Şəhərdə velosiped zolaqlarının salınması yaxşı haldır

Amma bəzi küçələrdə bunu tətbiq etmək mümkün olmayacaq


Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən yollarda velosiped zolaqları və duracaqları yaradılacaq.

Sənəddə bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.

Bu günə qədər yol-nəqliyyat hadisələri arasında digər sürücülər kimi velosipedçilərin də ölümü və xəsarətlər alması baş verib. Velosipedçilər bunun səbəbini onlar üçün xüsusi yol zolağının olmamasında görürdü. Maraqlıdır, paytaxtın hazırkı yol infrastrukturu velosiped zolaqları və duracaqlarının yaradılması üçün əlverişlidirmi?

Yeni sənədin kifayət qədər faydalı olduğunu deyən "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı "Şərq”ə bildirib ki, ölkə başçısının sərəncamı ekologiyanı, ətraf mühiti qorumaq üçün atılan bir addımdır. Ekspertin fikrincə, Bakı şəhəri elə bir formaya salınıb ki, velosiped zolaqlarının yaradılması üçün əksər küçə və prospektlərdə söküntü işi aparmaq lazımdır:

 "Bəzi sürücülər maşını elə sürür ki, zolağı yaratsalar belə, şəxsən mənim bahalı velosipedim olarsa, o zolağa girmərəm. Mütləq hansısa axmaq sürücü özünü fərqləndirmək üçün həmin zolağa keçəcək. Hələ ki, zolaqlar yoxdur və yolun hərəkət hissəsinə çıxıb velosiped sürənlər o qədər çox deyil. Amma bununla belə nə qədər velosipedçilər yol qəzasının qurbanı olublar. 

Tam əminliklə deyirəm ki, günahın çoxu velosipedçilərin özündə olub. Çünki əksəriyyəti azyaşlılardır. 14 yaşa qədər velosipedçilərin yolun hərəkət hissəsinə çıxması qadağandır. Valideynlər nəzarət etmirlər, onlar sadəcə övladlarına velosiped almaqla kifayətlənirlər. Amma uşaq onu harda və necə sürəcək, bununla maraqlanmırlar. Bəzən valideynləri də qınamıram, çünki onlar da həmin qaydaları bilmirlər. Bilmədiklərini öz övladlarına necə öyrətsinlər? Ona görə də bu sahədə geniş təbliğat işi aparmaq lazımdır. İnsanlara ilk növbədə yol mədəniyyəti aşılanmalıdır. Biz nə vaxt normal piyada olub, avtobusun oturacağına zərər verməyəcəyik, o zaman yaxşı velosipedçi və digər nəqliyyat vasitələrini idarə edən sürücü olacağıq”.

E.Muradlının sözlərinə görə, Bakının bəzi küçə və prospektlərində velosiped zolağını yaratmaq olar, sadəcə olaraq bu, kütləvi olmayacaq:

 "Məsələn, velosiped zolağı Yusif Səfərov küçəsində və yaxud Neftçilər prospektində yaradıldı. Velosipedçi gəlib "İçərişəhər" metrosuna qalxanda nəqliyyat vasitələrinin arasında itib batacaqsa, bunun harası velosiped zolağı oldu? Davamlı sistem qurmaq çox çətindir. Artıq tikinti şirkətləri kiçik məhəllələri alırlar və orada tikinti işləri aparmağa başlayırlar. İmkan olduqca da yarım metr səkinin üzərinə çıxırlar. Hətta 1 metr çıxanlar və səkini tam olaraq ələ keçirənlər var. Belə şəraitdə velosiped zolağı necə yaradılacaq?

Dövlət proqramında aidiyyəti qurumlara göstəriş verilib ki, öz təkliflərini hazırlasınlar. Bunun üçün də birinci YPX-yə, daha sonra BNA və digər qurumlara sorğu verəcəklər”.

İnsanların sağlam həyat tərzi üçün velosipeddən istifadənin yaxşı hal olduğunu deyən nəqliyyat eksperti bildirib ki, bunun üçün elementar qaydaları öyrənmək əsasdır. Lakin təəssüf ki, hazırda çox az velosipedçi qaydalara əməl edir: 

"Mental xüsusiyyətimiz olaraq tünd rənglərə üstünlük veririk. Biri tünd rəngdə velosiped alır, geyimi və ayaqqabısı da tünd rəngdə olur. İşıqlı küçədə adamın rastına çıxan zaman həmin şəxsi görmək olur. 

Amma qaranlıq küçəyə girəndə velosipedçini görmək mümkün deyil. Buna görə nə qədər velosipedçilər vurulub. Velosipedçi ilk növbədə öz təhlükəsizliyini düşünməlidir.
Velosiped zolağı olsa da, olmasa da, bu gün velosiped sürməyə meyilli gənclərimiz var. Bu, müsbət haldır. Amma elementar qaydaları öyrənmək vacibdir. Bunun üçün televiziyalarda, saytlarda, radio və qəzetlərdə geniş təbliğat aparılmalıdır”.

Yeganə Bayramova