Səməd Vurğunu 37-ci ildə sözlə "güllələyiblər" - FAKT





Dəyərli oxucular! Sizə təqdim olunan bu yazı 1937-ci ilin "Ədəbiyyat və incəsənət" qəzetinin sentyabr sayından götürülüb. Ədiblərimizin, milli dəyər sahibi olan alim və ziyalılarımızın qətlinə fərman verilən 37-ci il mətbuatından tamamən qan qoxusu gəlir. "Sherg.az" saytı tarixdə yaşanan bu qanlı olaylara işıq salmaq, bugünkü oxucunu o illərə qaytarmaq və "niyə Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli, Mirzə İbrahimov, Süleyman Rüstəm güllələnmədi, əvəzində Mikayıl Müşfiq, Cavid Əfəndi, Əhməd Cavad kimi qüdrətli qələm sahibləri acı taleyi yaşadı" sualına geniş şəhr vermədən cavab tapmaq istəyir.

Sizə təqdim etdiyimiz bu məqalə 37-nin ab-havasında yazılıb, tənqidin ünvanı da "köçəriliyi", "geriliyi", "patriarxal" qayda-qanunu şeiriyyətinə gətirən o illərin tufanından salamat çıxan, lakin təhdidin, təzyiqin hədəfinə çevrilən Səməd Vurğundur.

S.Vurğun cismən 37-nin cəngindən sağ qalsa da, sözlə necə güllələndiyini bu məqalədə və gələcək saylarımızda çap olunacaq yazılarda görə biləcəksiniz.



Səməd Vurğun 15 yaşına qədər revolyusiyadan əvvəlki, köhnə, patriarxal kənddə və uzaq bir əyalət şəhəri olan Qazaxda yaşamış və böyümüşdür. Bu yoxsul və hərəkətsiz həyat həssas bir uşaq olan Səməd Vurğunun bütün gəncliyini məşğul etmiş, onun şüurunda silinməz izlər buraxmışdır. Gənc Səməd Vurğun yaşadığı köləlik kəndinin ibtidailiyinə "idiotizm"inə göz yumaraq, onu "vətən" deyə sevmiş, sinif xaricində bir aləm kimi mənimsəmişdir. Patriarxal - feodal kəndi Vurğuna o qədər dərin bir təsir bağışlamışdır ki, onun bütün psixologiyası, hissi və dünyagörüşü bu həyatla müəyyənləşmişdir. Buna görədir ki, ilk dəfə əlinə qələm alan şair Səməd Vurğun revolyusiyadan əvvəlki köhnə kəndin idealizasiyası ilə məşğul olmuşdur.

İlk şeirlərində Səməd Vurğun dünyaya ancaq primitiv, köçəri bir xalqın gözü ilə baxır, onun hiss və duyğuları, onun arzu və əməllərilə yaşayır. O kənddən və onun bakir təbiətindən başqa heç bir şey görməyir və tanımayır. Şair köhnə kəndin köçərilik qaydalarını, patriarxal - feodal kəndin adət və ənənələrini idealizə etməyə başlayır.

Aprel revolyusiyasından sonra Səməd Vurğun çox tez komsomol sıralarına daxil olur, lakin ictimai həyatla qaynayan komsomol onun yaradıcılığında uzun zaman görkəmli bir yer tutmayır. Onun dünyagörüşü məhdud bir çərçivə daxilində qalır. Səməd Vurğun özünü iftixarla bir "çöl quşu" adlandıraraq, "şahinləri qıy vuran", "üfüqlərində şimşəklər çaxan", "arabaları köç yoluna düzülən" bir yerdə doğulduğuna fəxr edir. Bu primitiv kənd həyatı məftunluğu uzun zaman onun yaradıcılığında əsas bir xətt təşkil edir. Heç bir şey onun təbiətə qarşı gizli duyğularını poza bilmir.
Səməd Vurğunun ilk lirik şeirlərində bir yeknəsəklik, hərəkətsizlik, həsrət və pessimizm motivləri vardır. Bu şeirlərdə onun uşaqlıq dəmləri, müvəffəqiyyətsiz sevgisi və təbiətə qarşı həssaslıq böyük bir yer tutur. Şair ətrafında əmələ gələn ictimai-siyasi hadisələri əsəbiliklə qarşılayır, düşkünləşir və pessimizmə düşür:

Sus ey bülbül, kəs ey tufan, məramım
istirahətdir.
Bu yerlərdən payım yoxmuş, əlacım bir
səyahətdir,
Ölüm, ey vah o bir şənlik, o bir
şənlik ki, nemətdir.


