“Şəhidlər Xiyabanında yatanların 95 faizi gənclərdir”

Zahid Oruc: “İddia etmirik ki, idarəetmədə həmin faizdə olsunlar...”
“...Amma heç olmasa, bunun üçdə biri qədər olsunlar. Belə olan halda Azərbaycan qazanar”


"Pensiya yaşına çatıb, gününü keçirən məmura xüdahafiz deməliyik. Yalnız ehtiyac duyulan şəxsləri dəstəkləməliyik. Ola bilər ki, həmin şəxsə müşavir və ya digər status verilər”.
Bu barədə millət vəkili, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib. Komitə sədrinin sözlərinə görə, Prezidentin qeyd etdiyi kimi, mümkün qədər ixtisara yer verməmək lazımdır: "Sahibkar maya dəyərini aşağı salmaq üçün işçini azaldır və ya digər addımlar atır. Biz də sahibkarlara deyə bilərik ki, maya dəyərini aşağı salmamaq üçün öncə işçini ixtisara salmamaq barədə düşünsün. Onsuz da hər zaman sahibkarların üzərinə düşürlər. Prezident demişkən, gəlin məmurun əlindən vuraq, sahibkarın başını kəsən məmurun əlini qıraq. Sahibkarın vəsaitini əlindən alan məmuru qınayaq”.

Həmkarının təklifini dəyərləndirən millət vəkili Zahid Oruc "Şərq”ə söyləyib ki, dövlət idarəçiliyində müxtəlif kateqoriyalar üzrə çalışan şəxslərin son yaş həddi müəyyənləşib. Lakin ali rəis heyyətinə daxil olan insanlar üçün fərqli müddəalar seçilib: "Məsələn, polis orqanlarında yaş həddi 55 yaşına qədərdir. Silahlı qüvvələr sistemində də vəziyyət belədir. Hökumət orqanlarında çalışan insanlara gəlincə, burada da müxtəlif meyarlar müəyyən etmək mümkündür. Etiraf etmək lazımdır ki, yaşından asılı olaraq insanlar fərqli fəaliyyət imkanına malikdirlər. Elə yaşlılar var ki, müasir dünyanı daim müşahidə edir. Və çalışdığı sahədə ən yaxşı layihələri və dövlət proqramlarını ortaya çıxara bilir. Bəzi halda isə tamamilə əks nəticələrin şahidi oluruq”.

Parlamentari diqqətə çatdırıb ki, bəziləri bu fikirlərinə görə, H.Rəcəblini qınayır: "Bir çoxları bildirir ki, 68 yaşı olan bir millət vəkilinin bu təklifi verməyə haqqı çatmır. Amma həmin adamlara cavab olaraq deyim ki, əvvəla parlament seçkili orqandır. Və bu qurum vətəndaşın iradəsi ilə formalaşır. Digər yandan söyləyim ki, ABŞ-da Prezidentliyə namizədlər var ki, yaşları 70-dən də yuxarıdır. Həmin şəxslərin cəmiyyət qarşısında hazırlığı, işgüzarlıq keyfiyyətləri, çevikliyi insanlar üçün əlçatanlığı, müasir kommunikasiya sistemləri ilə işləmək bacarığı yüksək səviyyədədir. Dünyada belə bir hökumət və dövlət mövcud deyil ki, hamısını ya gənclər, ya da yaşlılar təşkil etsin. Məsələn, Çinin idarəetmə sistemində orta yaş 60-dan yuxarıdır. Onlar həmin insanların təcrübəsi, müdrikliyini nəzərə alırlar. Başqa ölkələrdə isə fərqlidir. Gürcüstan nümunəsində isə tam əksidir. Bütün hallarda tarixi təcrübə sübut edib ki, gənclərə meydan verməklə ölkəni irəliyə aparmaq daha asan olur. Bu gün Şəhidlər Xiyabanının 95 faizini gənclər təşkil edir. İddia etmirik ki, idarəetmədə həmin faizdə olsunlar. Amma heç olmasa, bunun üçdə biri qədər olsunlar. Belə olan halda Azərbaycan qazanar”.

Z.Oruc onu da əlavə edib ki, dövlət orqanlarında çalışanların çevikliyi bərqərar olmalıdır: "Yaşından asılı olmayaraq işgüzar olmayanların sayını azaltmaqla yaşlılar və gənclər məsələsindən xilas ola bilərik. Hesab edirəm ki, əsas yaşı deyil, prinsip və meyarları müəyyənləşdirmək lazımdır. Buna əməl edən şəxsin qoy, lap olsun 70 yaşı. Normativləri yerinə yetirən adamın ziyanı yoxdur”.

Ayyət Əhməd