İradə Cavadova: “Qəza bilərəkdən törədilmiş cinayət deyil”
Bakı Apellyasiya Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərlinin oğlu İlham Əsgərlinin və onunla bərabər həbs edilmiş yük maşını sürücüsü Əhliman Süleymanovun şikayətinə baxılıb. Məlumata görə, 17 yaşlı İlham Əsgərlinin həbs cəzası 1 il azaldılıb və 3 illik məntəqə tipli cəza ilə əvəzlənib. Çünki ibtidai istintaq zamanı ekspertiza rəylərində qəzaya İ.Əsgərlinin "Mercedes”i yüksək sürətlə idarə etməsinin səbəb olduğu göstərilsə də, təkrar ekspertizada qəzanın Ə.Süleymanovun sürdüyü "Howo” markalı yük maşınının yolda manevr etməsindən törədildiyi müəyyənləşib.
Sürücü Ə.Süleymanovun cəzası isə qüvvəsində qalıb. Məlumat üçün bildirək ki, ötən il sentyabrın 27-də İ.Əsgərlinin idarə etdiyi "Mercedes S500” markalı avtomobil Zığ-Aeroport yolunda Ə.Süleymanovun idarə etdiyi "Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İ.Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İ.Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, keçmiş sinif yoldaşı Sənan Mirzəyev isə dünyasını dəyişib. Bu səbəbdən məhkəmə İ.Əsgərlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Ə.Süleymanova isə 6 il cəza kəsilib.
Məsələyə aydınlıq gətirən vəkil İradə Cavadova "Şərq”ə açıqlamasında qeyd edib ki, son zamanlar ölkəmizdə məmur övladlarının özbaşınalığının aradan qaldırılması yönündə çox müsbət dəyişikliklər nəzərə çarpır: "Məmurlar düşünməməlidirlər ki, onların özləri və uşaqları hansısa hadisə törətdikdə, cəzadan yaxa qurtara bilərlər. Təbii ki, hansısa vəzifəli şəxsin övladlarının törətdikləri hadisələr daha geniş qabardılır. Çünki onlar ictimaiyyətin diqqət mərkəzindədirlər. Ona görə də, məmur balaları bütün davranışlarında nümunəvi olmalıdırlar”.
Yol qəzalarına görə tətbiq olunan cəzalara gəlincə, müsahibimiz söyləyib ki, heç kim bu hadisədən sığortalanmayıb: "Gəlin, İ.Əsgərliyə icra başçısının oğlu deyil, sıravi vətəndaş kimi yanaşaq. Elə sadə vətəndaşlar olub ki, onların da cəzaları yüngülləşdirilib. Apellyasiya Məhkəməsi ondan ötəridir ki, cəzanı yüngülləşdirən halları təqdim edəsən. O da təqdim olunan materiallara əsasən cəzaları azalda və azaltmaya bilər. Yəqin ki, İ.Əsgərlinin də işində yüngülləşdirici hallar olub. Nəzərə almaq lazımdır ki, qəza bilərəkdən törədilmiş cinayət deyil. Təsadüf nəticəsində baş verib. Ona görə də bu işdə sərt davranmaq düzgün deyil”.
Ayyət Əhməd