Bu cür ümidsizliklərlə dolu olan ilk şeirlərində gənc şair sevgidən, ayrılıqdan, vəfasızlıqdan yazır. Gizli göz yaşları tökür, öz intim, lirik hissiyatına geniş meydan verir. O sanki özündən başqa heç bir şey görməyir, hər şeyi öz subyektiv arzu və hisslərini təmin etmək nöqteyi-nəzərilə görür və təsvir edir.
Məsələ orasındadır ki, Səməd Vurğun kənddən çıxıb böyük sosialist sənaye mərkəzi olan Bakıya gəldikdən sonra belə bu əhval-ruhiyyədən uzaqlaşa bilmir. Bakıda şairin dünyagörüşünün məhdudluğu tamamilə aydınlaşır. O, işçi sinfinin revolyusiya taktikasını anlamır və öz zərərli fikirlərini davam etdirir.

Bakıda gedən müvəffəqiyyətli sosializm quruluşunu, qaynar ictimai həyatı Səməd Vurğun başa düşə bilmir. O, bütün köhnəlikləri aradan qaldıran, yeni sosializm həyatı quran Bakını qəbul etmir, köhnə kəndi şəhərdən üstün tutmasıyla fəxr edir:

Mən üstün tutmadım ana kəndimizdən
Şəhərin ciyərlərimi gəzən
Bu ağ qurdunu:
Bu şəhər adlı, yarı insan
Yarı şarlatan yurdunu.


Səməd Vurğun şəhərdə ancaq pis cəhətlər görür, sənaye Bakısını, onun işçi sinfini görə bilmir. O, şəhər proletariatının qabaqcıl, rəhbər rolunu inkar edir. Şair şəhərdə meşşanlıq mühitinə düşdüyü üçün, şəhəri bir yaradıcı, qurucu və tərbiyəedici bir qüvvə kimi deyil, pozucu, boğucu bir yer kimi başa düşür. Şəhərdən tez qaçmaq, hələ patriarxal həyat qalıqlarını özündə saxlayan "ana kənd"ə qayıtmaq istəyir. "Ellər dünyası" adlı şeirində Səməd Vurğun bu fikirlərini aydınca ifadə etmişdir.

Burada hər tərəf yerdən göyədək,
Doğrudan yandırır, yaxır insanı,
Acı bir hissilə gülümsəyərək,
Deyirəm, gəzdiyim o yerlər hanı?
Gecələr ay gülməz, buludlar qara,
Boğulur varlığın hər bir addımda.
Mən çox dırmanmışam qarlı dağlara,
O ellər dünyası yaşar yadımda.


Səməd Vurğunun "Ana kənd", "Ellər dünyası", "Dilcan dərəsi" deyə tərif etdiyi alım yalnız gözəl təbiət, təmiz hava, gül-çiçək mənasında deyildir. Məsələ orasındadır ki, şair saf təbiət, dərələr, çaylar, yaşıl dağlar, qıy vuran şahinlər pərdəsi altında patriarxal kəndi idealizə edir.
"Ellər dünyası" kimi reaksion şeirini Səməd Vurğun 1935-ci ildə nəşr etdirdiyi şeirlər kitabçasına da daxil etmişdir, bu fakt bir daha göstərir ki, şair hələ uzun zaman bu fikirlərdən özünü təmizləyə bilməmişdir.

