəti dəyişməyə başladı. İndiki şəraitdə satirik jurnalistika ifadəsini işlətməyin özünü düzgün hesab etmirəm. Çünki indi açıq şəkildə, lakin obyektiv və ədalətli formada istənilən iqtisadi, siyasi, sosial, mədəni mövzunu tənqid etmək, araşdırmaq mümkündürsə, satirik janrdan istifadəyə o qədər də yer qalmır. Görünür elə bunun nəticəsidir ki, satirik jurnalistika janrı və bu janrda olan nəşrlərin uğur qazanması indiki şəraitdə o qədər də real görünmür. Buna baxmayaraq satirik publisistika janrının yaşaması hər zaman vacibdir. Yəqin ki, bu yöndə fəaliyyət göstərmək istəyənlər olsa, onlar satirik-publisistik yönümlü nəşrlərin yaradılmasına cəhd göstərəcəklər. Ona görə də satirik publisistika üçün perspektivlik daha çox görünür, nəinki satirik jurnalistika üçün”.

"Musavat.com” saytının redaktoru Xalid Kazımlı satirik nəşrlərin azaldığını düşünmür: 

"Əksinə, sanki satirik yazılar daha da çoxalıb. Bu tendensiya sosial şəbəkələrə də sıçrayıb. On statusdan yeddisinin sırf satirik ruhda, lağlağıyla, istehzayla, sarkazmla dolu olduğunu görürük. Sadəcə, bu artıq qeyri-ciddi səciyyə almağa başlayıb, hamı öz izləyicilərini güldürməyə, hədəf seçdiyi insanları satira ilə sancmağa çalışır. Bu duruma öz aramızda "xalqımızın Cem Yılmaz damarı qabarıb” deyə bir təsbit də vermişəm. Bu durum şəxsən məni, satirik yazılar müəllifi olaraq, çox da narahat eləmir, amma oxucuların bu satira sunamisindən bezdiyinin fərqindəyəm. Söhbət ciddi satirik yazılardan gedərsə, o zaman siz deyəndir. Onlar doğrudan da çatışmır”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin sözlərinə görə, satira janrı jurnalistikanın dəbdən düşmüş qolu hesab olunur: 

"Satirik jurnalistika daha çox sovetlər dönəmində dəb idi. "Kirpi” jurnalında, "Mozalan” verilişində cəmiyyətdəki neqativləri, bəzən də məmurları satira, ironiya ilə tənqid edirdilər. Müstəqillik dövründə, xüsusən 90-cı illərdə də müxtəlif nəşrlərdə bu janr müəyyən qədər populyar idi. Lakin zaman keçdikcə bu janra həm oxucu marağı azaldı, həm də bu cür qələm sahibləri azaldılar. Necə deyərlər, tələb-təklif məsələsi...

Hazırda insanlar daha çox operativ informasiya, sosial problemlərin qabardılmasını tələb edir. Onlayn media daha çox üstünlük təşkil edir, yazılı media isə daha çox ciddi siyasi-ictimai mövzulara müraciət edir. Düşünürəm ki, bu, zamanın tələbidir. İndi insanlar hansısa məsələyə gülüb keçməyi deyil, onun ciddi surətdə həllini istəyirlər. Ona görə də həm bu janra müraciət edənlərin, həm də belə yazıların oxucu kütləsi azalıb. Buna təbii, dövrün tələbi kimi yanaşmaq lazımdır”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, satirik jurnalistikanın inkişafı daha çox cəmiyyətin zövqü ilə bağlı olan məsələdir:

