"Mən tələbənin ali məktəbdən xaric edilməsini birmənalı şəkildə dəstəkləyirəm" - SOSİOLOQ

  • "Çünki belə addımlara qarşı birmənalı şəkildə sərt və qətiyyətli olmaq lazımdır ki, istənilən ayrı-seçkilik, istənilən zorakılıq özünə yol tapmasın"

Məktəbli yeniyetmə qızın güzgü qarşısında dayanıb makiyaj etməsini, məktəbli oğlanlarınsa elektron siqaret çəkmələri görüntülərini, II kurs tələbəsinin də I kurs tələbələrinə hədə-qorxu gəldiyi videonun sosial şəbəkələrdə paylaşılması ciddi suallar doğurur.

Yeniyetmə və gənclərimiz özünü təsdiqə niyə bu qədər ehtiyac duyur? Nəzərə alaq ki, sosial platformalarda təkcə yeniyetmə və ya gənclər deyil aktiv olan. Ən kiçik yaşlıdan tutmuş ahıl insanlaradək hər gün müxtəlif və əsasən də ciddi mahiyyət daşımayan, əyləncə, ya da zorakılıq xarakterli paylaşımlar edilir. Məktəbli bir qız niyə güzgü qarşısında dayanıb makiyaj etdiyini və dərsə getməyə hazırlaşdığını el-aləmə car çəkməlidir? II kurs tələbəsi niyə ali məktəbə yenicə daxil olmuş gənclərə hədə-qorxu gəlməlidir? Bunun kökündə, əsasında nə dayanır? Valideyn səhlənkarlığı, nəzarətsizlik, yoxsa günümüzün sosial şəbəkə reallıqları?

Sosioloq Naib Niftəliyev Sherg.az-a məsələni izah etdi: 

- Məktəbli qızın makiyaj etməsində prinsipial şəkildə qeyri-adi bir şey yoxdur. Düşünürəm ki, bu yaşda uşağı tam anlaqlı hesab etmək də doğru deyil. Uşağın şəxsiyyətinin ilkin strukturu 3 yaşa qədər formalaşır, 5 yaşda isə sabit strukturun əsas əlamətləri formalaşır. Uşaqların davranışında olan müəyyən yanlışlıqlar, müəyyən ifadələr sadəcə yamsılama xarakteri daşıyır və buna xüsusi bir sosial anlam, şəxsiyyət anlamı gətirməyin adı yoxdur. İstənilən halda şəxsiyyətin sabit strukturunun formalaşması, şəxsiyyətin tam özünüdərk vəziyyəti 6-7 yaş həddində sabitləşir və bunun əsasında sonrakı mərhələ - kiçik və sonra böyük uşaqlıq dövrü başlayır. Yəni, burada uşağın hərəkətlərini nə qınamaq, nə də xüsusi bir fakt əsasında müzakirəyə çıxarmaq əhəmiyyətsizdir. Digər fakt isə, İncəsənət Universitetinin tələbəsinin hansısa hərəkəti fərdi xarakter daşıyır və universitetin atdığı addım da, yəni, tam yerində və adekvatdır. Mən universitetin tələbəni ali məktəbdən xaric etmək qərarını birmənalı şəkildə dəstəkləyirəm. Çünki belə addımlara qarşı birmənalı şəkildə sərt və qətiyyətli olmaq lazımdır ki, istənilən ayrı-seçkilik, istənilən zorakılıq özünə yol tapmasın. Təbii ki, hər kəsin davranışına universitet nəzarət etməyə borclu deyil. Yəni, hər bir tələbə bir şəxsiyyət olaraq özünə cavabdehdir. Davranışlarına hədd qoya bilməyən tələbə universitet auditoriyasında əyləşməməlidirlər. Ayrı-seçkilik edən şəxsin universitet tələbəsi adını daşımağa mənəvi haqqı yoxdur. Əgər universitet tələbəsidirsə, hər kəsə bərabər yanaşmağı, yəni ali təhsil keyfiyyətini öz şəxsiyyətində ifadə etməyi bacarmalıdır. Yəni, o keyfiyyətə yiyələnməlidir. Yiyələnə bilmirsə, demək, ali təhsil almağa layiq deyil. Öncə öz şəxsiyyətini formalaşdırmağa, tərbiyə etməyə çalışmalı, sonra təhsil almaq haqqında düşünməlidir. Təhdid, təzyiq, kənar təsirlər, istənilən vətəndaş münasibətlərinə müdaxilə yolverilməzdir. Bu, hətta cinayət məsuliyyəti yaradan addımdır. Yəni, təhdid edirsənsə, demək ki, kimisə qısnayırsan, bullinqə, mobbinqə, digər sosial təzyiqlərə məruz qoyursan və bu halda lazım olan tədbiri, cəzanı, sanksiyanı görməlisən, almalısan. Cəzalar da insanı problemlə üzləşdirmək üçün deyil, səhvini anlatmaq üçündür. Humanizm heç də həmişə ədalətli həll deyil. Ədalətli həll qətiyyətli, rasional, məqsədyönlü və bəzi hallarda güzəştsiz davranışlarla və qərarlarla şərtlənir. 