Burjua nasionalisti sanılı stilində yazdığı və Sanılıya ithaf etdiyi "Kür çayı" şeiri də bu cəhətdən xarakterdir. Səməd Vurğun bu şeirdə Kür çayının vəhşi gözəlliyini tərifləyir, yazda açılan köçəri yollarını həsrətlə xatırlayır və deyir ki: "Sənsiz qaldığım zamanlarda deyib-gülməmişəm".
1929-cu ildə Səməd Vurğun sosialist revolyusiyası mərkəzi Moskvaya oxumağa göndərilir. Moskva həyatı şairin dünyagörüşünə böyük təsir edir. İlk şeirlərindəki ideyaların reaksiyonluğunu anlamağa başlayır. Lakin onun yaradıcılığında hələ kəskin bir dönüş əmələ gəlmir. Moskvada oxuduğu illərdə o, köhnə fikirlərindən çətinliklə uzaqlaşa bilir. 1930-cu ildə yazdığı "Konsert axşamında" Səməd Vurğunun köhnə əhval-ruhiyyəsinin canlı residivlərini görürük. Moskvalı bir qız şairdən haralı olduğunu soruşduqda, onun dərdi təzələnir. "Çöl quşu". "Ana kəndini" coşaraq tərif və idealizə edir:

Köçəridir xalqımızın çox hissəsi əzəldən,
Günəş azca qızan kimi çəkilirdik bağlara,
Dağlar bizə mehribandır, sığınardıq dağlara,
Üç ay yayı keçinərdik göy yaylaqlar başında.
Yurd salardıq o yerlərin torpağında, daşında.
Şahinlərin qıy vurması, buludların axması,
Uzaq-yaxın üfüqlərdən şimşəklərin çaxması,
Ürəklərə nəşə səpər, könül səadət izlər,
O yerlərdə cana gələr sarı-solğun bənizlər.

Bütün bu ideologiya nöqsanlarına baxmayaraq, Moskva Səməd Vurğun yaradıcılığına müsbət təsir bağışlayır. Şair 1930-31-ci illərdə Moskva Dövlət Universitetində bir neçə il oxuduqdan sonra sosializm quruluşunun müvəffəqiyyətlərini dərk etmək, tematikasını aktuallaşdırmaq zərurətini başa düşür. İşçi mübarizəsindən geridə qalmamaq üçün sağlam ideya ilə silahlanmağı lazım bilir. O başa düşür ki, yeni həyatın sosializm quruluşunun iştirakçısı olmaq üçün köhnə və düşmən ideyalarla əlaqəni kəsmək, Lenin, Stalin dünyagörüşü ilə silahlanmaq lazımdır.

Bütün arzularım gülür yarına,
Xəyaldan ilhamlar almamaq üçün;
Baxıram Leninin kitablarına,
Dəstədən geridə qalmamaq üçün.

Sosializm ordusu qüvvələrindən geridə qaldığını hiss edən şair, hər şeydən əvvəl öz köhnə şeirləri ilə əlaqəsini kəsməyi lazım bilir. "Ölən şeirlərim" əsərində Səməd Vurğun qolçomaq əhval-ruhiyyəli, pessimist, reaksion şeirlərindən uzaqlaşdığına oxucularını inandırmaq istəyir. Şair "Mavi gözlü" gözəllərdən uzaqlaşdığını, pessimizmdən "Dilcan dərəsi" xəyalından əl çəkdiyini söyləyir. Səməd Vurğunun bu inandırmaları çox da səmimi deyildir. O, meşşan bogemaçılıq həyatından uzaqlaşıb, ictimai revolyusion həyatına qoşulsa da, mənfur keçmiş, patriarxal kənd onun xəyalından çıxmır. Bu reaksion ideyaların residivlərinə Səməd Vurğunun sonrakı şeirlərində də təsadüf edirik.

