Paşinyan: Babamın mənə təyyarə miras qoyduğunu öyrəndim

Ermənistan Baş naziri Nikol Paşinyan xarici ölkələrə səfər etdiyi təyyarənin kimə məxsus olması ilə bağlı yerli müxalifətin iddiasına ironiyalı cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Üçbaşlı müharibə partiyası” ilə əlaqəli media orqanlarının bu gün Almaniyaya yola düşdüyüm təyyarənin kimə məxsus olduğu ilə bağlı suallarına cavab olaraq deyirəm: bu mənim şəxsi təyyarəmdir. Keçən həftə təsadüfən babamın mənə miras qoyduğunu öyrəndim. İndi sənədləri yoluna qoymağa çalışırıq.

Bu məlumatı araşdırmaq üçün edilən istənilən cəhdi siyasi qisas, insan hüquqlarının kobud şəkildə pozulması və demokratiya panikası hesab edirəm. Təyyarəmdən əllərinizi çəkin”, - Paşinyan bildirib.

Ermənistan Baş naziri “üçbaşlı müharibə partiyası” dedikdə, müxalifət liderləri Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Sarukyan arasındakı ittifaqı nəzərdə tutur.