İctimai nəqliyyatda savadsız, yol-hərəkəti qaydalarını bilməyən, özünü apara bilməyən, davranış qaydalarından xəbərsiz sürücülər var
Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu bildirilir.
Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.
Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edilir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisə barədə fikirlərini "Şərq”lə bölüşən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov sürücülərin çox zaman hərəkət qaydalarını pozduğunu və bunun da ağır nəticələrə səbəb olduğunu dedi:
- Sürücü var ki, yol-hərəkəti qaydalarını bilmir, bilmədiyi üçün də qəzalara şərait yaradır. Sürücü də var ki, qaydaları bilir, amma onları bilə-bilə pozur. Bu da təbii ki, ağır faciələrə gətirib çıxarır. Biz azyaşlının ölümü və neçə nəfərin də xəsarət alması ilə nəticələnmiş həmin yol qəzasının konkret hansı səbəblərdən baş verdiyini bilmirik. Verilən məlumata görə, avtobus yük avtomobili ilə toqquşub. Araşdırma aparılacaq və aydın olacaq ki, yük avtomobili avtobusun hərəkət zolağına çıxıb, yoxsa qəza avtobus sürücüsünün səhvi ucbatından baş verib. Amma bir məsələ aydındır ki, bir çox hallarda avtomobillər naşı sürücülərə həvalə edilir. Görün, istər paytaxtda, istərsə də regionlarda nə qədər yol-nəqliyyat qəzaları baş verir. Sayı-hesabı yoxdur. İctimai nəqliyyatda da savadsız, yol-hərəkəti qaydalarını bilməyən, ümumiyyətlə, özünü apara bilməyən, davranış qaydalarından xəbərsiz sürücülər var. Dəfələrlə sürücülərə xəbərdarlıq edilir ki, ötmə qaydalarına əməl etsinlər, sürət həddini aşmasınlar. Diqqətli olsunlar. Amma nə fayda?! Xüsusilə də ictimai nəqliyyatda çalışanlar diqqətli olmalıdır və bir məsuliyyət hissi daşımalıdırlar ki, axı biz insan aparırıq. Avtobusun salonunda sərnişin varsa, sürücü bütün diqqətini cəmləməlidir. Çünki o, insan taleyinə cavabdehdir. Məktəbliləri daşıyan servis avtobusları da həmçinin. İndi bir çox məktəblər, liseylər daşıma servisi xidmətindən istifadə edir. Bu, çox yaxşıdır. Valideyn məktəblini aparıb-gətirməli olmur, vaxtını itirmir, şagird də yorulmur, vaxtında dərsə gedib-gəlir. Amma məktəb servisinə sürücü işə götürülərkən onun kateqoriyasına fikir verilməlidir. Avtobus idarə etməyin öz kateqoriyası var. Gərək sürücü professional olsun. Amma bəzən baxırsan ki, 19-20 yaşlı gənclər əyləşib sükan arxasında. Cavan sürücünün təcrübəsi çox ola bilməz. İctimai nəqliyyatın idarəedilməsi mütləq təcrübəli, peşəkar sürücülərə həvalə edilməlidir. Ümumiyyətlə, valideynlər gənc övladlarına avtomobil hədiyyə edib, onları göz-görəsi ölümün ağuşuna atmasınlar. Nə qədər nəqliyyat qəzaları, ölüm hadisələri məhz gənclərin avtomobil sükanı arxasına keçməsi səbəbindən baş verir.
Məlahət Rzayeva