 "Əgər satirik jurnalistikaya sosial tələbat olsaydı, düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atmaq olardı. Lakin indiki şəraitdə buna xüsusi bir ehtiyacın duyulmadığı qənaətindəyəm. Arabir sarkazmla yazılan nəşrlərə rast gəlmək olur. Mən də köşə yazılarımda sarkazmdan istifadə etməyi, daha dərin yumoru və satiranı xoşlayıram. Lakin bu gün bizim cəmiyyətimiz daha çox ucuz şoulara gülürlər. Qadın paltarında kişi obrazı və yaxud kişi paltarında qadın obrazı olan insanlara baxmağı xoşlayırlar. Təəssüf ki, insanlarımız ucuz, qursaqdan aşağı yumora meyil edirlər. İnsanlar daha dərin şəkildə düşünmək istəmirlər, zövqlü, dərin satira ilə maraqlanmırlar. Bu aspektdən də düşünürəm ki, mətbuat cəmiyyətin güzgüsü olduğu üçün sosial sifariş olmadığından məhz bu istiqamətdə yazılar kifayət qədər az olur. Satirik yazılar yazanda, daha çox sarkazmdan istifadə etdiyim yazıları özümə görə və zövqlü adamlar üçün yazıram. Bu baxımdan düşünürəm ki, problemin kökündə bu amillər dayanır. Fikrimcə, jurnalistikanın mahiyyəti də dəyişib. Məsələn, satira daha çox hansı dövrdə inkişaf etmişdi? Biz daha çox ötən əsrin əvvəllərində Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev və digərlərinin timsalında buna rast gəlirik. O dövrdəki ifadələri birbaşa söyləmək və yaxud tənqid etmək, hansısa faktları sadalamaq mümkün deyildi. Cəmiyyətin şüuruna məhz bu yolla təsir göstərmək olurdu - onları güldürərək öz problemləri haqqında düşünməyə vadar edirdilər.

Düşünürəm ki, hazırda buna ehtiyac yoxdur. Çünki jurnalist faktlara istinad etməli, araşdırmalı, təhlil etməli və cəmiyyətə təqdim etməlidir. Ona görə də bunların satira ilə deyilməsi artıq janr fərqliliyinə gətirib çıxarır”.

E.Mirzəbəyli satiranın cəmiyyətdə ciddi və xüsusi yeri olduğu qənaətindədir: "Ciddi "stand up”lar olmalıdır. Hazırda Rusiyada bu modeli qoruyub saxlayırlar və mənim də çox xoşuma gəlir. Türkiyədə də buna müəyyən cəhdlər var. Amma Azərbaycanda hətta bu istiqamətdə atılan addımlar həddindən artıq ucuz, bəsitdir. Çünki bu işlə məşğul olan adamların intellektual potensialı olduqca azdır. Düşünürəm ki, belə işlərlə intellektual insanlar məşğul olsalar, cəmiyyətə daha çox xeyir verərlər”.
Tanınmış jurnalist Elçin Xalidbəyli satirik jurnalistikanın olduqca çətin sahə olduğunu bildirib: "Jurnalistikanın müxtəlif janrlarında mövcud olan problem əslində, jurnalistikada mövcud olan ümumi problemlərdən qaynaqlanır. Yəni bu, jurnalistikanın ümumi problemlərinin tərkib hissəsidir. Hər hansı peşə sahəsində yüksəlişə və keyfiyyətə nail olmağın yeganə yolu bunu təmin edə biləcək kadr potensialının yetişməsidir. 

Jurnalistika da bu baxımdan, istisna deyil. Hazırda Azərbaycan jurnalistikası ümumilikdə "qabıq dəyişdirmə" mərhələsinə qədəm qoyub. Belə ki, onilliklər boyu bu sahədə çalışmış peşəkar bir nəsil tədricən jurnalistikanı tərk edir. Onları əvəzləyəcək yeni nəsil isə hələlik ortalıqda tam olaraq görünmür. Yəni ola bilsin ki, yaxın gələcəkdə jurnalistikanın avanqardına çevriləcək yeni nəsil yetişmək mərhələsindədir. Ona görə də digər peşə sahələrində olduğu kimi, jurnalistikanın müxtəlif janrlarında da istedadlı və peşəkar kadr qıtlığı müşahidə edilir. 

Bu, satirik jurnalistikaya da aiddir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, satirik jurnalistika tənqidi jurnalistikanın tərkib hissəsidir. Hazırda tənqidi jurnalistika da müxtəlif obyektiv və subyektiv səbəblər ucbatından böhran yaşayır. Satirik jurnalistikanın əsas missiyası cəmiyyətdə olan çatışmazlıqların, neqativ halların "satira atəşinə tutularaq, tənqid olunmasıdır. Bu, çox çətin sahədir, xüsusi istedad tələb edir. Bu istiqamətdə isə vəziyyətin hələlik məmnunedici səviyyədə olmadığı inkaredilməzdir. Buna əlavə olaraq, cəmiyyətimizdə satirik və ya daha dəqiq desək, tənqidi jurnalistikanın inkişafı üçün uyğun mühit mövcud deyil”.

Yeganə Bayramova