Şeir oğrusu üzr istəməyə hazırlaşır

Nüsrət Kəsəmənlinin oğlu isə onu bağışlamaq niyyətində deyil
Tez-tez yazarlar, şairlər arasında müxtəlif səpkili qalmaqalların şahidi oluruq. Amma budəfəki çox utanc yaradır. Tanınmış şairlərin şeirlərini oğurlayıb öz adına çap etdirənlərə az hallarda rast gəlmək olar. Son günlər şairə Pünhanə Əliyevanın da adı şeir oğurluğunda hallanır. Məlumat üçün qeyd edək ki, şairə Pünhanə Əliyevanın çapdan çıxan "Mən varam” kitabında bir neçə tanınmış şairin şeirlərini öz imzası ilə təqdim etməsi böyük qalmaqala səbəb oldu. Bu oğurluq barədə ilk danışan isə tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli oldu.
Atasının şeirlərinin oğurlandığını görən Rəşad Kəsəmənli bununla bağlı məhkəməyə müraciət edərək müəllif hüquqlarınının pozulması ilə bağlı şairəni ittiham edir. Yeri gəlmişkən onu da qeyd edək ki, şeir oğurluğunda adı hallanan şairənin kitabında təkcə Nüsrət Kəsəmənlinin deyil, Xalq şairi Məmməd Arazın və digərlərinin də şeirləri Pünhanənin imzası ilə çap olunub. Vəziyyətin ciddiliyini anlayan şairə Pünhanə xanım isə çıxış yolu kimi üzr istəməyə çalışaraq, sudan quru çıxmağa çalışır.
Onun sözlərinə görə, sözügedən kitabda səhvlərin olduğunu bilib: "Səhvdir, səhvin cəzasını da çəkəcəyik. Daha bu ittihamlar nəyə lazım? Niyə insanlar narahatdır? Hərə ağlına gələni deyir. Hələ Məmməd Arazın ailəsindən kimsə mənə bununla bağlı heç nə deməyib. Rəşad Kəsəmənli ilə də üz-üzə gəlməmişik. Bu kimin səhvidir, nə məqsədlə edilib, mən bilmirəm”. P.Əliyeva vurğulayıb ki, "Mən varam” adlı kitabda baş verənlərlə bağlı araşdırma aparıb: "Vəkil də tutmuşdum, dünəndən artıq hamısını geri çağırdım. Qarşı tərəf mətbuat konfransı keçirəcəyini deyib və məni də dəvət edəcəklər. Təbii ki, orada mən öz sözümü deyəcəm”.
"Siz doğrudanmı Nüsrət Kəsəmənlinin və Məmməd Arazın şeirlərini adınıza çıxarmısınız” sualına şairənin cavabı belə olub: "Deyirlər ki, doğrudan da hər iki şairin şeirləri mənim kitabımda gedib. Kitab ortalıqdadır. İmza mənimdir. Kitabıma məsuliyyətsiz yanaşmışam, redaktora etibar edib inanmışam. Sadəcə, diqqətsizlik olub. Kitabın redaktoru, mətbəəsi var, amma hamı günahı məndə görür”.
Şairə kitabın çap prosesində qüsura yol verildiyini, yanlışlıqla kitabda tanınmış şairlərin şeirlərinin yer aldığını söyləsə də, bu o qədər də inandırıcı deyil. Əgər kitabda bir şeir yanlışlıqla çap olunsaydı, bəlkə də bu yalana inanmaq olardı. Amma bir neçə şairin şeirlərinin Pünhanənin kitabında yer alması, onun şeirləri kimi təqdim olunması, oğurluğun açıq-aşkar göstəricisi sayıla bilər. Yanlışlıqla bir şeir səhv çap oluna bilər. Bir neçə şairdən oğurluq isə artıq şairənin yalan danışdığından xəbər verir.
Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli isə bununla bağlı lazımi tədbirlərin görüləcəyini açıqladı.
"Şərq”ə açıqlama verən Rəşad Kəsəmənli şairənin üzrxahlığını qəbul etmədiyini və onun yalanına aldanmayacağını dilə gətirdi: "Mən bu qadının heç bir üzrxahlığını qəbul edən deyiləm. Çünki onun yalanına inanmıram. Tutaq ki, bir şeir yanlışlıqla kitabda yer aldı. Buna bəlkə də inanmaq olar. Amma kitabda atamın bir neçə şeiri oğurlanaraq Pünhanə adı altında çap olunub. Demir ki, yanlışlıq olub. Onun səhvi deyil? Bunu məhkəmədə sübut edər. Təbii ki, bunu sübut edə bilsə. Mən həmin xanıma bir sual verirəm. Tutaq ki, bir şeir yanlışlıqla çap olunub. Atamın şeirində son bəndlərdə şairin dilindən xitabən "Nüsrət deyir ki” sözü də yanlışlıqla götürülüb, yerinə Pünhanə yazılıb? Yəni bilərəkdən şeirin o bəndində Nüsrət Kəsəmənlinin adı götürülüb o xanımın adı yazılıb? Bu açıq-aşkar oğurluq deyilsə, bəs nədir? Bircə atamın yox, kitabda Məmməd Arazın, şair Xəyalın da şeirləri oğurlanıb onun adı ilə çap olunub. Bu da bir daha sübut edir ki, Pünhanə xanım oğurluq edib, müəllif hüquqlarını pozub. Ona görə də mən sona qədər məhkəmədə ədalətin bərpa olunmasına çalışacam. Əgər bu xanım həqiqətən günahsızdısa, bunu məhkəmədə sübut etsin. Kitabın çapında kimin səhvə yol verdiyi sübut olunsun, o insan qanun qarşısında cavab versin. Yox əgər məhkəmədə o xanımın oğurluğu sübut olunsa, mən təzminat tələb edəcəm və atamın müəllif hüquqlarının pozulduğunu sübut edərək şairədən həm ictiai şəkildə üzr istəməsini tələb edəcəm, həm də ailəmiz adından, Nüsrət Kəsəmənlinin varisi olaraq mənəvi təzminatı tələb edəcəm. Atamın misralarından indiyə qədər oğurluq edənlər çox olub, şeirin müəyyən hissələrini dəyişib öz adı altında təqdim edənlər də az olmayıb. Amma bu dəfə açıq şəkildə atamın şeirləri oğurlanıb. Mən bu gün dinməsəm, sussam, sabah bir başqası da buna bənzər oğurluqlar edəcək. Yenə deyirəm, Pünhanə xanım səhv olub deməklə, bu oğuluğu ört-basdır edə bilməz. Ədəbi aləmdə belə oğlurluq ədəbsizlik sayılır. Əgər günahsızdısa, bunu sübut edər. Amma mən onun günahsız olduğuna inanmıram”.
Qeyd edək ki, P.Əliyeva isə mətbuata açıqlamasında M.Araz və N.Kəsəmənlinin şeirlərini kitaba redaktor Nəcibə İlkin tərəfindən daxil edildiyini bildirib.
Tahirə