“Burada dövlətin siyasəti odur ki, tədricən ictimai nəqliyyatda dövlətin payı artırılsın, problemləri həll etməkdə iştirak etsin”
Səlahiyyət BNA ilə DYP arasında bölündü
Ölkənin nəqliyyat sistemində yeniliklər gözlənilir
“Burada dövlətin siyasəti odur ki, tədricən ictimai nəqliyyatda dövlətin payı artırılsın, problemləri həll etməkdə iştirak etsin”
“Burada dövlətin siyasəti odur ki, tədricən ictimai nəqliyyatda dövlətin payı artırılsın, problemləri həll etməkdə iştirak etsin”
Prezident İlham Əliyev Bakı şəhərində yol hərəkəti qaydaları ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Sənəd Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədi daşıyır.
Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməlidir.
Bundan əlavə, BNA Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməlidir. Həmçinin dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra - təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etməlidir.
Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilir, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilir.
Yol təhlükəsizlik məsələləri üzrə ekspert Ərşad Hüseynov isə Bakı Nəqliyyat Agentliyinin yol hərəkətinin təşkili məsələsində, polislə səlahiyyət bölgüsü məsələsində bir sıra yeniliklər olduğunu deyib. Onun sözlərinə görə, yalnız Bakı şəhərinin küçələrində dayanma, durma, parklanma qaydalarını pozan, evakuasiya edilməli olan avtomobilləri Bakı Nəqliyyat Agentliyi cərimə meydançasına aparacaq. Əslində isə cərimə meydançaları agentliyin tərkibinə verilmir. Çünki cərimə meydançalarına avtomobillər başqa səbəblərə görə də aparılır. Məsələn, sürücü sərxoş olanda, sürücülük hüququ olmayanda, cərimələri gecikdirəndə və s. Bu məsələlər yenə polisin səlahiyyətində qalır.
Ekspert deyib ki, dayanma, durma, parklanma qaydalarını pozan sürücülərə cərimənin də yazılması Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verilib. Cərimə meydançalarıyla bağlı daxil olan vəsaitlərin bölgü məsələsi isə sonra müəyyən olunacaq: "Hələ ki, fərmanda bu məsələ qeyd olunmayıb. Saxlanc pulları da elə böyük məbləğ deyil. Bir günə görə 1 manatdır. Onlar da heç elektrik xərclərinin ödənilməsinə bəs etmir. Üstəgəl, cərimə meydançasına aparılan avtomobilin sürücüsü 1 saatdan sonra gəlib onu götürür. Buna görə də saxlanc pulu ödənilmir”.
Ə.Hüseynov "BakuBus”un BNA-nın tərkibinə verildiyini qeyd edib:
"Burada dövlətin siyasəti odur ki, tədricən ictimai nəqliyyatda dövlətin payı artırılsın. Çünki ictimai nəqliyyatda iki əsas istiqamətdə ciddi problemlər var. Biri sürücü kontingentinin zəif olması, digəri isə avtobus parkının zəif olması ilə bağlıdır. Bu saat hamı avtobuslarda kondisionerin olmamasından şikayətlənir. Kondisionerli avtobusu alıb Bakıya gətirmək daşımalarla məşğul olan sahibkarların imkanı xaricindədir. Çünki həmin avtobusların qiyməti 200 min manat civarındadır. Bu isə rentabelli deyil. Bunu ancaq dövlət edə bilər.
Dövlətin siyasəti odur ki, problemləri həll etməkdə iştirak etsin. Buna görə də, böyük ehtimalla Bakıya yaxın vaxtlarda "Baku Bus” avtobuslarına oxşar yeni avtobuslar gələcək”.
Yol Hərəkəti Təhlükəsizliyi Komissiyalarının artıq ləğv olunduğunu vurğulayan ekspertin sözlərinə görə, indiyə qədər qanunda belə idi ki, nişan, işıqfor, nişanlanma xəttinin təşkili ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları qərar qəbul edirdi və onu polis icra edirdi: "Artıq bütün rayonlarda, o cümlədən, Bakıda da Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları yoxdur. O işlərlə Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi, bölgələrdə isə yol polisi məşğul olacaq. Sadəcə formal olaraq o komissiya qalır. Çünki o komissiyanın başqa funksiyaları da qalır.
Yol strategiyasının müəyyən olunmasında, qanunvericiliyin təkmilləşməsində iştirak edir. Bundan əlavə, Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərində taksi sürücüləri, avtobuslar, taksilər üçün, avtobus sahibləri, taksi sahibləri ilə bağlı tələbləri müəyyən etsin. Üstəgəl, Bakı Nəqliyyat Agentliyinə səlahiyyət verilib ki, taksilər üçün kvota müəyyən etsin. Məsələn, Bakıda müəyyən oluna bilər ki, cəmi 7000 taksi olsun. Bu məsələ gələcəyin işidir”.
Şəymən