Şərait yaradılır, dərdinizi deyin!

Müəllimlər məktəbdəki neqativ hallardan danışan deyil
Yaxşı olar ki, səyyar qəbullarda valideynlər aktiv olsunlar




Nazir və komitə sədrlərinin bölgələrdə səyyar qəbullar keçirməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsini də "yerindən tərpətdi”. BŞTİ də Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunu keçirməyə başlayır. Modern.az saytının bu barədə məlumatında bildirilir ki, səyyar qəbullar ayrı-ayrı məktəblərdə keçiriləcək.

Qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır. Səyyar qəbullarda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

2015-2016-cı tədris ilinin ilk səyyar qəbulu oktyabrın 16-da 156 saylı tam orta məktəbdə keçiriləcək. Səyyar qəbula Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə məktəblərin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilər.

Qeyd edək ki, BŞTİ-nin səyyar qəbullara başlaması təhsil ekspertləri tərəfindən müsbət qiymətləndirilir.

Təhsil eksperti Nabatəli Qulamoğlu da səyyar qəbulların keçirilməsini orta məktəblərdə mövcud olan mənfi halların üzə çıxarılması baxımından əhəmiyyətli sayır:

- Mən təhsil nazirinin hər hansı bir addımını müsbət qiymətləndirəndə, bəzən yanlış anlaşılıram. Elə bilirlər, burada nəsə bir gözləntim, məqsədim var, nəsə umuram. Amma qətiyyən belə deyil. Mən öz xahişimlə təhsil strukturundan uzaqlaşmışam və nazirlikdən heç bir istəyim, umacağım da yoxdur. Sadəcə, pedaqoq kimi düşünürəm ki, yaxşı, müsbət işləri dəyərləndirmək lazımdı. Bir misal deyim; mən xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı 6 ay tənqidi fikirlərlə çıxış etmişəm. Sonunda qalib gəldim. Yazdıqlarım, irad və təkliflərim nəhayət nazirə çatdı, o da diplomların elektron qaydada təsdiqi ilə bağlı qərar qəbul etdi. İndi hər kəs diplomunun surəti, lazım olan digər sənədləri nazirliyin saytında yerləşdirir, uyğun gələnlər də qəbul olunur və təsdiqlənir. Daha bu iş möhtəkirlərin əsarətindən xilas olub. Və yaxud, birinci sinfə qəbulu götürək. Bunu elektron qaydada etməklə, Mikayıl Cabbarov ibtidai siniflərə qəbulda insan amilini sıfıra endirməyi qarşıya məqsəd qoyub. Bunun nəyi pisdir?! Bütün bu tədbirlər onu göstərir ki, nazir təhsilə yeniliklər gətirmək istəyir. Doğrudur, bəzi məsələlər var ki, nazirin hələ onlara tam gücü çatmır. Məsələn, məktəb direktorlarının cəzalandırılması. Çünki məktəb direktorları "arxalıdır”. Hansısa birini səhv hərəkətinə, nöqsanına görə cəzalandırmaq istədikdə, himayədarı buna imkan vermir. Amma nazirin yaxşı işlərini də demək lazımdı. Səyyar qəbulların keçirilməsinə başlanması da belə müsbət işlərdən biridir. Bu qəbulların məktəblərdəki bəzi neqativ məsələləri üzə çıxarmaq baxımından böyük əhəmiyyəti ola bilər. Bir şərtlə ki, valideynlər qəbullarda aktiv iştirak etsinlər. Çünki orta məktəblərdə olub-bitənlərə valideynlər qədər bələd olan, valideynlər qədər bilən yoxdur. Müəllimlər məktəbdəki neqativ hallardan danışan deyil, müəllimlər dərs yükündən, işə qəbuldan, pedaqoji sahədəki problemlərdən, tədrisdəki çatışmazlıqlardan danışacaqlar. Ancaq valideynlər məktəblə bağlı başqalarının demədiyini deyə bilər. Bunun üçün də valideynlərin çəkinməməsi, qəbullara gedib, aktiv olmaları lazımdır. Belə bir fikir tamamilə səhvdir ki, desək, nə dəyişəcək ki?! Biri deyər, ikisi deyər, dəyişməz, üçü, dördü deyəndə, artıq diqqət yetirmək zərurətə çevrilər. Mən bu qəbullarda valideynlərin aktiv iştirakını vacib, zəruri sayıram.

Məlahət Rzayeva