"“Seçkiqabağı cəbhə xəttində təxribatlar ermənilərə daha çox lazımdır"






Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edən düşmən qüvvələri Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstəriblər.

Ermənistan silahlılarının kəşfiyyat-diversiya qrupuna məxsus "UAZ” markalı avtomobil bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb. Görülən qabaqlayıcı tədbir nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb. Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan "UAZ” avtomobilinə atəş açaraq onu partladıb. Məlumdur ki, 2018-ci ilin yanvar ayından etibarən münaqişənin həlli istiqamətində danışıqlara start verildi və bir sıra təmaslar baş tutdu. Daha sonra həmsədrlər bölgəyə səfər etdilər və bizim üçün ən lüzumsuz məqam sayılan "təmas xəttində müşahidəçilər” məsələsini ortaya atdılar. Lakin düşmənin təxribatları bir daha göstərir ki, Ermənistan tərəfi heç bir sülh danışıqlarına hazır deyil. Ən əsası isə odur ki, bu ilin mart-aprel aylarında Ermənistanda və Azərbaycanda, hətta düşmənin himayədarı olan Rusiyada seçkilər keçiriləcək. Bu baxımdan da təmas xəttində düşmənin atəşkəsi pozmayacağı ehtimal edilirdi. 

Çünki cəbhə xəttində istənilən ziddiyyət ilk növbədə düşmən ölkəyə baha başa gələcək. Belə məqamda düşmənin təxribatının məqsədi nədir?

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən tanınmış politoloq Nəzakət Məmmədova deyib ki, cəbhə xəttində gərginliyin saxlanması Ermənistanın əsas prioritetidir. 

Ekspertin sözlərinə görə, bu tip ölkələr və onların militarist, şovinist siyasi elitası dərk edir ki, hakimiyyəti ancaq belə yollarla əldə saxlaya bilərlər: 


"Xalqa təlqin etməyə çalışırlar ki, xarici təhlükənin qarşısını sadəcə onlar ala bilərlər. Buna görə də indiki hakimiyyət ömrünü uzatmalıdır. Seçkiqabağı bu cür fəallaşmalar, cəbhə xəttində təxribatlar ermənilərə daha çox lazımdır və bu, sırf daxili kütləyə hesablanmış addımdır. Ermənistanda hakimiyyətin mənbəyi xalq yox, bir qrup şovinist, radikal təfəkkürlü şəxslərdən ibarət rejim və onların havadarı Rusiyadır. Ermənistan rəhbərliyində olan şəxslər normal ali təhsili olmayan, işğalçı müharibədə iştirak etmiş bir qrup barbar təfəkkürlü insanlardır. Hər bir hakimiyyətin idarəetmə üsulu oradakı insanların təhsilinə, həyat təcrübəsinə, dünyagörüşünə uyğundur. Ermənistandakı hakimiyyət isə saydıqlarımızdan uzaqdır. Onların təsəvvüründə hər şey zorakılıq, müharibə ilə assosiasiya olunur. Bu cür düşüncə ölkənin siyasətində də özünü aydın göstərir”.

Siyasi şərhçi bildirib ki, cəbhə xəttindəki təxribatlar, atəşkəsin pozulması, mülki şəxslərin öldürülməsi işğalçı ölkənin prosesə yanaşmasının nəticəsidir: "Ermənistan tərəfi belə təxribatlar törətməklə həm ənənəvi təxribatçılıq mövqeyini ortaya qoyur, həm də seçki ərəfəsində xalqı təhlükənin gücləndiyi qorxusu ilə səfərbər etməyə çalışır. Onlara görə, xalq gərginliyi görərək yeganə çıxış yolu kimi indiki hakimiyyətə səs verəcəklər. 

Eyni zamanda, Azərbaycandakı seçkilər ərəfəsində ölkəmizdə əhali arasında narahatlıq yaratmaq istəyirlər. ATƏT-in müşahidə missiyası genişləndirilmiş tərkibdə hələ ki, fəaliyyətə başlamayıb, monitorinq keçirməyib. Görünür, ermənilər yaranmış fürsətdən istifadə edərək müəyyən taktiki üstünlüyə nail olmağa cəhd edirlər”.

İsmayıl