Səməd Vurğunun 1930-35-ci illərdə yazdığı şeirləri "Fanar", "Könül dəftəri", "Şeirlər" kitabçalarında toplanmışdır. İlk şeirlərinə nisbətən, bu dövrdə şeir xeyli irəliləyir. Onun kitabçalarında ictimai məzmunlu şeirlər daha böyük yer tutur. ("Raport", "Rot-front", "Mən də bir əsgər kimi" və s.)
İlk yaradıcılıq illərində şair, şəhərin proletariatın rəhbər rolunu inkar edir və patriarxal-feodal kəndi idealizə edir. Fərdiyyətçi kəndi sosialist şəhərinə qarşı qoyurdusa, indi o, yavaş-yavaş proletar şəhərinin üstünlüyünü, onun revolyusion dəyişdirici rolunu başa düşür. Bakı mədən işçilərinə müraciətlə yazdığı "Raport" şeirində şair köhnə xəstəliklərdən uzaqlaşdığını söyləyir və özünü milyonların şairi adlandırır. Səməd Vurğun nəhayət, proletariatın dəyişdirici, qurucu rolunu göstərir.

Qollarına qüvvət gəlsin
Və səninlə yüksəlsin.
Kirli, yamalıqlı kəndimiz
Üklü, alıqlı kəndimiz.

Səməd Vurğun kolxoz quruluşuna, neft və pambıq uğrundakı mübarizəyə, sinfi düşmənlərin ifşasına dair şeirlər yazır. ("Pambıqçılar", "Lökbatan", "Yoldaş Hinger-amxanaqo"). Şair bir sıra şeirlərində sosializm quruluşunun müvəffəqiyyətlərindən, gündən-günə artan, çiçəklənən xoşbəxt və şən sovet həyatından yazır ("Səadət nəğməsi" və s). Poemalarında geniş polotnolara keçərək keçmiş həyatı, əməkçi gənclərin istismarçılarla mübarizəsini təsvir etməyə başlayır. Bütün bunlar şairin ideya və sənətkarlıq cəhətindən irəliləməsini, artmasını göstərir. Səməd Vurğunun dili və ifadəsi sadədir. O, öz yaradıcılığında xalq ədəbiyyatından istifadə edir, dilini mümkün qədər sadə və xalq dilinə yaxın etməyə çalışır. Lakin o, geniş xalq fantaziyalarından, xalq yaradıcılığının zəngin xəzinəsindən, rəngbərəng dil və ifadə vasitələrindən bacarıqlı surətdə istifadə edə bilmir. Səməd Vurğunun xalq ədəbiyyatından, aşıqlardan istifadəsi bəzən bənzətmədən, təqliddən ibarət olur.

Onu da qeyd etmək lazımdır ki, Səməd Vurğun Azərbaycan xalq ədəbiyyatından istifadə etmək istədiyi halda, böyük rus və Qərbi Avropa yazıçılarının zəngin və yüksək mədəniyyətli ədəbi mirasından çox az istifadə edir.

Lakin bu yüksəlişə və irəliləməyə baxmayaraq, Səməd Vurğunun yaradıcılığında bir sıra mühüm ideya və bədii nöqsanlar vardır. Bu nöqsanların varlığı şairin hələ ideya cəhətdən tam mənası ilə möhkəmlənmədiyini, proletar dünyagörüşünü layiqincə mənimsəmədiyini aydın göstərir. O hələ bir sıra mühüm-siyasi məsələlərə bir uşaq sadəlövhlüyü ilə yanaşır, qaba, kobud səhvlər buraxır. "İngilis" şeirində "çox da öyünməsin xain ingilis, mənim aslan könlüm dəliqanlıdır" deməsi, "Məktub" adlı şeirində "yalandır həyatı nəşədə duymaq, yalandır həyata nəşədən uymaq" - deyə mübarizə illərində nəşə və sevincə qarşı çıxması şairin sosializm quruluşunun mürəkkəbliyini bolşevikcəsinə qavraya bilmədiyini göstərir.

Ən acınacaqlı hal Səməd Vurğunun son illərdəki şeirlərində belə keçmişə həsrət residivlərinin özünü göstərməsidir.

1934-ci ildə yazdığı "Həsrət", 1935-ci ildə yazdığı "Acı xatirələr", "Sevgi" və s. buna parlaq bir misaldır. "Acı xatirələr" şeirində Səməd Vurğun öz uşaqlığını və onunla əlaqədar olan keçmiş patriarxal, feodal kəndini bu sözlərlə arzulayır.

