Saxta dondurmalar...

Eyyub Hüseynov: “Dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir”Adil Qeybulla: “Çox ucuz dondurmalara üstünlük verilməməlidir”
Yay mövsümü ilə əlaqədar havaların daha da isti keçməsi dondurmaya olan tələbatı artırır. Çünki isti havalarda insana sərinlik gətirən qida vasitələrindən biri də dondurmadır. Lakin yaz-yay aylarında sevə-sevə alınan və istifadə edilən dondurmalar arasında saxta məhsullara da rast gəlinir. Bu da insan səhhəti üçün təhlükə yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov alıcılara dondurma alarkən diqqətli olmağı tövsiyə edir: "Əsas göstəricilərdən biri yararlılıq və saxlanma müddətidir. Dondurmaların mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlanma şkalası var. Süni dondurmalar 1 ay, qaymaqlı dondurmalar 1,5 ay, plombirlər 2 ay, pirojna, tort və kekslər 15 gün, meyvəli, giləmeyvəli və aromatik dondurmalar isə 1, 5 ay müddətində saxlana bilər. Lakin mənfi 18 dərəcədən aşağı temperaturda dondurmanın ən çox saxlanma müddəti 10 aya qədərdir.
Bu, standartların müəyyən etdiyi normalardır. İstehlakçılar bilməlidir ki, dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir. Çünki süd məhsuludur. Lakin Azərbaycanda satılan dondurmaların 70 faizinə standartların əksinə olaraq yağlılığını artırmaq üçün kərə yağı əvəzinə piylər, marqarinlər və bitki yağları qarışdırılır. Ona görə də boğazda acılıq dadı verir”.
Təşkilat rəhbəri respublika üzrə 100-ə yaxın yaxın dondurma sexində monitorinqlər apardıqlarını və yalnız bir şirkətin qida təhlükəsizlik nişanına uyğun fəaliyyət göstərdiyini deyir: "Biz monitorinqlər apardıq və yalnız Amerika İnkişaf Agentliyinin tövsiyəsi əsasında dövlət qurumları tərəfindən təsdiqlənən və qeydiyyata alınan qida təhlükəsizlik nişanına "Camal LTD” şirkətinin "İceland” dondurmaları layiq görüldü. Digər şirkətlərə isə bu nişanı şamil edə bilmədik. Çünki çox mürəkkəb bir qiymətləndirmə alqoritmi idi. Bütün bu faktlar göstərir ki, ölkənin dondurma bazarında hərcmərclik var, dondurmalar necə gəldi istehsal edilir və satışa çıxarılır”.
E.Hüseynov hesab edir ki, dondurmanın əgər qabı əyilibsə, deməli o əriyib, yenidən dondurulub: "Alıcı bilməlidir ki, əyilmiş, bükülmüş dondurmalar saxlanma şəraitinə uyğun saxlanmayıb və belə dondurmalar da yeməli deyil. Dondurma süd məhsuludur və kərə yağından hazırlanmalıdır. Dilin üzərinə qoyulanda qaymaq dadı verməlidir. Əgər acı dad verirsə, bu deməkdir ki, onun tərkibinə bitki yağı ilə marqarin qarışdırılıb. Açıq satılan dondurmalarda da problemlər var. Alıcı öz hüququndan istifadə edib onun sertifikat sənədlərini, buraxılış tarixini, son yararlılıq müddətini müəyyənləşdirməlidir”.
ATU-nun professoru Adil Qeybulla isə dondurmanın tərkibinə qatılan südlərin müəyyən hallarda pasterizə (qaynadılmadığı) edilmədiyini söyləyir: "Çünki Rusiyadan gətirilən və ya ölkə ərazisində istehsal edilən dondurmaların da süd məhsullarının nə dərəcədə qaynadıldığını demək çətindir. Əgər dondurma standartlara uyğun hazırlanıbsa, faydası var”.
Onkoloq-alim xroniki xəstələrə məsləhət görüb ki, dondurmalardan çox istifadə etməsinlər: "Xüsusilə də kondisioner altında dondurmadan istifadə məhdudlaşdırılmalıdır ki, soyuqdəyməyə səbəb olmasın. Dondurmaların düzgün qəbul edilməməsi bəzən müxtəlif xroniki xəstəliklərə də gətirib çıxara bilər. Hesab edirəm ki, dondurma alarkən keyfiyyətinə diqqət etmək lazımdır və çox ucuz dondurmalara üstünlük verilməməlidir. Ona görə ki, həmin ucuz dondurmalar standartlara uyğun hazırlanmır”.
Qeyd edək ki, dondurmanın tərkibində xeyirli vitamin (A, B, E, D) və mikroelementlər (kalsium, fosfor, dəmir, maqnezium) var. Bir çox insanların fikrinə görə, dondurma anginaya səbəb olur. Lakin bu belə deyil. Əgər insan dondurmanı asta-asta yeyərsə, onun boğazı ağrımayacaq. Əksinə, bunun nəticəsində ağız boşluğu selikli qişaların immuniteti möhkəmlənir və insan daha gec-gec xəstələnir. Bəzi lor-həkimlər anginadan əziyyət çəkən insanlara məhz belə qeyri-adi möhkəmlənmə üsulunu tövsiyə edirlər. Lakin dondurmanı dişləyə-dişləyə yemək olmaz. Bu həm dişlər, həm də boğaz üçün ziyanlıdır.
Vüqar Şahinoğlu