Seçkidən sonra Ermənistanda qan töküləcək

Sarkisyana mümkün etirazları yatırmaq üçün Rusiyanın açıq dəstəyi lazım olacaq

Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təbliğat kampaniyası silahlı insidentlərlə başlayıb. Son iki gündə kampaniya zamanı silahlı toqquşmalar qeydə alınıb. Düşmən ölkənin Armavir vilayətində Crarat kənd icma rəhbəri Samvel Qalstyan həmkəndlisi Akop Melkonyanı avtomatla güllələyib, onun dayısını isə bıçaqlayıb. Erməni polisin məlumatına görə, qanlı insident zamanı üç nəfər ağır xəsarət alıb.

Prezident Serj Sarkisyanın aprel seçkilərində güclü rəqibi hesab edilən "Ohanyan-Raffi-Oskanyan” bloku bəyan edib ki, Crarat kəndindəki atışmanı hakim Respublika partiyasının yerli nümayəndəsi həyata keçirib. Blokun mətbuat katibi Areqnaz Manukyan bildirib ki, Sarkisyanın partiya nümayəndələri "Ohanyan-Raffi-Oskanyan” blokuna qarşı silahları qəsdən işə salıblar. "Newsarmenia” saytı yazıb ki, silahlı insidentdə Armavir vilayəti polis müdirinin müavini Levon Eranosyanın qardaşı Lernik Eranosyan da ağır güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilsə də, vəziyyəti barədə məlumat verilmir. Baş vermiş hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi cinayət işi açıb. Erməni KİV-lərinin yazdığına görə, aprelin 2-nə qədər ölkədə vəziyyət daha da kəskinləşə bilər. Çünki Sarkisyan rejimi silahlardan geniş istifadə etməklə ölkədə qorxu yaymağa çalışır. Ekspertlərin fikrincə, yaxın günlərdə insanlar İrəvana axın edərək böyük etirazlara başlayacaq. Şübhəsiz ki, həmin aksiya zamanı da silahlar işə düşəcək. Xatırladaq ki, bundan əvvəl də "Ohanyan-Raffi-Oskanyan” blokunun seçicilərlə görüşü zamanı hakim partiyanın üzvü Samvel Qalstayn keçmiş müdafiə naziri Seyran Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb. Onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına atəş açıb. Nəticədə dava düşüb və hər iki tərəfdən xəsarət alanlar olub. Ermənistanda Parlament seçkiləri öncəsi siyasi gərginlik davam etməkdədir. Martın 12- də baş verən silahlı insident mövcud vəziyyəti daha da çətinləşdirib. Hətta ölkədə vətəndaş müharibəsinin başlayacağını iddia edənlər də var. Yerli mətbuat ölkənin mafiya ocağına çevrildiyini yazır. Saytlarda "Ermənistan Seçkiöncəsi Siciliyaya Çevrilir”, "Ermənistan -Yeni Mafiya Yuvası” başlıqlı xəbərlər yayılıb. Erməni mətbuatı bildirib ki, Sarkisyan hökuməti parlament seçkilərini küçə avaralarının davası səviyyəsinə düşürüb. Ölkəni rüsvay edib, bütün prosesi gözdən salıb”. 

Separatçı erməni rejiminin keçmiş təmsilçisi Samvel Babayan hadisələrə olduqca sərt münasibət bildirib: "Heç kimə məsləhət görməzdim ki, işlərimizə qarışsın və ya tərəfdarlarımıza atəş açsın. Belə getsə, çox qanlar töküləcək. Vətəndaş müharibəsi başlayacaq”. "Jamanak” qəzeti Crarat kəndində baş verənlərin təkrarlanacağı ilə bağlı məlumat yayıb. 

Məlumatdan sonra yeni atışma baş verib. Hesab edilir ki, insidentlər ORO blokunun hazırkı hakimiyyətə qarşı digər müxalif qüvvələr üzərində üstünlük qazanmaq üçün yeganə imkanıdır. Atışma bu məntiqi doğrulayır”. "Joxovurd” qəzeti isə Ermənistanı Siciliyaya bənzədib: "Başlanğıcda hakim partiyanın nümayəndələri öz aralarında "söz davası” aparırdılar. Bu gün isə hökumət təmsilçiləri siyasi rəqibləri ilə aralarındakı problemlərini silah və yumruq gücünə həll etməyə başlayıblar”. Bundan başqa bildirilib ki, baş nazir Karen Karapetyanın ən etibarlı adamlarından biri hesab edilən Dövlət Gəlirləri Komitəsinin rəhbəri Vardan Arutyunyan öz əməkdaşlarına Sarkisyanın xeyrinə səs toplamaq üçün xüsusi göstərişlər verib: "Bütün vergi idarələrinin rəhbərləri öz əməkdaşlarını çağıraraq ailələrinin pasportlarını istəyiblər. Etiraz edənləri isə işdən qovmaqla hədələyiblər. Həmçinin, məlum olub ki, Arutyunyan analoji üsullardan "Ermənistan Qazprom”un rəhbəri olduğu dövrdə də istifadə edib”.

Ermənistandakı proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran siyasi ekspert Azər Rəşidoğlu deyib ki, Sarkisyan Rusiyaya güvənir. Çünki o, Rusiya ilə birgə Gümrüdə yeni müdafiə sənaye kompleksinin yaradılmasına razılıq verib: 

"Ermənistan Prezidenti Rusiyanın dəstəyini qazanmağa çalışır. Əslində, Sarkisyan qorxur ki, parlament seçkiləri onun iradəsinin tam tərsinə yekunlaşa bilər. Buna görə də Rusiya ilə birgə hərbi-sənaye kompleksi yaratmağı təklif etməklə, Kremlin dəstəyini qazanmağa çalışır. Çünki seçkini saxtalaşdırmaq niyyətini gizlətməyən Sarkisyan anlayır ki, seçkidən sonra ölkədə vətəndaş müharibəsi baş verə bilər. Bu baxımdan mümkün etirazları yatırmaq üçün ona Rusiyanın açıq dəstəyi lazım olacaq. Lakin "Ohanyan-Raffi-Oskanyan” seçki bloku da geri çəkilmək niyyətində deyil. Onlar vəziyyəti gərginləşdirməklə Sarkisyana təzyiq edirlər. İstənilən halda Ermənistanda bir xaos yaşanır və seçkidən sonra ölkədə qan töküləcəyi də istisna edilmir”.

İsmayıl