Yenə ixtiyarsız düşdü yadıma,
Ömrün unudulmaz, əziz günləri.
İçimdə bir bülbül ötür daima,
Bir də qayıtmadı o gündən bəri
Ömrün unudulmaz, əziz günləri.

Bu şeiri oxuyan hər kəs anlaya bilər ki, Səməd Vurğun Azərbaycan işçi və kəndlilərinin revolyusion əliylə bir daha qayıtmamaq üzrə tarixin arxivinə atılmış köhnə kəndin həsrətini çəkir, onun içində bir bül-bül deyil, bir bayquş ötür və "Əziz günləri" daim onun yadına salır. "Ellər dünyası"nın "Əziz günlərin", "Köçərilik həyatının" geriyə qayıtmayacağı hissi şairi bəzən ümidsizliyə salır. O, pessimistləşir, keçmişin həsrətini və pessimizm motivlərini demək olar ki, Səməd Vurğunun bütün şeirlərində hiss edirik. "Sevgi" şeirində şair öz intim hisslərini ifadə edərkən, sevgilisinin dililə deyir;

- Yazma, yazıxsan, daha yat,
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı
dur,
Bu əsr şairi vaxtsız unudur.

Biz Səməd Vurğunun burada öz sevgilisinə, sosializm ruhunda tərbiyələnmiş gənc Azərbaycan qadınlığına böhtan atdığını bir tərəfə qoyaraq, onun belə dərin pessimizmə düşməsinin səbəblərini aydınlaşdırmalıyıq.

Səməd Vurğun proletariatın sosializm uğrundakı qələbələrini görür, o proletariatın qabaqcıl şairi kimi bu qələbələri əks etdirməyə çalışır, lakin keçmişin həsrəti onun ətəyindən tutub geri dartır. Dünyanın vəfasızlığı, şahidsizliyi şairi pessimizmə salır. O yenə də keçmiş həyatı, "əziz günləri" yadına salmağa məcbur olur.

Son şeirlərindən birisi olan "Yadıma düşdü" şeiri başdan-başa patriarxal-feodal kəndin həsrətilə doludur.
Bu həsrətdir ki, şairi sosializm quruluşunun və onun insanlarının konkret təsvirindən uzaqlaşdırır. Səməd Vurğun çox az əsərində neft uğrunda mübarizə aparan konkret insanları, neft staxanovçularını, şəhərlərin artmasını, inkişafı təsvir etmişdir. İşçi sinfinin revolyusion hərəkatını. Bakı proletariatının şərəfli tarixini. Bakı kommunalarının qəhrəmanlığını da Səməd Vurğun layiqilə təsvir etməmişdir. Əlbəttə, biz burada şairə tema və sifariş vermək istəmirik. Biz bu faktları qeyd etməklə, şairin tematikasının məhdudluğunu qeyd etmək istəyirik. 

Səməd Vurğun köhnə patriarxal həyatı təsvir edərkən ruhlanır, coşur, yeni dünyanın yeni insanlarına gəldikdə isə onun səsi və rəngi zəifləşir. Bu söylədiklərimizə Səməd Vurğunun "Azərbaycan" poeması yaxşı bir misaldır. Bu poemadakı milli motivlər də yenə Azərbaycanın patriarxal həyatına qarşı dərin bir hüsni-rəğbətdən doğur. İşçi obrazlarını şair çox sönük və bəzən tamamilə təhrif edilmiş bir şəkildə verir ("Nəfəsləri benzin və kükürd qoxulu milyonlar").

