Şəhidlərin vərəsələrinə sığorta pulu ödənilir - Bu prezidentin şəhid ailələrinə qayğısının göstəricisidir

Bu nəcib addıma ləkə yaxmaq istəyən bəzi siyasi qrupların əsassız ittihamları, özlərini “haqqın müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışmaları yolverilməzdir
Məlum olduğu kimi, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Ümumiyyətlə son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Sözügedən Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi sayılmalıdır. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etdi və müvafiq Fərman imzaladı. Bu, Azərbaycan Prezidentinin öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.
1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdı. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir.
Qeyd edək ki, artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparılır.
Artıq dünənə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib. Ödəmə prosesi davam edir. Bundan sonra da haqqı olan hərbi qulluqçular mərhələli şəkildə bundan yararlanacaqlar.
Məsələ burasındadır ki, bununla yanaşı, bəzi şəxslərin dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnmək cəhdləri də mövcuddur. Bu kateqoriyaya aid insanlar əsasən 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra artıq müvafiq ödəmələri almış, yaxud da bu ödəmələri almaq üçün qanuna uyğun əsasları olmayan şəxslərdir. Azərbaycan Prezidentinin humanist siyasətini gözdən salmaq, bu nəcib addıma ləkə yaxmaq istəyən bəzi siyasi qruplar, ayrı-ayrı fərdlər isə həmin şəxslərin iddialarından sui-istifadə etməyə çalışır, əsassız ittihamlar irəli sürür, özlərini "haqqın müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışırlar.
İctimaiyyət nümayəndələri bildirilər ki, şəhid ailələrinə Prezidentin Fərmanına uyğun olaraq sığorta pulu ödənilir. Prezidentin hər zaman Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş, qazi olmuş şəxslərə, onların ailələrinə diqqət və qayğının olduğunu bildirən ekspertlər qeyd edirlər ki, ölkə başçısının bu siyasətindən özlərinin çirkin məqsədləri üçün istifadə etməyə cəhd göstərən siyasi oyunbazlar məqsədlərinə nail ola bilməyəcəklər.
Millət vəkili Musa Quliyev "Sherg.az”a deyib ki, ölkə başçısı şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına həmişə böyük qayğı ilə yanaşıb. Onun sözlərinə görə, sözügedən Prezidentin Fərmanı və Fərmandan irəli gələnlərin həlli ölkə başçısının şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına böyük qayğısının ifadəsidir. Millət vəkili vurğulayıb ki, uzun müddət idi ki, bu məsələ gündəmdə idi: 
"Həm Nazirlər Kabineti, həm Milli Məclis bu məsələnin həlli yollarını axtarırdı. Ancaq cənab Prezident Fərman verərək vəsait ayırdı, məsələni köklü sürətdə həll etdi. Bununla da ölkə başçısı dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi. Fərmanda göstərilən maddələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları artıq şəhid ailələrinin vərəsələrinə birdəfəlik 11 min manatı ödəməyə başlayıb. Bu da təqdir olunmalıdır”.
M.Quliyev əlavə edib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb: 
"Əlbəttə, bu mühüm sənəd həm sosial müdafiə, həm də vətənpərvərlik tərbiyəsi ilə bağlıdır. Hərbi qulluqda xidmət edən, döyüşəcək insanlara, onların ailələrinə böyük stimuldur. Şəhid ailələrinin sığorta pulunun verilməsi cənab Prezidentin humanist xarakterindən, Azərbaycan dövlətinin humanist siyasətindən xəbər verir. Bu proses başa çatandan sonra növbəti mərhələdə Qarabağ müharibəsi qazilərinə, veteranlarına da birdəfəlik sığorta ödənişlərinin verilməsi nəzərdə tutulub. Qanundan irəli gələn formada şəhid ailələri bu yardımla təmin olunurlar”.