İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya müsahibə verib.
Həmin müsahibəni bəzi detallarını təqdim edirik:
- İŞİD növbəti hədəfinin Qafqaz olduğunu açıqlayıb. Bu təşkilat region üçün hansı təhlükələri törədir və qarşısını necə almaq mümkündür?
- İŞİD özünü çox təbliğ edir və malik olduğu gücü 5 qat artıq göstərməyə çalışır. İŞİD-i yaradan Qərb ölkələrinin mediası bu qruplaşmanın gücünü daha böyük göstərməyə çalışır. İŞİD-ə çoxlu köməklilərin göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyiblər. Yəməndə bunlar "Əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar. Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır. Bunların Qafqazda 2 hədəfləri var. Birinci məqsədləri Şimalı Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər. Mən düşünmürəm ki, bunlar Azərbaycanda bir uğur əldə edə bilsinlər. Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır. Düşünürəm ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil. Regional ölkələr birgə səy göstərməlidirlər. Bütün region ölkələri birləşərək terrorizmin yeni növü olan İŞİD və "Əl-Qaidə” terrorçularına qarşı birgə mübarizə aparmalıdırlar. Qərb ölkələri də İŞİD-i dəstəklədiklərinə görə nüfuzları əldən gedir. Bunu dərk edirlər və bir qədər mühafizəkar olublar. Hazırda Qərb ölkələri arasında İŞİD-i müdafiə etmək mövzusunda fikir ayrılığı yaranıb. Bu da regionda İŞİD-lə mübarizə üçün yaxşı fürsət yaradıb.
- Dağlıq Qarabağ münaqişəsinin həllində durğunluq müşahidə olunur. Sizcə, bu, nə ilə bağlıdır və nə qədər belə davam edə bilər?
- Düşünürəm ki, Minsk Qrupu daha fəal hərəkət etsə və öz vəzifəsini yerinə yetirsə, münaqişənin həlli o qədər də uzaq deyil. Mən xəbərlərdən əldə etdiyim məlumata görə, Bakıda keçirilən Avropa Oyunlarından sonra Minsk Qrupu yenindən öz fəaliyyətini artırmalı və müzakirələri davam etdirməlidir. Düşünürəm ki, Minsk Qrupunun həmsədrləri müzakirələrin aparılmasında daha fəal olsalar və münaqişənin həlli ilə bağlı beynəlxalq qanunlara riayət etsələr, müsbət həll gözləmək olar. İran müzakirələrin davam etdirilməsinin, münaqişənin sülh yolu ilə həll olunmasının və müzakirələrin Bakı ilə İrəvan arasında davam etdirilməsinin tərəfdarıdır.
- Ermənistan ordusu İranla həmsərhəd olan işğal olunmuş Azərbaycan ərazilərində yanğınlar törədir. Bu, İranın ekologiyasına necə təsir edib?
- Düzdür, bununla bağlı iki fakt qeydə alınıb. İran tərəfi də sərhəddə, meşələrdə olan bu yanğınlara müdaxilə edərək yanğınların söndürülməsində iştirak edib. Yanğınlar əkinçilik üçün müəyyən fəsadlar yaradıb. Biz bu yanğınların səbəblərini dəqiq bilmirik.