Səməd Vurğun öz oxucularını dəfələrlə, artıq "keçmiş xəstə romantikadan" uzaqlaşdığına, "babasının aciz xülyalarını, o səfil gecələrin sərxoş röyalarını unutduğuna" inandırmağa çalışmışdır. Lakin şairin yaradıcılıq inkişafı bizə açıqca göstərir ki, Səməd Vurğun o sərxoş röyaları tamamilə unutmamışdır. Bunun səbəbi nədir? Daim səmimiyyətdən danışan Səməd Vurğun Lenin-Stalin dünyagörüşünü səmimi olaraq bir çox şeirlərində göstərə bilməmişdir. O, bəzən şeiri, sənəti sosializm quruluşunun praktiki işlərindən, siyasətdən, partiya tarixindən ayırmağa, şeiri mədəniyyətin hər sahəsindən üstün tutmağa və beləliklə də, özünü bütün biliklərə qarşı qoymağa çalışır. Səməd Vurğun poeziyanın intuitiv bir proses olmasına praktikada inanaraq şairə bilik, mədəniyyət çox da lazım olmadığını irəli sürür. Səməd Vurğun öz ibtidializm təsirsizliyi və "saflığı" ilə fəxr edir. 

İlhama, istedada arxalandığı üçündür ki, Səməd Vurğun çox lovğalanır, özünü Qafqazın tək şairi adlandırır, şair özünü dahi rus şairi Puşkinin tələbəsi kimi qələmə verir, öz Humayını böyük şairin Tatyanası ilə yan-yana qoyur. Bir çox şairlərdə belə özünüöymə zəifliyi olmuşdur, lakin bizim sovet eramızda bu zəifliyin çox dərin və sağalmaz nəticələri ola bilər. Şair lovğalandıqda, özündən bədgüman olduqda, özünü "əllameyi cahan" hesab etdikdə öz inkişaf yolunu kəsmiş olar, Don-Kixot vəziyyətinə düşər. Buna görədir ki, bu xəstəlikdən yazıçılarımızı mümkün qədər qorumalıyıq. Halbuki bizdə bu vaxta qədər ədəbiyyat təşkilatlarına soxulmuş sinfi düşmənlərin sayəsində nəinki lovğalıq və tərifləmə ilə mübarizə aparılmamış, bəlkə əksinə olaraq şairlərin daha da lovğalanmasına şərait və imkan yaradılmışdır. Bunu "Pravda" qəzeti çox fərqli olaraq göstərmişdir.

Xalq düşmənləri tərəfindən Səməd Vurğunun Azərbaycanın Puşkini adlandırılması, onun Şiller, Beranze ilə müqayisə edilməsi şairə ziyan vurmuşdur. Bu axmaq, ikiüzlü, dərrakəsi tərifləmələr Səməd Vurğunun öz üzərində çalışması, artması, möhkəmlənməsi zərurətini inkar etməklə, onun öz "böyüklüyünə" qane olmasına səbəb olmuşlar.

Səməd Vurğunda poetik istedad vardır, bu şübhəsizdir; o da şübhəsizdir ki, inkişaf etməyən, bizim sovet epoxamızın qabaqcıl ideyaları səviyyəsində möhkəm dura bilməyən istedad, mənasız və boş bir şeydir. Səməd Vurğunda inkişaf etmək üçün hər bir imkan vardır.
Partiya və sovet quruluşuna ədəbiyyatda böyük diqqət yetirdikləri kimi, Səməd Vurğun yaradıcılığında da doğru yolla inkişaf etməsi üçün yaxşı şərait yaratmışdır. Səməd Vurğunun bəzi əsərləri rus dilinə tərcümə edilib kitabça halında Tiflisdə, bir sıra şeirləri yenə ruscaya tərcümə edilib mərkəzi qəzet və jurnallarda çap olunmuşdur. 1936-cı ildə Səməd Vurğun Sovet hökuməti tərəfindən Lenin ordeni ilə mükafatlandırılmışdır.

Səməd, A. S. Y. İ. ümumiclasının qərarına əsasən, yaradıcılığındakı ideologiya və bədii nöqsanları aradan qaldırmaqla, burjua nasionalistlərinə qarşı ifşaedici şeirlər yazmaqla partiya və hökumətin ona olan etibarını doğrultmalıdır.

M.Arif

"Ədəbiyyat və incəsənət" qəzeti

20 sentyabr 1937-ci il.