Müslüm Qurbanov: “Qara rəngli selofan torbalar daha təhlükəlidir”
Selofan torbalar xərçəng yaradır
Eyyub Hüseynov: “Bir çox dünya ölkələrində bu torbaların istifadəsindən imtina edilib”
Müslüm Qurbanov: “Qara rəngli selofan torbalar daha təhlükəlidir”
Müslüm Qurbanov: “Qara rəngli selofan torbalar daha təhlükəlidir”
İndi hansısa alış-verişi selofan torbasız təsəvvür etmək çətindir. Əvvəllər isə belə deyildi. Sovet
dövründə bazarlarda əsasən kağız torbalardan istifadə edilirdi. Ondan əvvəl də xüsusi həsir zənbillər olub. Amma bu gün selofan torbalardan istifadə geniş yayılıb.Söz yox ki, plastik qablar və polimer torbalar məhsul qablaşdırmanın ən rahat yoludur.
Bu, büdcə baxımından istehsalçı şirkətlərə də tam olaraq sərf edir. Ərzaq mağazalarında müxtəlif ərzaqların - kolbasa, pendir, yağ və s. qablaşdırılmasında polimer torbalardan istifadə olunur. Azərbaycanda selofan çantalar marketlərdə pulsuz paylanır. Bu isə onlardan istifadəni daha da artırır. Halbuki rahatlığımızı təmin edən bu torbalar eyni zamanda ömrümüzə də "torba tikirmiş”. Polietilen tərkibli olan bu torbaların tərkibindəki maddələr insan sağlamlığı üçün zərərlidir. Mütəxəssislərin dediyinə görə, bu torbalarda saxlanılan ərzaq məhsulları qida zəhərlənmələrinə səbəb olur. Belə ki,
selofanların tərkibində xərçəng əmələ gətirən və hüceyrələri dağıdan maddələr var.
Bu torbaların istifadəsi sağlamlıq üçün təhlükə olmaqla bərabər, ətraf mühitə də ziyan vurur,
ekologiyanı zədələyir. Bu tullantılar yandırılarkən havaya ayrılan zəhərli qazlar insanların
sağlamlığına, heyvanların isə məhvinə gətirib çıxarır. İndi dünyada bu təhlükənin qarşısını almaq
üçün müxtəlif tədbirlər görülür. Azərbaycanda isə alternativ paket istehsalı ilə məşğul olan
müəssisələr yoxdur.
Selofan torbalar, təhlükəli streç-filinlərin əksəriyyətinin polivenil xlordan hazırlandığını deyən
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu məhsullar hətta 40-50 il də torpaqda həll olmur və ətraf mühiti çirkləndirir:
"Polietilen torbalar orqanizm üçün də zərərlidir. Onlardan təkrar istifadə qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq təkrar istifadə edirlər. Qara rəngli selofan torbalar daha təhlükəlidir. Bu cür torbalarda qida saxlamaq məsləhət deyil. Qara və digər rəngli torbalar zibillərin təkrar emalından alınır. Zibilin əridilməsi nəticəsində əldə olunan plastik rənglənir və ondan müxtəlif ölçüdə torbalar hazırlanır. Bəzi torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa da keçir. Bu yolla da insan orqanizminə daxil olur”.
Hazırda bu sahədə müxtəlif problemlər olduğunu vurğulayan AİB sədri deyib ki, bir çox dünya
ölkələrində bu torbaların istifadəsindən imtina edilib. Lakin keçmiş MDB məkanında, Rusiyada,
Ukraynada, Azərbaycanda çox nazik selofan torbalar hələ də satılır: "Azərbaycanda supermarket
sahibləri elə başa düşür ki, bu torbalarla istehlakçılara yüksək səviyyədə xidmət göstərirlər. Əslində
bu torbalar ətraf mühiti və ekologiyanı sürətlə çirkləndirir. Həmçinin bu torbaları yandırdıqda
havaya qaz buraxılır. Bu sahədə bu gün Azərbaycanda müxtəlif problemlər mövcuddur”.
Bir neçə il bundan əvvəl bu məsələlərlə bağlı xüsusi komissiya yaradıldığını vurğulayan E.Hüseynov Azad İstehlakçılar Birliyinin də bu komissiyanın üzvü olduğunu deyib.
