O, Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək
Mənbə deyir ki, danışıqların məxfi saxlanılmasına səbəb torpaqların Azərbaycana qaytarılması üçün zəminin yaradılmasıdır
Ermənistan prezidenti Serj Sərkisyanın "dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağa səfəri erməni ictimaiyyətini ən çox düşündürən sualdır. Publika.az xəbər verir ki, Ermənistanda əksəriyyət Sərkisyanın torpaqların qaytarılmasını müzakirə etmək və Qarabağdakı komandanlığa geri çəkilmək təlimatını vermək üçün Xankəndinə getdiyi düşünür.
Erməni müəllif Yeqizar Ayntabçi diplomatik mənbələrə istinadən yazır ki, Dağlıq Qarabağla bağlı məxfi plan var və aparılan müzakirələr, onların detalları gizli saxlanılır: "Rusiyanın yeni Qarabağ planı tamamilə məxfi saxlanılır. Lakin İrəvanda söhbətləşdiyim dipliomat adının açıqlanmaması şərti ilə bir məqama toxundu. Bu erməni xalqı üçün dəhşətlidir, amma bir o qədər də həqiqətə bənzəyir. Mənbə deyir ki, danışıqların məxfi saxlanılmasına səbəb torpaqların Azərbaycana qaytarılması üçün zəminin yaradılmasıdır. Sarkisyan hakimiyyəti ən son məqamda detalları açıqlayacaq. Hansı ki, həmin vaxt çox gec olacaq”.
Müəllif qeyd edir ki, hazırda Sərkisyan hakimiyyəti erməni icyimaiyyətini "təslimçi sülhə” hazırlamaq istiqamətində hərəkətə keçib: "Hakimiyyətin təbliğat maşını prosesə strat verib. Mənimlə danışan diplomat Sərkisyanın son məqamda "təslimçi sülhü” Dağlıq Qarabağın (qondarma "DQR” rejimi nəzərdə tutulur - red) üzərinə yıxmaq istəyir. O, Qarabağa bu məqsədlə getmişdi”.
Müəllif Sərkisyan hakimiyyətinin Rusiyanın Ermənistanı satmasına qarşı çıxa bilmədiyini qeyd edib.
Ermənistan Prezidenti Serj Sərkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək. virtualaz.org bildirir ki, bu barədə Ermənistanın "Joxovurd” qəzeti yazıb. Qəzetin yazdığına görə, Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında gizli və sürətli proseslər gedir. "Ermənistan və Azərbaycan mətbuatında Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllini birbaşa öz nəzarətinə götürməsi haqda məlumatlar yayılır. Gözlənildiyinə görə, yaxın günlərdə fəal danışıqlar başlanacaq. Bəzi məlumatlara əsasən, Serj Sərkisyan Dağlıq Qarabağa da məhz buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Sərkisyanın bununla bağlı xalqa müraciət edəcəyi gözlənlir”, - qəzet belə yazır.
Erməni ekspertlərinin fikrincə, Sərkisyan bu müraciətdə münaqişənin həlli variantlarını və ərazilərin qaytarılması məsələsindən danışacaq. Belə ki, o, münaqişənin həlli ilə bağlı güzəştə getmək üçün xalqı inandırmağa məcburdur.