Sosioloq bildirdi ki, kimin harada nə paylaşması şəxsi məsələdir. Amma paylaşımlar ictimai qaydaları pozursa, ictimai təhlükəli vəziyyət yaradırsa, müvafiq qurumlar, istər hüquq-mühafizə orqanları, istər digər təşkilatlar sosial məsuliyyət prinsipini nəzərə alaraq adekvat tədbir görməli və ictimai təhlükəlilik yarada biləcək hər bir addımı məqsədyönlü şəkildə tənzimləməli, aradan qaldırmalıdır: 

- Burada diqqət yetirməli olduğumuz məqam odur ki, yeniyetmə və ya uşaq müəyyən səhvlərə yol verə bilər. Təbii ki, uşaqların lazımi tərbiyə almaması da ayrıca və xüsusi bir məsələdir. Bu məsələyə biz də - həm sosioloqlar, həm tədqiqatçılar, həm də psixoloqlar xüsusi diqqət yetiririk. Bu, hər üç istiqamət üzrə diqqət mərkəzində olan məsələlərdəndir. Hər bir halda, yeniyetməlik dövrü çətin dövr hesab olunur. İndiki dövrdə texnologiyalardan istifadəyə müəyyən məhdudiyyətlərin qoyulması, onların istifadəsi ilə bağlı bəzi icazələrin tətbiq olunması, valideyn razılığı məsələsinin daha çox önə çəkilməsi və bunun hüquqi çərçivəyə salınması, əlbəttə, müsbət addımlardır. Amma bütün bunların kifayət edib-etmədiyi də ayrıca müzakirə olunmalıdır. Bəziləri bu tip paylaşımları etməkdə maraqlı olurlar. Yəni, cəmiyyətdə iki əks tendensiya müşahidə olunur. Bir tərəfdə mental dəyərləri, milli-mənəvi və ailə dəyərlərini qoruma yanaşması, digər tərəfdə isə bunun əksinə olaraq, məlumat və münasibətləri daha da liberallaşdıraraq bundan müəyyən fayda götürmək istəyən yanaşma dayanır. Kimsə düşünür ki, bunu paylaşmaqla fayda əldə etmək olar. Məsələn, ola bilər ki, hansısa kosmetik məhsuldan istifadə etmək qız üçün adi və normal qəbul edilsin. Amma bunu ictimailəşdirmək, nümayişkaranə şəkildə paylaşmaq hər zaman məqsədəuyğun və etik deyil. Hesab edirəm ki, yeniyetmələrə bu məsələlər izah olunmalı, onlar maarifləndirilməli və düzgün istiqamətləndirilməlidirlər. Bu baxımdan, tənzimləyici tədbirlərin görülməsi məqsədəuyğun olar. Amma yenə də, bu cür məsələlər müəyyən şərtlər və qaydalar çərçivəsində həllini tapmalıdır.