O, sözügedən komissiyanın əsasən tullantıların idarə olunması işini həyata keçirməklə məşğul
olduğunu bildirib: "Əsas məqsəd Azərbaycanda polietilen torbalardan tamamilə imtinaya nail
olmaqdır. Hətta sırf bu məqsədlə Azad İstehlakçılar Birliyinin həyata keçirdiyi bir neçə layihə də
var. Misal üçün, çalışırıq ki, köhnə bazar torbalarının yenidən istifadəsinə nail olaq. Selofan torbalar
istehlakçılara daha baha qiymətə satılmalıdır ki, bu torbalardan az istifadə olunsun. Bu sahədə
müxtəlif maarifləndirmə işi də aparılır. Həmin torbaların yandırılması, kompakt şəkildə toplanması
istiqamətində işlər aparırıq. Lakin iri supermarketlərdə bu torbalardan geniş şəkildə istifadə
olunduğuna görə onların istifadəsinin qarşısı tam şəkildə alına bilmir. Bir sıra geyim dükanlarında
artıq kağız torbalardan istifadə olunur. Bu, çox yaxşı haldır. Çalışırıq ki, bu ənənə supermarketlərdə
də davam etdirilsin”. Problemin həddindən artıq ciddi olduğunu qeyd edən Birlik sədrinin sözlərinə
görə, əgər vaxtında həyəcan təbili çalınmasa, gələcək nəsillər bədbəxt olacaq.
Qeyd edək ki, selofan torbaların sayəsində şəhərdə oksigen çatışmazlığı yaranıb. Onların
yandırılmasından tutmuş, torpağa atılmasına qədər, hamısı havanı çirkləndirir. Çünki belə maddələri
yandıranda havaya buraxılan tüstü oksigeni azaldır. Əvəzində karbon və digər üzvi maddələri
havaya yayır. Bundan başqa, küçələrə atılan selofan torbalar ağacların budaqlarına yapışaraq,
onların havaya oksigen buraxmasının qarşısını alır. Həmçinin də torpağa atılan polietilen və selofan
torbalar çürümür. Kimyəvi tərkibinə görə, uzun müddət parçalanmadığı üçün yananda da ətraf
mühitə çirkli qaz buraxır. Onun tüstüsü insan orqanizminə çox ziyandır. Həm də o qazlar müxtəlif
xəstəlik yaradır. İrsi xəstəlik, xərçəngi inkişaf etdirir.Polietilen torbaların müxtəlif məqsədlər üçün istifadə olunduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun professoru, "Ekoyl” Elmi Ekoloji Cəmiyyətinin sədri Müslüm Qurbanov isə selofanların hazırlanma üsulları və materiallarının da fərqli olduğunu deyib: "Qida sənayesində istifadə olunan selofan torbalarla zibil yığılan torbaların tərkibi tamam başqa materiallardan hazırlanır. Amma ümumi yanaşsaq, hər birinin tərkibində bir sıra toksiti və konsragen maddələr olur. Bu torbalar uzun müddət parçalanmadığı üçün onun tərkibindəki həmin zərərli maddələr torpağın, suyun tərkibinə keçir və son nəticədə ekologiyanı zəhərləyir”.
M.Qurbanovun sözlərinə görə, təhlükənin qarşısını almaq üçün polietilen torbaları istehsal edən
müəssisələr istifadə olunan selofanların utilizasiyasını həyata keçirməlidirlər. O cümlədən də,
plastik qabların. Amma çox təəssüf ki, bizdə bu mexanizm formalaşmayıb. "Təmiz Şəhər” Açıq
Səhmdar Cəmiyyətinin yığılan məişət tullantılarının çeşidlənməsi və yandırılmaya göndərilən
hissələrinin ayrılmasını həyata keçirirlər.
Zibil üçün nəzərdə tutulan selofan torbalara qida məhsullarının yığılmasının birbaşa təhlükə
mənbəyi olduğunu vurğulayan professor deyib ki, qara polietilen torbalar içərisində saxlanılan ərzaq
məhsullarının keyfiyyətinə mənfi təsir göstərir: "Qara rəngli selofan torbalar daha təhlükəli olduğu
üçün bu cür torbalarda qida saxlamaq məsləhət deyil. Həmin torbalar içərisində yığılan ərzaq bir
müddət saxlanıldığı halda isə bu artıq real təhlükə hesab olunur”.
Şəymən