Şəhidlərə ehsan vermək lazım deyil...

Cənazələrin götürüldüyü evlərə baxsalar, aydın olacaq ki, onlar üçün nələr etmək gərəkdir



İlahiyyatçı-alim Elşad Miri "Şərq”ə standart qəbir daşlarına keçid prosesinin əngəllənməsindən danışıb. O, bunun xırda məsələ olmadığını diqqətə çatdırıb:

"Hazırda o daşların biznesi ilə məşğul olan qruplar və ya şəxslər var. Həmin sahə onların monopoliyasındadır. Birincisi, işə o monopolistlər mane olur. Sonra bilirlər ki, qəbir daşları məsələsi gündəmə gəlsə, dəbdəbəli ehsan süfrələrinin yığışdırılması da aktuallaşacaq. Beləliklə də din biznesi əllərindən çıxacaq. Ona görə də prosesin qarşısını alırlar”.

Təmtəraqlı ehsan süfrəsinin yığışdırılmasına toxunan ilahiyyatçı bildirib ki, buna ilk olaraq QMİ sədrinin qardaşı etiraz etdi: "Halbuki, məsələni həll etmək mümkün idi. Mümkün olacaqdı. İcra hakimiyyətlərinə də qeyri-rəsmi göstərişlər verilmişdi. Tapşırıqlara əməl olunurdu. Lakin biznesmenlər məsələyə qarşı çıxdı”.

E.Miri bəzi qurum və şəxslərin cəbhədə gedən döyüşlərdə şəhid olan əsgərlərimizlə bağlı ehsan süfrəsi açdırmaqlarına da toxunub: "Həmin qurumlar şəhidimizə ehsan verərək ehsan məsələsini ört-basdır etməyə çalışdılar. Halbuki, bu gün şəhidlərə ehsan vermək deyil, onların çıxdıqları evlərə baxmaq lazımdır. Cənazələrin götürüldüyü evlərə baxsalar, aydın olacaq ki, onlar üçün nələr etmək gərəkdir. Şəhidlərin övladlarına köməklik göstərmək çox vacibdir. Məsələyə bu cür yanaşmaq lazımdır. Ehsan məsələsi Peyğəmbərimizin sağlığında və ölümündən sonra olmayıb. Sonradan bəziləri bu məsələni din adı altında gündəmə gətirib və biznesə çeviriblər. İndi də "gözəl” şəkildə bəhrələnirlər. Bu baxımdan da çoxçeşidli ehsan süfrələrinin ləğvinə qarşı çıxırlar. Düzdü, Dini Komitə məsələni aktuallaşdırdı. İşə fərqli don geyindirildiyi üçün geri çəkildi. Düşünürəm ki, məsələ yenidən gündəmə gəlib, düzgün şəkildə həll olunsa, yaxşı olar”.

Ayyət Əhməd