"Dövlətin verdiyi 11 min manat problemlərimizin həllinə kömək oldu"
Vətən uğrunda şəhid olan qəhrəmanlarımız heç vaxt unudulmur. Ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət, imzalanan fərman və sərəncamlar bunu bir daha sübut edir. Şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması prezidentin şəhidlərimizə həssas yanaşdığının göstəricisidir.
Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət ölkə ictimaiyyətində də dərin rəğbət hissi doğurub. Göstərilən diqqət və qayğıya görə şəhidlərimizin ailə üzvləri prezidentə öz minnətdarlıqlarını bildiriblər.
1993-cü ildə Ağdam rayonunun Ergi kəndində şəhid olan Quliyev Telman Sovet oğlunun atası Quliyev Sovet Kamil oğlu prezidentin imzaladığı sərəncamın bütün şəhid ailələrinin sevincinə səbəb olduğunu deyib.
Şəhid vərəsəsi bildirib ki, prezidentin sərəncamı şəhid ailələri üçün yalnız maddi deyil, həm də mənəvi köməklikdir:
"Prezident İlham Əliyevə şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdaram. Allah onu xalqımızın üstündən əskik etməsin. Artıq ayrılan vəsaiti almışıq. Dövlətimiz vətən uğrunda canından keçən oğullarımızı unutmur. Bütün bunlar prezidentin şəhidlərimizə həssas yanaşdığını göstərir”.
Şəhid Əliyev Zakir Kərəm oğlunun anası Əliyeva Validə Cəmil qızı bildirib ki, dövlət tərəfindən sadəcə 11 min manatlıq birdəfəlik yardım almayıblar, əlavə olaraq şəhid ailəsinə mənzil də verilib:
"Allah Prezidentimizin ömrünü uzun, işlərini avand eləsin. Dövlət başçısından çox razıyıq.
Prezidentin sərəncamına uyğun olaraq evlə də təmin olunmuşuq. Heç bir narazılığımız yoxdur. Həmişə dövlətimizindən və şəxsən Prezident İlham Əliyevdən diqqət və qayğı görmüşük. Hər vaxt bizi yad edirlər, dərdimizə əlac tapırlar”.
V.Əliyeva yaxın günlərdə dövlət tərəfindən ayrılan birdəfəlik yardımı alacağını deyib.
Şəhid Salahov Araz Oruc oğlunun qardaşı Salahov Ramin Oruc oğlu dövlət tərəfindən onlara göstərilən diqqət və qayğının çox yüksək olduğunu vurğulayıb:
"Bir şəhid qardaşı olaraq hər şeyə görə Prezidentə təşəkkür edirəm. O cümlədən Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban Əliyevaya da öz minnətdarlığımı bildirirəm. Ölkə rəhbərliyinin qayğısını üzərimizdə hər zaman hiss etmişik. Heç vaxt bizi naümid, çətin vəziyyətdə qoymayıblar. Allah dövlətimizi və Prezidentimizi qorusun. Şəhid ailəsi olaraq dövlət başçısı cənab İlham Əliyevə çox minnətdarıq”.
Yeganə Bayramova