ADMİU-nun tələbəsi sosial şəbəkələrdə hədə-qorxu xarakterli çıxışına görə universitetdən xaric edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video ilə bağlı açıqlama yayıb.

Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə, xüsusilə, “TikTok” platformasında yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb.

"Sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır. Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.

Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.

Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.

Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.

Qeyd edək ki, hər iki gənc sosial şəbəkələrdə canlı yayımda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşağı kurslarda təhsil alan tələbələr haqqında aşağılayıcı ifadələr işlədiblər.

Onlar etdikləri çıxışa görə Yasamal RPİ-yə dəvət olunub. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub.