"Saytlar jurnalistika deyil kimi yanaşma, yanlışdır. Bu jurnalistikadır, özü də jurnalistikanın ön cəbhəsidir, onlayndır, gündəlik, dəqiqəlik xəbərlərin yenilənməsidir və s.”
Bunu "Sherg.az”a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
Elektron medianın müsbət və mənfi yönlərini qiymətləndirən Q. Məhərrəmli həmçinin hansı halların saytların nüfuzuna xələl gətirdiyini də açıqlayıb:
"Saytların müsbət cəhəti odur ki, xəbərlər operativ olur, dərhal onu auditoriyaya ötürə bilirik. Mənfi cəhəti isə odur ki, sayta nə gəldi yerləşdiririk. Ən mənfi cəhəti budur. Halbuki dəqiqləşmə aparılmalıdır ki, bu, xəbərdi, yoxsa yox, bu materialı vermək olar, ya yox. Bütün dünyada xəbər üçün ölçülər müəyyənləşdirilib. Bu, normativ yanaşmadı.
O ölçülərə uyğun gəlməyən xəbərləri kənara qoymaq lazımdı. Bəzi xəbərlər uyğun gələ bilər. Amma onu vermək cəmiyyət üçün nə dərəcədə əhəmiyyətlidir?! Bunun xeyri çoxdur, ya ziyanı? Bu ictimai əxlaqı, ictimai psixologiyanı zədələyə bilər ya yox? Bu məsələdə, xəbər seçimlərində redaktorlardan xüsusi peşəkarlıq tələb olunur.
Saytlarda nə gəldi yazılsa, paylaşılsa, daha çox əyləncə xəbərləri verilsə, insan düşüncəsinə sığmayan, yaşayış normalarından kənarda qalan xəbərlər üstünlük təşkil etsə, əlbəttə ki, bunu jurnalistika hesab etmək olmaz.
Necə ki, bir çox saytlar ancaq bunun üzərində qurulub. Manipuliyativ, yalan, düzəldilmiş, süni materiallar çoxdu, xəbər ölçülərinə uyğun gəlməyən məlumatların saytda çoxalması istər-istəməz saytları gözdən salır. Onların nüfuzuna ciddi xələl gətirir. Yanlış olan səhifəni yeniləmək məqsədilə, xəbər lentini təzələmək düşüncəsi ilə istənilən məlumatın xəbər kimi yayımlanmasıdır”.
Professorun sözlərinə görə, jurnalistika həm də məlumat və xəbərlərin filtirdən keçirilməsidir:
"Məlumatları qaydalar, parametrlər və standartlar filtirindən keçirmək və ondan sonra səhifəyə yerləşdirmək lazımdır. Ona görə peşəkar redaktorlar buna diqqət yetirməlidir. İstər qəzetlərdə, istərsə də televiziya və radiolarda xəbərlərin vahid parametrləri var. Və o ölçülərə uyğun gəlməyən məlumatları kənara qoymaq lazımdır.
Məişət, zorakılıq, şişirdilmiş xəbərlər və s. bu kateqoriyaya daxil etmək olar. Kimin jurnalist olması, kimin jurnalist olmaması önəmli deyil. Önəmli olan saytların cəmiyyəti doğru-düzgün məlumatlandırmasıdır. Əlbəttə, jurnalist olmağın üstünlüyü budur ki, o, etik qaydaları bu və ya başqa formada bildiyindən ölçüləri, qırmızı xətti keçə bilmir. Lakin bəzi redaktorlar qeyri-peşə sahibləri olsalar da , onların rəhbərlik etdiyi media quruluşları normal fəaliyyət göstərə bilir”.
Standartlara uyğun gəlməyən saytlara nəzarət məsələsinə gəlincə, Q.Məhərrəmli vurğulayıb ki, bu, jurnalistikanın deyil, cəmiyyətin problemidir:
"Elektron mediaya heç bir nəzarət olmamalıdır. Hesab edirəm ki, jurnalistikada saytlar sistemində etik tənzimləmələr mövcud olmalıdır. İctimai əxlaqa zidd olan qaydalara, etik normalara uyğun gəlməyən davranışlara yol vermək olmaz. Başqa tənzimləmə - hökümət tənzimləməsi, iqtisadi ölçülərlə yanaşma bunlar ola bilməz.
Alt düşüncədə olan saytların çoxu cəmiyyəti məlumatlandırmaq üçün açılmır. Onların bir çoxu xırda biznes, alver, reket, adamları qorxutmaq, şantaj etmək, bu məqsədlə yaradılır. Jurnalistika hesab edilməyən əslində bunlardır. O isə artıq kriminal məsələdir. Kimisə qorxudub, pul tələb etmək jurnalistika faktı deyil.
Bu ciddi cinayət faktıdır və onunla başqa qurumlar məşğul olmalıdır. Ona görə, düşünürəm ki, saytlarin bizə açdığı yeni imkanlardan cəmiyyətin məlumatlandırılması üçün çox səmərəli, ağıllı istifadə etməliyik. Belə olmasa, jurnalistikaya bənzər kvayzer jurnalistika meydana gəlir və onu jurnalistika hesab etmək olmaz”.
Sevda ULUTAU